Ermənistana ünvanlanan CİDDİ MESAJLAR – TƏHLİL

Ermənistana ünvanlanan CİDDİ MESAJLAR – TƏHLİL

Qərb yönümlü olması ilə Ermənistan Rusiya tərəfini xeyli vaxtdır ki, qıcıqlandırmaqdadır. Bu vaxta qədər Ermənistan dövlətinin mövcuduğuna görə ruslara borcu olan ermənilərin, xüsusən də Paşinyan hakimiyyətində təmsil olunanların Rusiya əleyhinə mövqe sərgiləmələrini rəsmi Moskvanın qəbul edəcəyini təsəvvür belə etmək mümkün deyil. Rusiya rəsmilərinin artıq ciddi reaksiya vermələrindən görünür ki, ermənilərin nankorluqlarının çoxdandır fərqindədirlər və verilən bəyanatlardan, ünvanlanan mesajlardan da bəlli olur ki, Ermənistanın qərbyönümlü mövqeyi Kreml üçün qətiyyən qəbul edilə bilməz.

XİN rəsmisi Mariya Zaxarovanın dəfələrlə rəsmi İrəvana ünvanladığı mesajlardan da bəlli olur ki, Ermənistan Moskvanın birbaşa nəzarəti altındadır və ermənilərin istədikləri kimi addım atmasına imkan verilməyəcək. Eləcə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun özünün də bəyanatları deyilənləri təsdiq edir və bəlli olur ki, Ermənistanın Qərbə meyilli olması, Rusiyaya qarşı nümayişkəranə şəkildə mövqe sərgiləməsi rəsmi Möskvanın səbr kəsasını doldurub. Məhz elə buna görə də 2023-cü ilin yekunları üzrə TASS Agentliyinə eksklüziv müsahibəsində Lavrov Rusiyanın Cənubi Qafqazdakı siyasətinin prioritet məsələlərini vurğulayaraq, Ermənistana qarşı bir neçə məqsədyönlü bəyanatlar səsləndirib. Rusiya XİN rəhbəri xüsusən də Gümrüdə 102-ci Rusiya hərbi bazasının mövcudluğunun, fəaliyyətinin davam etdirilməsi ilə bağlı məsələ ilə əlaqədar da İrəvana xüsusi mesajlar göndərib.

Bilirik ki, Rusiyaya məxsus 102-ci hərbi baza və həmin bazanın Ermənistandan çıxarılması ilə əlaqədar erməni cəmiyyətində çoxdandır müzakirələr gedir. Bir çox erməni siyasətçiləri həmin baza ilə bağlı qəti mövqe bildirirlər və onun Ermənistanda qalmasını doğru hesab etmədiklərini açıq şəkildə ifadə edirlər. Onu da bilirik ki, elə Rusiya ekspertlərinin də ən çox müzakirə etdiyi mövzulardan biri məhz 102-ci baza, ermənilərin həmin bazanı öz ölkələrində görmək istəməmələri ilə əlaqədardır. Bu isə o deməkdir ki, Moskva Ermənistanda gedən prosesləri diqqətlə izləyir və çox güman ki, özünün artıq fəaliyyət planı da var. Ukrayna cəbhəsindəki müharibə ilə əlaqədar olaraq, hələlik Rusiya görünür, haylara “baş qoşmağa” vaxt tapmır. Elə məhz buna görə də Moskva İrəvana qarşı hələ də səbir nümayiş etdirir. Amma bu səbrin sonsuza qədər davam etməyəcəyini ermənilər özləri hamıdan yaxşı bilirlər. Bilirlər ki, Kremlin səbrinin də bir həddi var və heç bir halda ermənilərin ağıllarına gələni edəcəklərinə ruslar göz yummayacaqlar. Ələlxüsus da 102-ci bazanın Ermənistanı tərk etməsi ilə əlaqədar hansısa qərarın verilməsi üçün ermənilərə imkan da, şans da verilməyəcək. Məhz Rusiya Xarici İşlər Nazirliyinin və bir çox siyasətçilərin dövri mesajları dolayısı ilə bunu sübut edir. Elə Sergey Lavrovun da dedikləri, səsləndirdiyi bəyanatlar məhz bu kontekstdə birbaşa Ermənistana ünvanlanan ciddi mesaj hesab olunur.

Rusiya xarici işlər naziri Lavrov Rusiyanın Ermənistanda hərbi bazasının olmasının məqsədəuyğunluğu ilə bağlı fikirlərini açıq şəkildə ifadə edib və bu heç də təsadüfi hesab olunmur. İndi rusiyalı politoloqlar belə hesab edirlər ki, Lavrov öz bəyanatı ilə həmin məsələnin, yəni 102-ci baza ilə əlaqədar məsələnin Rusiya-Ermənistan münasibətlərinin gündəmindən çıxarmaq niyyətini birbaşa ifadə edib. Yəni, qəti və kəskin şəkildə bu barədə fikirlər bildirməklə, bəyanat verməklə, həm İrəvana, həm də Ermənistanın Qərb müttəfiqlərinə də eyni zamanda sərt mesaj göndərməyə çalışıb. Daha dəqiq desək, nəinki Ermənistana, heç həmin ölkəyə dəstək verən, sözügedən baza ilə bağlı erməniləri istiqamətləndirən Qərbə də bunun üçün imkan verilməyəcəyi, hayların buna ümid belə etmələrinin mənasız olması Lavrovun göndərdiyi mesajda öz əksini tapır. “Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yaradılmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri belə zərərli hesab edirik. Onun orada yerləşdirilməsinə dair saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədinə əsaslanaraq bağlanıb”, deyən Rusiya XİN rəhbəri Ermənistanda Rusiya hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələrin belə zərərli olduğuna işarə edib.

Hadisələrin gedişatı onsuz da fikir bildirmək üçün əsas veridir, amma Lavrovun bəyanatlarından, daha doğrusu mesajından sonra tam aydın oldu ki, Rusiya öz hərbi kontingentinin Ermənistandan çıxarılmasını heç vaxt düşünməyib, heç indi də düşünmür və bu məsələdə qərarı kifayət qədər qətidir. Diqqətə çatdıraq ki, Sergey Lavrov erməniləri məhz Qərbin təhrik etdiyinə də diqqəti cəlb edib. “ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmırlar, onların vəzifəsi tamam başqadır və məqsədləri Moskvanı, eləcə də digər regional gücləri sıxışdırıb sıxışdırmaqdır. Niyyət də, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra növbəti gərginlik yaratmaqdır”, deyən rusiyalı nazir, Qərbin əsas məqsədini növbəti dəfə bir də təkrarən açıqlayıb. O, bildirib ki, Qərbin məqsədi Ermənistanda sabitliyi təmin etmək yox, Rusiyanı regiondan, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Onsuz da ermənilər Lavrovun bu barədə bir neçə dəfə dediklərini eşidiblər və bilirlər ki, Rusiya tərəfi Qərbin də, Ermənistanın da oyunlarının səbəbini də, məqsədini də yaxşı başa düşür. Onu da bilirlər ki, Rusiya XİN rəhbərinin bu dəfə dedikləri sıradan bir bəyanat yox, ciddi mesajlardır və başa düşürlər ki, bu mesajlardan nəticə çıxarmayacaqları təqdirdə Moskvanı əməlli-başlı “qəzəbləndirə” bilərlər, hansıki bu da haylara çox baha başa gələ bilər. Elə erməni baş nazir Nikol Paşinyan üçün də, onun hakimiyyət komandası üçün də nə kimi arzuolunmaz nəticələrə səbəb ola biləcəyini özləri hamıdan yaxşı bilirlər, çünki Ermənistanla bağlı Kremlin əlində hansı rıçaqların olduğu ən çox onların özlərinə bəllidir.

Rusiya XİN rəhbəri Ermənistan üçün çıxış yolunu da göstərib. Daha dəqiq desək, Sergey Lavrov bildirib ki, Ermənistan üçün çətin vəziyyətdən yeganə çıxış yolu var, o da İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirməkdir. Əslində, tövsiyyə kimi görünən bu fikirlər tamam başqa məqamlardan xəbər verir və XİN rəhbərinin dedikləri onu göstərir ki, Rusiya Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri Ermənistanın yerinə yetirməsində israr etməkdə davam edir və bu dediklərini mesaj olaraq konkret İrəvana ünvanlayır. Daha dəqiq desək, Paşinyan hakimiyyətinə mesaj verilir ki, Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər və Rusiya bu məsələni birbaşa olaraq diqqətdə saxlamaqdadır. Yəni, birbaşa olaraq çatdırılır ki, başqa istiqamətdə yolları yoxdur və bunu da bir mesaj olaraq qəbul etsinlər.

Rusiyalı nazirin ilk baxışdan daha bir tövsiyyəyə bənzər mesajı da diqqətdən yayına bilməz. O, Ermənistan və NATO arasında dialoqun dərinləşdirilməsinin həmin ölkənin suverenliyinin itirilməsinə gətirib çıxardığın da söyləyib. Lavrov qeyd edib ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirməkdir. XİN rəhbri xüsusilə vurğulayıb ki, həmin qurum regionda parçalanmalarda maraqlıdır. Onun sözlərinə görə, parçalayaraq hökm sürmək, müxtəlif manipulyasiyalar etmək niyyəti göz önündədir. Lavrov qeyd edib ki, NATO heç də Ermənistanın maraqları barədə düşünmür və öz siyasi məqsədləri üçün Cənubi Qafqaz kimi strateji bir regionundakı proseslərdə iştirak etmək niyyətindədir. Biz sözlə, hansısa qüvvələrin, ələlxüsus Rusiya əleyhinə olanların regiona soxulması niyyətinin pərdəarxası məqamları barədə Ermənistana daha bir xəbərdarlıq edilir və rəsmi Moskvanın bu məsələyə həssaslıqla yanaşdığı ilə bağlı da ermənilərə ciddi mesaj verilir.

Əslində, Rusiyalı nazirin xəbərdarlıqları, eləcə də verdiyi sərt mesajlar tamamilə yerinə düşür. Onun dedikləri tam məntiqidir və müşahidələr də təsdiq edir ki, Fransa və ABŞ-la bağlı Ermənistanın xəyalları heç də reallıqla üst-üstə düşən deyil. Sirr deyil ki, Ukraynadan tutmuş Yaxın Şərqə qədər Qərbin bütün dünyada kifayət qədər həll olunmamış problemləri var. Həmin problemlərin həllindən də artıq boyun qaçırmaqdadır və münaqişələri qızışdıran, bir zamanlar ölkələrə xüsusi vədlər verən Qərb artıq heç bir problemin arxasında dayanmaq niyyətində görünmür. Bunu məhz Ukraynanın timsalında görməkdəyik və bilirik ki, artıq ukraynalılara məsələnin özləri tərəfindən həll edilməsi tövsiyyə edilir. Halbuki, Qərbin təhriki ilə, qızışdırması ilə, vədləri ilə münaqişəyə başlayan Ukrayna şəhərləri darmadağın edilib, iqtisadi, hərbi və digər istiqamətlərdə itgilərlə qarşılaşıb. İndi həmin itgiləri kim ödəyəcək? Artıq ukraynalılar özləri bunun öhdəsindən gəlməli olduğu bildirilirsə, deməli, Qərb Ermənistanın problemlərinin həllinə qətiyyən qarışmayacaq. Ermənistanın da Qərbə üz tutacağı, Rusiyadan üz çevirəcəyi, ruslara qarşı xəyanət edəcəyi təqdirdə, erməniləri nələrin gözlədiyi və Moskvanın hansı təsir mexanizmlərindən, hansı rıçaqlardan istifadə edə biləcəyi bəllidir. Məhz Segey Lavrov da bununla bağlı Ermənistan tərəfinə çox ustalıqla sərt mesajlar verir.

Bəli, Rusiya Ermənistanın bir çox qeyri-dost addımlarına hələ də dözür. Aydın məsələdir ki, Ermənistan Rusiyadan uzaqlaşarsa, onun yerini Qərbin tutacağı təkzib edilə bilməz və bununla Kremlin razılaşacağına heç haylar özləri də inana bilmirlər. Amma onu yaxşı bilirlər ki, Qərbin yardımlarına, iyanələrinə arxalanmaq, istər-istəməz suverenliyin itirilməsinə, eləcə də bu arxayınlığa görə heç bir iqtisadi irəliləyiş etməyəcəyi səbəbindən xalqın yoxsullaşmasına, yaxın gələcəkdə də dövlətçiliyin itirilməsinə gətirib çıxara bilər. Bu gün rəsmi İrəvan gah Qərbə, gah da Rusiyaya tərəf yön almaqla, sanki Ermənistanı hərraca çıxarıb və az qala açıq şəkildə bildirir ki, hansı tərəf daha çox yardım edərsə, hansı tərəf daha çox iyanələr edərsə, daha çox dəstək verərsə həmin tərəfə də ermənilər meyl edəcəklər və ölkərini də həmin tərəfin ixtiyarına verəcəklər. Məhz bu məqamda Rusiyanın XİN rəhbəri öz bəyanatı, öz fikirləri ilə diqqətə çatdırır ki, Qərb Ermənistana ancaq söz verir və ancaq verdiyi söz müqabilində İrəvanı ələ aldığı mesajını çatdırır. Sergey Lavrov həmçinin Rusiya hərbi bazasının belə sözlərə, vədlərə inanan ermənilər tərəfindən Ermənistan ərazisindən çıxarılması barədə nəinki qərarlar, heç fikirlərlə də razılaşmayacağı mesajını ötürür. Rusiya diplomatının bununla da Ermənistan rəhbərliyinin iki kresloda otura bilməyəcəyi, bunun ermənilər üçün fəlakət demək olduğu barədə ciddi və sərt mesajlar verdiyi dərhal bəlli olur və həqiqətən də bu mesajların fonunda görürük ki, rəsmi İrəvan doğru, düzgün siyasi xətt seçməyəcəyi təqdirdə birbaşa Moskvanın hədəfində olacaq. Bu isə, hər zaman ruslardan asılı vəziyyətdə olan ermənilər üçün də, Ermənistan üçün də çox böyük bəla deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə