Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan milləti və dövlətçiliyi üçün gördüyü nəhəng işlər qədirbilən xalqımız tərəfindən hər zaman çox yüksək səviyyədə dəyərləndirilir. Qarşısına çıxan bütün çətinliklərə cəsarətlə sinə gərən Ulu Öndər həm Azərbaycan sovetlər birliyinin tərkibində olan zaman, həm də 1991-ci il 18 oktyabrında müstəqillik əldə edildikdən sonra Vətənimiz və xalqımız naminə tariximizə qızıl hərflərlə yazılmış nəhəng işlər gördü. Tarixin bəzi dönəmlərində Ümummilli Liderimizə qarşı olan təzyiqlər və hətta təhdidlər belə Ulu Öndərimizi öz doğma xalqından uzaqlaşdıra bilmədi.1969-cu ildən 1982-ci ilə qədər olan dövrdə sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət edildi. Moskvada işlədiyi beş il ərzində də Ulu Öndər Heydər Əliyevin diqqəti və qayğısı daim öz doğma xalqının üzərində oldu. Təsadüfi deyildir ki, Ümummilli Liderimiz Moskvada işlədiyi müddətdə erməni separatçıları Azərbaycana qarşı hər hansı çirkin addımlar atmaqdan birmənalı şəkildə çəkinirdilər. Sovet rəhbərliyində tutduğu yüksək dövlət vəzifəsindən istefa verdikdən sonra Ulu Öndər yenidən doğma Vətəninə - Azərbaycana qayıtdı.

Hər hansı siyasi liderə lazım ola biləcək bütün vacib xüsusiyyətlər və keyfiyyətlər Ulu Öndər Heydər Əliyevin şəxsində cəmləşmişdi. Ümummilli Liderimizin yüksək natiqlik məharəti qarşıya qoyulmuş məsələlərin həlli ilə bağlı lazım olan resursları qısa zamanda səfərbər etməyə imkan verirdi. Zəngin təcrübəsi, yüksək idarəçilik və çətin anlarda məsuliyyəti öz üzərinə götürmək bacarıqları, incə yumor hissinə malik olması Ulu Öndərin liderlik bacarıqlarını daha da dolğunlaşdırırdı.

Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti sayəsində Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ermənilərin və onların havadarlarının ölkəmizin ətrafında qurduqları informasiya blokadası yarılmış oldu. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizin siyasi-hüquqi təməli məhz Ulu Öndərin ardıcıl və məqsədyönlü fəaliyyəti sayəsində formalaşdırıldı.

Hələ Azərbaycana birinci rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyev bir sıra ziyalıların Azərbaycan dilində çıxış etməyə çəkindiyi bir vaxtda özünün bir çox çıxışlarını doğma dilində etmişdı. Bu Ulu Öndərin öz millətinə və onun dilinə nə qədər bağlı bir siyasi lider olmasının göstəricisi idi. Məhs Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dövlət dili statusu aldı. Senzuranın ləğv edilməsi ilə bağlı qərarın verilməsi Ulu Öndər Heydər Əliyevin ölkəmizdə demokratik ənənələrin daha da dərinləşməsinə xidmət edən tarixi təşəbbüsü idi.

Ümummilli Lider Heydər Əliyevin dövlət siyasətində ordu quruculuğu müstəsna yer tuturdu. Məhz Ulu Öndərin apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər. Bütün bunların nəticəsidir ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə