"Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər"

Gürcüstan ilə Rusiya arasındakı yeganə quru yol olan “Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasından ən çox Ermənistan əziyyət çəkir. Bu gün sərhəd-keçid məntəqəsində ermənilərə məxsus minlərlə avtomobil dayanır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, bu gün bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan rəhbərliyi anlamlıdır ki, düşdükləri bu vəziyyətdən onları yalnız Azərbaycan xilas edə bilər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri gürcü hərbi-siyasi ekspert Vaxtanq Maisaya söyləyib.

Onun sözlərinə görə, vəziyyətdən çıxmaq üçün Ermənistan tərəfi mütləq şəkildə sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət Ermənistanın sonunu gətirəcək.

Siyasətçi deyib: “Sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq. Müqavilə imzalandıqdan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artacaq, həm də təhlükəsizliyi təmin olunacaq”.

“Bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq. Çünki rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onları xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”, – deyə Maisaya vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə