"SPECA Azərbaycanın potensialının dünyada tanıdılmasında böyük rol oynadı" - ŞƏRH EDİLDİ

"BMT-nin SPECA proqramının Mərkəzi Asiya ölkələri üçün hazırlanmasına baxmayaraq, Azərbaycanın orada iştirakı vacib hesab edildi. İlk növbədə, Azərbaycan həmin regiona yaxın yerləşir və həmin ölkələrlə çox sıx əlaqəsi var. İkincisi Azərbaycan öz iqtisadiyyatının yenidən qurulmasında nəzərə çarpan uğurlar əldə edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, ötən əsrin 90-cı illərində büdcə daxilomaları əsasən neft hesabına olurdusa, hazırda büdcənin 52 faizi qeyri-neft sektoru hesabına dolur və bu rəqəm artmaqda davam edir: "Digər tərəfdən Azərbaycan yeni texnologiyaların tətbiqində və Azərbaycan ərazisinin Avropaya gedən yolda logistik mərkəz kimi formalaşmasında mühüm işlər görür. Bu baxımdan BMT SPECA proqramında Azərbaycanın iştirakını vacib sayır.

Azərbaycan böyük məmnuniyyətlə SPECA proqramının yubiley sessiyasına ev sahibliyi etdi və bir il müddətinə proqrama rəhbərlik Azərbaycana verildi. Şübhə yoxdur ki, bu Azərbaycanın dünya birliyində daha yaxşı tanınmasına səbəb olacaq. Eyni zamanda Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının Azərbaycanla əlaqələndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsində yeni imkanlar açılacaq.

Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya ölkələrinin dördü türk dövlətləridir və Azərbaycan Türk dünyasının bir hissəsi kimi həm türk dövlətlərinin inkişafında maraqlıdır, həm də onların inkişafına öz töhfəsini verəcək. SPECA-nın 25-ci ildönümü ilə bağlı sammit Azərbaycanın potensialının dünyada tanıdılmasında böyük rol oynadı".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə