"Qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, İslam birliyinin gücləndirilməsi olduqca vacibdir." Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına
Müraciətində bildirib. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirən dövlət başçımız Təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin tərəfdarı olduğunun qeyd edib:"2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi etmişdir. Bugünkü konfrans da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsi baxımından böyük önəm daşıyır".
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Xatırladaq ki, həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri Azərbaycan İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmışdır.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir.
"BEYNƏLXALQ HÜQUQUN VƏ ƏDALƏTİN TƏNTƏNƏSİNİ ÖZÜMÜZ TƏMİN ETDİK"
Azərbaycan "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür. 2017-ci ildə ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli sərəncamları ilə İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri üçün öz təhsillərini Azərbaycanın aparıcı ali təhsil müəssisələrində davam etdirməyə təqaüd ayrılmışdır.
Əlbəttə ki, müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açılıb. Hazırda Azərbaycan təşkilatının fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində iştirak edir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Təşkilatın səylərini davamlı olaraq dəstəkləyir" – deyə müracətdə qeyd edən Cənab Prezident 2023-cü ilin Azərbaycan üçün xüsusilə əlamətdar il olduğunu bildirib: "Otuz il ərzində ərazilərimizdə mövcud olan "boz" zonanı aradan qaldıraraq və separatizmə son qoyaraq ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etdik, bununla da beynəlxalq hüququn və ədalətin təntənəsini özümüz təmin etdik".
Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdi. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilmişdi. Bu məsələ hər zaman təşkilat tərəfindən istər qətnamələrdə, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnamələrində yer alıb. İƏT Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalıb. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması və bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə etmişdir. Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirmişdi. Bu haqda İƏT-in yaydığı bəyanatda, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutu olduğu göstərilirdi. İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Xarici işlər nazirləri Şurasının 46-cı iclasında İƏT "İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-S saylı Qərar qəbul etmişdir. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilmişdi. Müraciətdə qeyd olunduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı otuz il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləmiş, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl şəkildə dəstəkləmişdir: "Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, mədəni və dini abidələrimiz məhv edilmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətləndirmələrə görə bir milyona yaxın mina basdırmış, burada urbisid, kultursid və ekosid törətmişdir. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə-yeksan edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir etmişlər. İslam Əməkdaşlıq Təşkilatı əvvəllər işğal altında olmuş ərazilərimizdə İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləmiş, məscidlərin təhqir olunmasını şiddətlə qınamışdır. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə və Təşkilatın Baş Katibliyinə bir daha təşəkkürümüzü bildiririk".
ERMƏNİLƏR MƏSCİDLƏRİMİZİ YERLƏ-YEKSAN EDƏRƏK YALNIZ BİZİM DEYİL, BÜTÜN DÜNYA MÜSƏLMANLARININ HİSSLƏRİNİ TƏHQİR ETMİŞLƏR
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparıldığını vurğulayan dövlət başçımız infrastruktur layihələri həyata keçirildiyni bildirib. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına – Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi planlaşdırılıb. Cənab Prezident
müraciətində on il əvvəl də Bakıda İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin konfransının keçirilməəsinin əlamətdar hal olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Burada qəbul edilən "Çərçivə sənədi"nə əsasən əmək, miqrasiya və sosial müdafiə sahələrində təcrübə mübadiləsinə dair gələcək prioritetlər müəyyən olunmuşdur. Konfrans çərçivəsində, mənzil-qərargahı Bakıda olmaqla İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsü tərəfimdən irəli sürülmüşdü və bu təşəbbüsü üzv ölkələr yekdilliklə dəstəkləmişlər. Ötən dövrdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Mərkəzin üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacağına əminəm".
İŞSİZLİK VƏ YOXSULLUĞUN SƏVİYYƏSİ AZALARAQ 5,5%-Ə DÜŞÜB
Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görüldüyünü bildirən Cənab Prezident dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindən biri olduğunu müraciətində diqqətə çəkib. "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilən "DOST" mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb. Müracəiətdə vurğulandığı kimi, ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmış, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşmüş, sosial ödənişlərdə dəfələrlə artımlar edilmişdir: "Təkcə son dörd ildə qəbul edilmiş 4 sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunmuş, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə 2 dəfə artmışdır".
Müraciətdə o da diqqətə çatdırılıb ki, qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, İslam birliyinin gücləndirilməsi olduqca vacibdir.
Əlbəttə ki, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı üzv ölkələrin əməkdaşlığının genişləndirilməsində mühüi rol oynayacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB