“ATƏT Azərbaycanda ən çox fəaliyyətindən narazı qalınan təşkilatdır” - POLİTOLOQ FİKİR BİLDİRDİ
“Azərbaycanın ATƏT-lə əlaqələrinin əsası 1992-ci ilin 30 yanvarında qoyulub. Həmin gündən etibarən Azərbaycan ATƏT-in üzvüdür və onu da deyim ki, bu təşkilat Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatıdır. Biz dövlət olaraq ilk dəfə 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən Zirvə Toplantısında iştirak etmiş və müvafiq sənədlər imzalamışıq. Bu sənədlər içərisində əsas sənəd 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktıdır. Məlumat üçün deyim ki, Helsinki Yekun Aktı ATƏT məkanında dövlətlərarası münasibətlərin prinsipial çərçivəsini müəyyən edir və özündə “İştirakçı dövlətlər arasında münasibətlərin rəhbəredici Prinsiplərini” ehtiva edir. Həmin dövrdən etibarən biz ATƏT-in müxtəlif qurumları ilə əməkdaşlıq edirik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə 1998-ci ildən başlayaraq demokratikləşdirmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirilib: “Eyni şəkildə ATƏT-in Media azadlığı qurumu ilə 1997-ci ildən etibarən sıx əməkdaşlıq mövcuddur. Bu təsisat ilə əməkdaşlığın nümunəsi kimi azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti əməkdaşları üçün keçirilən treninqlər, xüsusilə Azərbaycanın kütləvi informasiya vasitələrinə aid qanunvericiliyinin təkmilləşdirilməsi və onun hüquqi ekspertizasını göstərmək olar.
ATƏT-in tam-hüquqlu üzvü olaraq təbii ki, Azərbaycan Milli Azlıqlar üzrə Ali Komissarlıq Ofisi ilə də əlaqələr qurub və milli azlıqların hüquqlarının müdafiəsi, onların vətəndaşı olduqları dövlətlərin ictimai həyatına tam hüquqlu inteqrasiyası kimi vacib istiqamətlərdə yaxşı təcrübələrin bölüşülməsi və norma yaradıcılığı sahələrində əməkdaşlıq edir.
Azərbaycan ATƏT Parlament Assambleyasının işində də fəal iştirak edən dövlətlərdəndir. ATƏT iştirakçı dövlətlərinin 323 parlamentarisindən təşkil edilmiş Parlament Assambleyasında Azərbaycan 3-ü əsas olmaqla, ümumilikdə 6 millət vəkili ilə təmsil olunur. Bu qurumun 2014-cü ildəki İllik Sessiyası Bakıda təşkil edilmişdir. Qurumun müxtəlif illərdə keçirilmiş illik sessiyalarında Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif qətnamələr qəbul edilmişdir. Hazırda qurum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış “İpək yoluna Dəstək” qeyri-rəsmi qrupu fəaliyyət göstərməkdədir.
Ölkəmiz eyni şəkildə ATƏT-lə həm də insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində də sıx əməkdaşlıq edir. Bu məqsədlə hələ 1998-ci il noyabr ayının 26-da Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.
Bir sözlə Azərbaycan ATƏT-in tam hüquqlu üzvü olaraq bi təşkilatla bütün sahələrdə sıx əməkdaşlığını davam etdirir. Amma sonda onu da qeyd edim ki, ATƏT Azərbaycanda ən çox tanınan, eyni zamanda ən çox fəaliyyətindən narazı qalınan təşkilatdır. Bunun əsas səbəbi ATƏT-in Minsk qrupunun keçmiş “Dağlıq Qarabağ” məsələsində tutduğu mövqe olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə