“Beynəlxalq müstəvidə qaydalar və hüquq işləmir” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Dünya mərkəzləri hərəsi bir məsələyə görə İsrail-Fələstin müharibəsinə susur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq sözlərinə belə davam edib: “Bəziləri susur, "HƏMAS"ın terror aktı ilə bağlı dinc fələstinlilərə qarşı gücün istifadə edilməsi və tələfatların miqyasından danışır. Dünyanın digər hissəsi, əsasən Qərb ölkələri ancaq 7 oktyabr "HƏMAS"ın terror hücumu haqqında danışır. Amma İsrailin dinc fələstinliləri öldürməsi barədə heç nə söyləmir. Dünya belə bölünüb. Hal-hazırda İsrail istədiyini edir. Çünki arxasında ABŞ-ın dəstəyi var. BMT və digər beynəlxalq institutlar səviyyəsində ABŞ öz müstəsna gücünü istifadə edərək İsrailə qarşı hər hansı addım atılmasının qarşısını alır.
Biz görürük ki, beynəlxalq müstəvidə qaydalar və hüquq işləmir. Əlbəttə, "HƏMAS"ın terror hücumu pislənməlidir. Lakin İsrailin də "HƏMAS"ı məhv etmək istiqamətində atdığı addımlar dinc əhali arasında böyük tələfatlara gətirib çıxarır. Məcburi köç baş verir. Belə olan halda, biz yaxın gələcəkdə hər hansı həll yollarından danışa bilmərik. Beynəlxalq hüquq hal-hazırda işləmədiyi üçün hansısa bir çərçivədə məsələnin həlli görünmür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB