Türk dünyasının birliyini möhkəmləndirən ALTERNATİV GÜC – TƏHLİL
Türk Dövlətləri Təşkilatının “Türk əsri” devizi altında 10-cu yubiley Zirvə Toplantısı bütün dünyanın diqqətini cəlb edib. Bu da səbəbsiz deyil. Səbəb də odur ki, bir qədər əvvəl Türk Şurası kimi tanınan bir təşkilat qısa zaman kəsiyində sadə dialoq platformasından iqtisadi-ticarət əməkdaşlığını genişləndirən dövlətlərin dinamik birliyinə çevrilib və əlbəttə ki, belə bir institusional transformasiya diqqəti cəlb etməyə bilməzdi, çünki türk dünyasının birliyini daha da möhkəmləndirən alternativ güc artıq göz önündədir.
Heç kim üçün sirr deyil ki, hal-hazırda artıq dünya ölkələri bir çox cəhətdən ümumi maraqlar əsasında, eləcə də cari və ya gələcək çağırışların təsiri altında formalaşaraq bloklaşmaqda və qruplaşmaqdadırlar. Məhz belə ümumi maraqlar, həmçinin cari və ya gələcək çağırışlar kontekstində Türk Dövlətləri Təşkilatının inkişafı üçün böyük potensialın olduğu da danılmazdır. Ona görə ki, türkdilli ölkələrin dil, mədəniyyət və tarixi oxşarlıqlara, yaxınlıqlara görə obyektiv olaraq öz aralarında əməkdaşlığı gücləndirmək marağı təkzib edilə bilməz və bu əməkdaşlıq böyük perspektivlər vəd edir. Həm də axı Türk Dövlətləri Təşkilatı ölkələri arasında ikitərəfli və çoxtərəfli münasibətlərin əsas məsələlərində praktiki olaraq heç bir əsaslı fikir ayrılığından söhbət belə gedə bilməz və bunun fonunda da bütün mühüm beynəlxalq məsələlərdə bu ölkələrin mövqeləri bir-biri ilə üst-üstə düşür.
Xatırlamaq və hətta diqqətə çatdırmaq yerinə düşərdi ki, istər ayrı-ayrılıqda dövlətlərin, istərsə də ümumilikdə Avrasiya regionunun iqtisadi maraqları, geosiyasi və təhlükəsizlik məsələləri də türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məsələsini ön plana çəkir. Məhz bunun fonunda da əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə keçirilməsi tələbi formalaşır və çox böyük perspektivlər vəd edir. Bu perspektivlərin fonunda da Türk Dövlətləri Təşkilatı ölkələri arasında nəinki iqtisadi-ticari, həmçinin yaxın gələcəkdə mədəni və hərbi-texniki əməkdaşlığın da dinamik şəkildə inkişaf etdiriləcəyi gözləniləndir. Məhz bu baxımdan təhlükəsizlik məsələlərinin müzakirəsi də qətiyyən təsadüfi hesab edilə bilməz. Görünür elə həm diqqəti cəlb edən və həm də bir çoxlarının hansısa mənada marağına səbəb olan da budur.
Dünya düzənində baş verən proseslər, yeniliklər, ələlxüsus da beynəlxalq hüquqa məhəl belə qoymayan “yeni normalar”, ikili standartlar, ikili və ədalətsiz yanaşmalar əslində bəşəriyyəti narahat edən məqamlardır. Ölkələrin bir-biri ilə istər hibrid informasiya xarakterli, istərsə də açıq silahlı münaqişələri heç də arzuolunan hal deyil. Özü də bu hal, ölkələrin heç biri üçün arzuolunan sayıla bilməz, baxmayaraq ki, proses hamı üçün eyni müstəvidə gedir və ölkələrin hamısı da, ən azından bir-birini iştirakçı hesab edir və bir-birindən ehtiyatlanır. Görünür elə buna görə də onların hamısı bir-biri ilə ya açıq, ya da gizli şəkildə mübarizə aparmaqdadırlar. Bütün bu proseslərin fonunda artıq gözümüzün qarşısında yeni dünya düzəni formalaşmaqdadır və bu düzənin şərtləri də olduqca sərtdir. Çünki bir çox ölkələri bir blokda birləşdirən layihələr və ümumilikdə dünyamızı qütbləşdirən modellər arasında olduqca sərt, olduqca şiddətli rəqabət gedir. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatının mövcudluğu, uğurlu fəaliyyəti hazırki mövcud “sistemin balanssızlığına” tamamilə güclü dayanış, qətiyyətli və məntiqli cavabdır, eləcə də alternativ güc deməkdir. Ələlxüsus da, mütəmadi şəkildə dəyişkən, mübarizələrin gizli olduğu və açıq şəkildə biruzə verdiyi dünyada sözügedən təşkilatda olmaq doğma bir “dayaq” tapmaq, alternativ güc deməkdir və bunu da dünya ölkələri çox yaxşı başa düşürlər. Elə türkdilli ölkələri özlərinə düşmən bəlləyənləri də narahat edən sözsüz ki, bu məqamlardır.
Türkiyə, Azərbaycan və Mərkəzi Asiyanın qardaş türkdilli dövlətləri son illər ticarət, eləcə də yükdaşımalarını genişləndirmək üçün yeni platformalar qurur və görünən odur ki, ənənəvi enerji və digər xammalın tranziti ilə bərabər, qeyri-neft ticarəti də son bir neçə ildə artmaqdadır. Xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda Avrasiya məkanında baş verən geosiyasi dəyişikliklər nəzərə alınmaqla, Türk Dövlətləri Təşkilatı ölkələri arasında ticarət və nəqliyyat əməkdaşlığına ehtiyac daha da artır, öz aktuallığını da qoruyur. Ələlxüsus da Şərq və Qərb arasında ənənəvi logistikanın pozulması fonunda Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan, Türkmənistan və dənizə çıxışı olmayan Özbəkistan, eləcə də Qırğızıstan Azərbaycan və Türkiyə ilə birlikdə üç əsas məlum layihə çərçivəsində əməkdaşlığı dərinləşdirir. Məhz bu əməkdaşlığın fonunda da tərəfdaş ölkələr regional logistikanın optimallaşdırılması və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, telekommunikasiya və İnformasiya Texnologiyaları sektorları, turizm, təhsil, gənclər siyasəti sahəsində və digər istiqamətlərdə əməkdaşlığı genişləndirmək planlarını gerçəkləşdirməkdədirlər. Cari ilin ilk rübündə, daha dəqiq desək, bu ilin mart ayında, sözügedən təşkilatın fövqəladə sammitində Türk İnvestisiya Fondunun yaradılması haqqında təsis müqaviləsinin imzalanması isə onu deməyə əsas verir ki, investisiya əməkdaşlığına da yeni formatda start verilib və artıq kənd təsərrüfatı sektorunun strateji sahələrində təşəbbüslərin reallaşdırılması, eləcə də ərzaq təhlükəsizliyinin birgə gücləndirilməsi ilə bağlı razılığa da gəlinib. Beş təsisçi ölkənin bərabər töhfələri hesabına 500 milyon dollarlıq nizamnamə kapitalı formalaşacaq Türk İnvestisiya Fondunun birgə regional istehsal layihələrinin dəstəklənməsində xüsusi rolu olacaq və iştirakçı ölkələrin iqtisadi potensialının inkişafı, onlar arasında ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi, kiçik və orta müəssisələrin, təchizat zəncirlərinin, regiondaxili ticarət və elektron ticarət, kənd təsərrüfatı, “yaşıl” enerji, turizm və digər istiqamətlərdə səylər əsas vəzifə hesab olunur.
Dünyada vəziyyətin qeyri-stabil, eləcə də kövrək olaraq qaldığı bir dönəmdə türk dövlətlərinin çağırış və təhdidlərə qarşı birləşməsi, qarşılıqlı dəstək və birgə təsirli tədbirlər görməsi hər zamankından daha vacib hesab olunur. Ələlxüsus da bu təlatümlü bir dövrdə türk xalqlarının birləşməsi ümumi təhlükəsizliyimizin etibarlı təminatı deməkdir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, terrorizmin, ekstremizmin, silah və narkotik ticarətinin artdığı bir zamanda təhdidlərin qarşısının alınması məqsədi ilə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi əvəzsizdir və olduqca əhəmiyyətlidir. Azərbaycanın apardığı 44 günülük müharibə, son antiterror tədbirləri, Qazaxıstanda ötən ilin əvvəlində baş verən hadisələr göstərdi ki, təşkilata üzv olan ayrı-ayrı dövlətlərin öz təhlükəsizliyini təmin edəcək mərhələyə qədəm qoyması gərəkir. Xatırladaq ki, ötən əsrin 90-cı illərində və 2000-ci ilin əvvəllərində bu imkanlar yox idi, amma indi imkanlar və perspektivlər artmaqdadır. Məhz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Türkiyə-Azərbaycan əməkdaşlığı nümunəsində ayrılıqda, yaxud əməkdaşlıq şəraitində təhlükəsizliyə töhfə vermək imkanları genişlənməkdədir.
Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi bir dövrün şahidiyik. Şahidiyik ki, Naxçıvandan başlayan missiya uğurla davam edir. Dünənə baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rolu ilə Zirvə görüşünün tarixə yazıldığının da fərqindəyik. Hətta onun da fərqindəyik ki, Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün “Türk əsri” çağırışı adı altında keçirilməsi heç də təsadüfi ola bilməz və heç şübhəsiz ki, təşkilat gələcək üçün vizyona türk dünyasının birləşmiş ilmələrini gətirməkdən ötrü səylərini təkmilləşdirməkdədir. Görürük ki, Türk Dövlətləri Təşkilatı qlobal məkanda hökmran ideologiyalara alternativ yaratmaq üçün çalışır və bunu da tədbirin adından tutmuş, təşkilatın missiyasına qədər genişspektrli planlarda görə bilirik. Görürük ki, alternativ ideoloji xətt Türk Dövlətləri Təşkilatının alternativ güc olmaq yolundakı təməlini təşkil edir və həm iqtisadiyyat, həm enerji sahəsindəki əməkdaşlıq, həm də təhlükəsizlik mühitindəki vahid meyarların formalaşdırılması da məhz həmin təməl üzərində inşa edilir.
Alternativ güc olmaq yolundakı təməl üzərində inşa edilən sütunlar Türk Dövlətləri Təşkilatına beynəlxalq səviyyəli çəki, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı bağlantıları təmin edən nüfuzlu bir təşkilat statusu qazandırır. Məhz bu status üzv ölkələri üçün təhlükəsizliyin təminatı, təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönələn siyasəti həyata keçirmək üçün əvəzsizdir. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin dediyi kimi, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Bütün bunların fonunda da türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinin nə dərəcədə zəruri olduğu özünü qabarıq şəkildə büruzə verir və alternativ güc olan Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması böyük bir ailə olan türk dünyasının birliyinin möhkəmlənməsi deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB