Fransanın sülh əleyhinə yürütdüyü MİLİTARİZASİYA SİYASƏTİ – TƏHLİL

Fransanın sülh əleyhinə yürütdüyü MİLİTARİZASİYA SİYASƏTİ – TƏHLİL

Fransanın son zamanlar Ermənistanı silahlandırması onsuz da gərgin olan Cənubi Qafqazı barıt çəlləyinə çevirir. Bu silahlandırmanın nə demək olduğunu, bunun sonda ələlxüsus ermənilər üçün hansı fəlakətlər vəd etdiyini isə, belə görünür ki, Ermənistan tərəfi qətiyyən başa düşmür və heç başa düşmək də istəmir. Əks halda, Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornunun dəvəti ilə Ermənistanın müdafiə naziri Suren Papikyan tələm-tələsik Fransaya yollanmazdı və etiraf da etməzdi ki, məhz Fransa silahlarının tədarükü ilə bağlı müqavilə imzalamaq üçün Parisə gedib.

Ermənistanın məhz Fransa tərəfindən silahlandırılmasını təsdiq edən bir sıra faktlar artıq ortadadır. Bunlar heç gizlədilmir də. Əslində, fransızların öz erməni bacılarına silah ötürəcəyi barədə bu ilin birinci rübündə, daha dəqiq desək, mart ayında bir çox məlumatlar artıq mediada belə açıq şəkildə yayılmışdı. Yayılan məlumatlarda Fransanın 50 ədəd VAB MK3 zirehli transportyorlarını, “Bastion” və “Şerpa” zirehli maşınlarını İrəvanın alacağı barədə qeyd olunurdu. Suren Papikyanın iyun ayında Fransaya səfəri ilə bu məlumatların doğruluğu öz təsdiqini tapdı və Ermənistanın müdafiə nazirinin bu səfəri zamanı işğalçı ölkəyə silah satışı məsələsi artıq real olaraq qəbul olundu. Məhz Papikyanın Fransaya bu son səfəri ərəfəsində isə onun fransalı həmkarı Sebastyan Lekornu işğalçı ölkəyə silah tədarükü ilə bağlı çəkinmədən fikirlər səsləndirib. “Oktyabrın 23-də tərəflər Ermənistana silah tədarükü haqqında saziş imzalayacaqlar”, - deyən Lekornu əslində, Ermənistana silah tədarükü ilə bağlı həqiqətləri tam açıq şəkildə etiraf edib. Lekornu Fransa nəşrinə onu da açıq şəkildə bildirib ki, rəsmi Paris Ermənistanı böyük miqdarda silahla, ələlxüsus da hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Bu isə o deməkdir ki, Fransa ciddi-cəhdlə Cənubi Qafqazı qarışdırmaq və bulanıq suda balıq tutmaq niyyətindədir, amma ermənilər bunun fərqində deyillər.

Heç də artıq sirr deyil ki, Fransa öz mövcudluğu naminə nəyin bahasına olursa-olsun strateji əhəmiyyətli regionda, Cənubi Qafqazda sabitliyi əsaslı şəkildə pozmaq niyyətindədir. Bunun üçün də məhz Ermənistan-Azərbaycan münaqişəsinin yenidən qızışdırılmasında hədsiz dərəcədə maraqlıdır. Sözsüz ki, rəsmi Bakıya təsir imkanları olmayan Paris məhz İrəvanı hədəfə alıb və ermənilər özləri də dərk etmədən, yaxud dərk edərək fransızların alətinə, marionetinə çevrilməkdədirlər. Çünki artıq Fransa çoxdan Ermənistanı özünə alət olaraq seçib və görünən də odur ki, haylar da fransız bacılarının bu oyununda alət olmağı artıq qəbul da ediblər, əks halda hövlnak şəkildə Parisə qaçmazdılar. Erməni ambisiyalarından məharətlə istifadə edən Paris erməni lobbisinin silah tədarükü məsələsinin “haqqını” onlara artıqlaması ilə ödəyəcəyinə əmin olduğu üçün tam sərbəst şəkildə manipulyasiya etməkdə davam edir.

“Ermənistan silahlı olmalıdır, çünki onun yanında daim düşmənçilik hərəkətləri edən qonşusu var”, - deyən Lekornyu əlbəttə ki, bununla ermənilərin fransızlar tərəfindən silahlandırılmasına “don geyindirməyə” çalışır. Yəni, bir bəhanə tapıb ortaya çıxarır ki, guya onlar işğalçı ölkəyə silah tədarükünü sırf dinc məqsədlər üçün edirlər. Daha dəqiq desək, Ermənistana silah tədarükünə heç kimin bir söz deyə bilməməsi üçün Lekornyu ermənidən betər bir erməni kimi davranır, manipulyasiya edir və hələ üstəlik, səbəb olaraq da Azərbaycanı “təcavüzkar ölkə” adlandırır. Bəli, regionda sülhün təminatçısı olan Azərbaycanı belə adlandırır. Düz otuz ilə yaxın müddət ərzində torpaqları ermənilər tərəfindən işğal olunan bir ölkəni, hərbi qələbə qazanandan sonra Üçtərəfli Bəyannamənin 9-cu bəndi üzrə İrəvanın öhdəliklərini yerinə yetirməsi səbəbindən üç ildir səbirlə gözləyən Azərbaycanı belə adlandırır və utanmaq kimi bir niyyətinin olduğu da görünmür. Ona görə ki, ölkəsinin niyyətindən özü də xəbərdardır və onun üçün Ermənistan, yaxud da Azərbaycan yox, Cənubi Qafqaz maraqlıdır və region müzakirə mövzusudur. Bu baxımdan da, ermənilərin düşmənçilik hisslərindən istifadə etməyi daha doğru hesab edir. Məhz hayların bu hissindən istifadə edən Fransa həmin ölkədə hərbi qüvvənin gücləndirilməsinə, müharibəyə hazırlıq məqsədi ilə hərbi gücün intensiv artırılmasına yönəldilmiş siyasət yürüdür, yəni özünə məxsus olan militarizasiya siyasətini davam etdirir. Rəsmi Parisin belə irticaçı silahlanma siyasəti Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir. Hərbi gücünün tətbiqini dəstəkləyən siyasi ideologiya ilə bölgəyə soxulmaq arzusunda olan Fransanın niyyəti heç də sülhə yönəlik deyil, özünün imperialist və ekspansionist ideologiyasının Cənubi Qafqazda da tətbiq edilməsi məqsədi güdülür. Yəni, Fransa öz imperialist siyasətinə, öz ənənəsinə uyğun olaraq, dövlət maraqlarına müvafiq şəkildə olmaqla, digər dövlətlərin daxili işlərinə qarışmaq üçün əlindən gələni edir.

Bölgədəki silahlı birləşmələrin Azərbaycan tərəfindən tərksilah edilməsindən sonra onların silahlandırılması heç bir məntiqə sığışmır. Belə çıxır ki, Fransa qanunsuz silahlı birləşmələrin tərksilah edilməsinin əleyhinə imiş. Hətta belə bir nəticə çıxarmaq olur ki, erməniləri silahlandırmaqla, Fransa məhz Azərbaycanın bölgədə təhlükəsizliyin təminatı üçün gördüyü tədbirlərin əleyhinə çıxış edir. Azərbaycan tərəfindən qanunsuz silahlı birləşmələrin tərksilah edilməsinin ardınca sülh gündəliyi irəli sürüldüyü halda, Fransa hansı məntiqlə, hansı əqidə, hansı niyyətlə bölgəyə silah-sursat göndərir? Təbii ki, silahlıların tərksilah edilməsinin ardınca onların silahlandırılması birbaşa sülh prosesinə maneçilik kimi qiymətləndirilir. Hər kəs artıq bilir ki, Fransa bununla sülh prosesinə böyük zərbə vurmuş, həmin prosesə mane olmuş olur. Həm də erməniləri belə silahlandırmaqla Fransa təkcə sülhə mane olmur, həm də münaqişəni yenidən qızışdırır. Çünki tərksilah edilmişləri yenidən silahlandırmaq onları yeni təxribatlara təhrik etmək, yeni münaqişə üçün zəmin yaratmaq deməkdir.

Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsinə bir vaxt təkid edən Fransanı, belə çıxır ki, həmin o missiyanın fəaliyyəti qane etmir. Sual oluna bilər ki, nəyə görə axı Parisi məhz həmin missiyanın fəaliyyəti qane etmədi? Axı həmin missiya sivil şəkildə nəzərdə tutulmuşdu və heç bir başqa güc niyyəti yox idi, həm də sözügedən missiyanı Ermənistan tərəfi də özü istəmişdi. Bütün bunların fonunda indi birdən-birə hərbi missiya haqqında danışılır və əlbəttə ki, bunlar səbəbsiz yerə deyil. Dünya ictimaiyyəti hər şeyi çox gözəl müşahidə edir və şahiddir ki, Cənubi Qafqaza soxulmaq, özünə yer eləmək, sonra da istədiyi siyasəti, yəni bu vaxta qədər yürütdüyü müstəmləkəçilik siyasətini bölgədə yürütmək üçün çalışır. Elə Fransanın Ermənistanda daimi hərbi attaşesinin təyinatına hazırlıq görməsi də onun necə və hansı məqsədlər üçün çalışdığını ortaya qoyur. Bu Avropa ölkəsinin, məhz özünün neo-müstəmləkəçilik indi də Cənubi Qafqaza daşımaq istədiyi artıq zərrə qədər də şübhə doğurmur. Məsələ burasındadır ki, bu istəyi, bu niyyəti görən Qərb sadəcə susmaqla və müşahidəçi mövqeyi ilə belə həmin o siyasəti dəstəkləyir. “Hələ müharibəni dayandırmağın vaxtı deyil”, deyərək Yaxın Şərqdəki hadisələri şərh edən ABŞ Prezidentinin sözlərindən belə məlum olur ki, Qərb bölgədə qətiyyən sülh bağlanmasını istəmir. Bu isə onu deməyə əsas verir ki, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmamaq, müharibəni daha da alovlandırmaq təkcə Fransanın niyyəti deyil, elə Qərb də bu niyyətdədir. Yəni, bunların heç birinin sülh danışıqlarında maraqlı olmadığı dəfələrlə öz təsdiqini tapıb və yenə də öz təsdiqini tapmaqdadır.

Nəzərə almaq lazımdır ki, hər mənada qeyri-sağlam olan Paris-İrəvan tandemi regionun digər ölkələrinə də öz istəklərini reallaşdırmağa imkan verməmək deməkdir. Ələlxüsus da, Qərblə qarşıdurmasını nəzərə alsaq, Ermənistanın Fransa ilə hərbi tərəfdaşlığı Rusiya üçün heç qəbuledilən deyil və rəsmi Moskva bunu özünə qarşı birbaşa meydan oxumaq kimi başa düşür. Eyni zamanda, Qərblə onilliklər ərzində soyuq müharibə şəraitində olan İran üçün də Fransanın Ermənistanı “müdafiləsi” arzuolunan deyil. Rəsmi Tehranın reaksiyası kəskin olmaya bilər, amma Moskvanın bundan sonra uzun müddət səbir edəcəyi artıq ağılasığan deyil. Bu barədə fikirlərə Rusiya mediasında da rast gəlinir və ələlxüsus da ekspertlər Ermənistanın Suriya və Ukrayna kimi taleyi yaşaya biləcəyi barədə xəbərdarlıqlar da səsləndirirlər. Qeyd olunur ki, Rusiya və İranın İrəvana təzyiq göstərmək üçün kifayət qədər mexanizmləri, rıçaqları var və təzyiq göstərildiyi zaman nə ABŞ, nə də Aİ-nin Ermənistandakı missiyası ermənilərə kömək edə bilməyəcək. Moskva artıq açıq-aşkar şəkildə İrəvanı anti-Rusiya təxribatlarında ittiham edir. Məsələn, TASS Agentliyinin hökumət dairələrində adı açıqlanmayan mənbəyinə istinadən verdiyi məlumata görə, Kreml Ermənistanın baş nazirinin Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirib. Moskva dolayısı ilə də olsa, açıq şəkildə bildirir ki, Ermənistan Qərbin yolu ilə getməyə davam edərsə, Ukrayna ssenarisi ilə üzləşmək təhlükəsi var. Daxili amillər, eləcə də Ukrayna münaqişəsinin diqqətini yayındırması səbəbindən Rusiya hələ də İrəvanın hiylələrinə dözür. Amma Moskva “hərəkətə keçəndə” Paşinyanın yüksək səslə vurğuladığı qərbyönlü siyasəti və ritorikası, Fransa ilə tərəfdaşlığı heç nəyə yaramayacaq və Ermənistan özünü strateji baxımdan ümidsiz vəziyyətdə görəcək. Məsələ burasındadır ki, hələ də Ermənistan rəhbərliyi bu təhlükəni ya başa düşmür, ya da buna məhəl qoymur. Amma biz çox yaxşı başa düşürük ki, ermənilər tərəfindən buraxılan səhvlər bölgədə təhlükəsizlik üçün çox müəmmalı bir vəziyyət vəd edir.

Avropa İttifaqı özü də Fransanın uydurmalarına qapılır. Yaxud da bu qurum sadəcə olaraq, elə bil fərqində deyil ki, 30 ilə yaxın qonşu dövlətin ərazisini işğal edən və beynəlxalq hüquqa açıq şəkildə məhəl qoymayan təcavüzkar ölkəni Fransanın təhriki ilə dəstəkləyir. Elə bil fərqində deyil ki, Aİ-nin bu ikili standartların təzahürü olan mövqeyi praktiki olaraq Avropanın, Fransanın və bütövlükdə Qərbin siyasətinin əsas prinsipinə çevrilib. Mahiyyət etibarı ilə Fransanın marionetinə çevrilmiş Aİ-nin ikiüzlü davranışı bu quruma Azərbaycanın da inamına çox mənfi təsir göstərir, digər dünya ölkələrinin də. Çünki hamı çox yaxşı başa düşür ki, bir müddətdir Avropa Parlamentində Bakıya qarşı sanksiya çağırışlarının səslənməsi elə həmin o Parisdən “ilham alınmaqla” olub. İndi də Makron və onun ölkəsi Ermənistanı silahlandırmaqla heç də sülh və humanizm yolunda deyil və burada erməniləri müdafiə etmək niyyəti güdülmür. Avropa İttifaqı da, digər beynəlxalq təşkilatlar da, dünya ictimaiyyəti də, elə ermənilər özləri də bilməlidirlər ki, Fransa Afrikadakı reputasiya itkilərini kompensasiya etmək üçün İrəvanı əsarət altına almağa çalışır. Bunun isə bölgə üçün yaxşı heç nə vəd etmədiyi öncədən görünür. Ola bilsin ki, ermənilər bunu görməyə bilərlər, amma hər bir halda vəziyyət nəzarət altında saxlanılmalıdır ki, regionda, Cənubi Qafqaz regionunda Fransa münaqişəni qızışdıraraq təhlükəsizliyə təhdid yarada bilməsin.

Həqiqətən də Qərb, rəsmi Paris, eləcə də Emmanuel Makron birbaşa Cənubi Qafqaza yönəldilmiş elə bir siyasət yürüdür ki, tərəflər arasında münaqişəni, qarşıdurmanı daha da qızışdırıb əraziyə nəzarəti ələ alsın. Özü də Rusiya prezidenti Putinin başının Ukraynaya qarışdığı bu vaxtı, bu zaman kəsiyini ən münbit şərait hesab edirlər. Ola bilsin ki, Fransanın, onun liderinin bu niyyətinin region ölkələrinin təhlükəsizliyi üçün təhdid olduğunu ermənilər, rəsmi İrəvan dərk etməyə bilər, amma Bakı buna yol verməyəcək. Nə qədər ermənilər silahlandırılsa da, fransız bacıları nə qədər onlara ürək-dirək verməklə yanaşı, silah da versələr, Azərbaycan regionda təhlükəsizliyə təhdid ola bilən məqamlara qətiyyən şərait yaradılmasına imkan verməz. Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi mövqeyindən geri çəkilmədən, Parisin neokolonial üsulları da daxil olmaqla, beynəlxalq hüququn icazə verdiyi bütün imkanlardan istifadə edərək, regionda sabitliyin pozulmasına heç bir şəkildə razı olmayacaq və buna qarşı çıxacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə