“Ulu Öndər Heydər Əliyev gənclərə daim böyük inam və etimad hissi ilə yanaşıb” - RƏŞAD NƏBİYEV

“Ulu Öndər Heydər Əliyev gənclərə daim böyük inam və etimad hissi ilə yanaşıb” - RƏŞAD NƏBİYEV

“Ulu Öndər Heydər Əliyev gənclərə daim böyük inam və etimad hissi ilə yanaşıb. İstər Azərbaycana ilk rəhbərliyi, istər ikinci dəfə hakimiyyəti dövründə gənclərin təhsili və inkişafı, onların potensialından səmərəli istifadə istiqamətində mühüm addımlar atıb.
Ulu Öndər 1998-ci ildə çıxışlarının birində ümidvar olduğunu bildirib ki, Azərbaycan qadınları Azərbaycan ordusunu daha da gücləndirmək və qüdrətli etmək üçün vətən yolunda həlak olmağa hazır övladlar böyüdəcəklər”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” adlı konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Rəşad Nəbiyev sözlərinə belə davam edib: “Həmin gənclik cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişdi və onun komandanlığı altında işğal altında olan torpaqlarımızı azad, suverenliyimizi bərpa etdi.

Artıq Azərbaycanda yeni mərhələ başlayıb: Böyük Qayıdış və bərpa-quruculuq dövrü. Bu gün quruculuq prosesi yalnız işğaldan azad olunmuş ərazilərimizdə apardığımız işləri əhatə etmir. Bizim qarşımızda həm də innovativ cəmiyyət qurmaq hədəfi var. Bu, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapıb.

Azərbaycanda gedən quruculuq prosesinin – istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də innovativ cəmiyyət yaradılması istiqamətində aparılan işlərin əsasında gənclər dayanır.

Sürətlə dəyişən qlobal trendləri izləyərkən görürük ki, gənclərin çeviklik və uyğunlaşma bacarığının inkişaf etdirilməsi vacib amillərdən biridir.

Mühəndislik hakatonu kimi intellektual yarışların təşkili də bu məqsədə xidmət edir. Bu gözəl fürsəti yaratdıqlarına görə təşkilatçılara - Yeni Azərbaycan Partiyasına, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə təşəkkürümü bildirirəm.

Bildiyimə görə, yarışmaya ümumilikdə 30 komanda, 120 gənc qoşulub. Sevindirici haldır ki, bu yarışmada Azərbaycanın bütün ali məktəblərinin – həm paytaxtdakı, həm də regiondakı təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Mən rayonlarda gənclərlə görüşlərimdə bir daha şahidi oluram ki, hər bir şəhər və kəndimizdə texnologiyaya maraq göstərən istedadlı cavanlarımız var. Bizim rolumuz isə onları aşkarlamaq və potensialını açmağa şərait yaratmaqdır.

Bu cür müsabiqələrin əhəmiyyətindən danışarkən, zənnimcə, dörd məqamı qeyd etmək lazımdır:

1. Hakaton birgə işləmək və müəyyən problemi həll etmək üçün innovativ bir yol təklif etmək üçün müxtəlif bacarıqlara sahib olan insanları bir araya gətirir. Müxtəliflik isə innovativliyin vacib amilidir.

2. Çoxlu ideyaların arasından təcrübəli münsiflərin köməyi ilə ən uğurluları seçilir. İdeyalar innovasiyanın açarıdır. Həmin ideyaların işlənməsi və tətbiqi ola bilsin ki, bir gün müəyyən bir sahədə innovasiya yarada bilər.

3. Sağlam rəqabət şəraitində keçirilən bu cür yarışlar gənclər üçün İKT sahəsində istedad və bacarıqlarını nümayiş etdirmək, eləcə də yeni bilik və təcrübə əldə etmək, dostlar qazanmaq baxımından mühüm imkanlar açır.

4. Belə təşəbbüslər innovativ ideyalara malik istedadlı gənclərə dəstək olmaqla yanaşı, ölkəmizdə innovasiya ekosisteminin inkişafına təkan verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə