"Fransanın iştirakı yalnız gərginliyin yaranmasına təsir göstərə bilər” - DEPUTAT FİKİR BİLDİRDİ

"Fransanın iştirakı yalnız gərginliyin yaranmasına təsir göstərə bilər” - DEPUTAT FİKİR BİLDİRDİ

“Fransa keçmiş münaqişə vəziyyətində də Azərbaycana qarşı qərəzli mövqe tutması ilə seçilib. Baxmayaraq ki, Azərbaycan Fransa-Azərbaycan münasibətlərinin, əlaqələrinin hər zaman sağlam məcrada inkişafı üçün praktiki addımlar atıb, səmimiyyət nümayiş etdirib. Bunun qarşılığında Fransa təcavüzkar Ermənistana hər zaman dəstək nümayiş etdirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Fransa regionları keçmiş separatçı rejimlə sıx əlaqələr qurmağa çalışırdı: “Fransa parlamentinin üzvləri Bakının izni olmadan separatçı rejimin mövcud olduğu Azərbaycan ərazilərinə səfərlər edirdilər. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və Azərbaycanın təhlükəsizliyinə çox ciddi təhdid yaradan separatizmə dəstək kimi qiymətləndirilməlidir. Rəsmi Bakı bununla bağlı aydın mövqeyini sərgiləyib.

Azərbaycan öz torpaqlarını işğaldan azad edən zaman, sonrakı dövrdə də Fransa ölkəmizə qarşı qərəzli mövqeyindən əl çəkmədi. Azərbaycan torpaqlarını işğaldan azad edərək yeni reallıqlar yaratdı. Fransa isə bu yeni reallıqları qəbul etmək istəmədiyini aşkar nümayiş etdirdi. Fransa parlamentində də dəfələrlə bizə qarşı qərəzli müzakirələr təşkil olundu, qətnamələr qəbul edildi. Ayrıca olaraq Fransanın təşəbbüsü ilə Avropa Parlamentində ölkəmizə qarşı qərəzli, tam əsassız müzakirələr həyata keçirilir və qətnamələr qəbul olunurdu.

Azərbaycan lokal xarakterli anti-terror tədbirlərini həyata keçirdiyi zaman da Fransa qərəzli mövqeyindən geri addım atmadı, baş verənləri təhrif olunmuş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində can-fəşanlıq göstərdi. Bütün bunlar aydın göstərir ki, Fransa bu mövqeyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində rol ola bilməz. Fransanın iştirakı yalnız gərginliyin yaranmasına təsir göstərə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə