“Azərbaycanın bu hərəkətləri dünyaya nümunədir” - DEPUTAT ŞƏRH ETDİ
“19-20 sentyabr tarixində Azərbaycanın Qarabağda apardığı lokal antiterror tədbirləri BMT nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu tədbirləri özünün suverən ərazilərində pozulmuş hüquqlarının bərpası üçün aparıb: “Dünyada separatizm heç bir dövlət tərəfindən dəstəklənməməlidir. Ermənistana dəstək verən Fransa və onunla bir yerdə olan bir neçə dairə istisna olmaqla bütün dünya Azərbaycanın apardığı antiterror tədbirlərini dəstəkləyir. O cümlədən Avropa İttifaqı da açıqladığı bəyanatda Azərbaycanın öz ərazilərini qeyri-qanuni silahlılardan təmizlənməsini dəstəklədiyini bildirir. Bunu Avropa İttifaqının Azərbaycanın öz suverən hüquqlarının bərpasını tanınması hesab edirəm”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan lokal xarakterli antiterror tədbirləri aparanda humanizm prinsipini yüksək tutaraq mülki obyektlər və insanları maksimum dərəcədə qorumağa çalışmışdır. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanın apardığı antiterror tədbirlərində mülki insanların zərər çəkməsi ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirmişdir.
Antiterror tədbirləri ərəfəsində Qarbağda yaşayan erməni əsilli əhaliyə müxtəlif vasitələrdən istifadə etməklə silahlılardan və döyüş nöqtələrindəm uzaq dayanmasına çağırışlar edilmişdir. Hətta antiterror tədbir aparılan 24 saata yaxın bir zamanda əvvəlcədən müəyyən edilmiş hərbi legitim hədəflərdə mülki insanların olduğu ehtimal ediləndə zərəsizləşdirmə əməliyyatları təxirə salınmışdır. Antiterror tədbirlər başa çatandan dərhal sonra Azərbaycan dövləti erməni əsilli mülki insanlara Azərbaycana inteqrasiya olunacağı təqdirdə onların yaşaması üçün hər bir şəraitlə təmin olunacaqlarını, hüquqları və təhlükəsizliklərinin qanunlarımıza uyğun müdafiə ediləcəyini və heç nədən narahat olmamalarını bəyan etmişdir. Həm də Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəməyən şəxslər üçün dəhliz yaradılaraq heç bir təhlükə yaratmadan ölkəmizi tərk etmələrinə şərait yaradılmışdılr. Qarabağda yaşamaqda davam edən ermənilərə və antiterror tədbirləri zamanı xəsarət alanlara, o cümlədən Xankəndində baş vermiş partlayışdan xəsarət alan şəxslərə lazımı yardımlar olunur və FHN -in xətti ilə səhra hospitalları quraşdırılmağa başlamışdır.
Azərbaycan öz vətəndaşları hesab etdiyi erməni əsilli sakinlərinin humanitar ehtiyaclarının ödənilməsi və sağlamlıqlarının təmin olunması üçün yardımlarını davam etdirir. Azərbaycanın bu hərəkətləri dünyaya bir nümunədir. Dünyanın ayr-ayrı yerlərində antiterror əməliyyatları zamanı mülki insanların və infrastrukturun zərər görməsi adi hala çevrilmişdir. Azərbaycanın yüksək dəqiliklə apardığı antiterror tədbirləri dünya və o cümlədən Avropa İttifaqı tərəfindən diqqətlə izlənilərərk yüksək dəyərləndirilmişdir. Bu, Azərbaycanın apardığı antiterror tədbirlərinin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi deməkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə