44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbə hərb tarixinə qızıl hərflərlə yazıldı. Sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən lokal antiterror tədbirləri ilə Qarabağdakı erməni separatçıları diz çökdü, ağ bayraq qaldırmaqla təslim oldular. Bununla da igid oğulların qəhrəmanlığı nəticəsində 30 il işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. Artıq insanlarımız kimi əsarət altında olmuş ərazilərimiz də rahat nəfəs alır. Hər yerdə təmir-tikinti, bərpa işləri həyata keçirilir. Quruculuq işləri fonunda əhali öz doğma yurdlarına qayıdırlar. Uğurlarımız, əldə olunan parlaq qələbə dostlarımızı sevindirir, ermənipərəst dairələrin isə bağrını yarır. Təəssüf ki, sapı özümüzdən olan baltalar da yenə də Azərbaycan xalqının yanında deyil, maddi və mənəvi dəstək aldıqları xarici dairələrin yanında durmağa üstünlük verirlər. Onlar xalqı təbrik etmir, hərbi qələbə dastanı yazan ordumuza dəstək nümayiş etdirmirlər. Bu azmış kimi Ermənistan hakimiyyətinin siyasətini haqlı sayır, Paşinyanın mövqeyini demokratik prinsiplərə, azad cəmiyyət quruculuğuna yönələn siyasət olduğunu qeyd edirlər. Sanki erməni olub, Ermənistanda yaşamağı arzu edirlər. Halbuki, Qarabağı tərk edən erməni əsilli şəxslər Ermənistanı sevmədiklərini, Paşinyana nifrət etdiklərini, bu səbəbdən də xarici ölkələrdən birinə gedəcəklərini qeyd edirlər.
Sevinc Osmanqızı qüssəli görünür
Ermənistanda xaos və anarxiyanın hökm sürdüyü, insan hüquq və azadlıqları ən sərt şəkildə tapdandığı halda, dağıdıcı müxalifət partiya funksionerləri və onların qazanlarının dibini yalayanlar fərqli fikir söyləyirlər. Bir növ Ermənistandakı yaşam tərzinə köks ötürürlər. Sevinc Osmanqızı "kaş dövlət rəhbərim Paşinyan olaydı" deyə sahibi olduğu tv-sində qüssələnir. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə Qarabağı tərk edən ermənilərə münasibətdə Azərbaycan dövlətinin göstərdiyi yüksək xeyirxahlıqdan, humanist davranışdan narahatlığını idfadə edir. Sonra da hələ də tam şəkildə tanımadığı, fəaliyyətinə bələd olmadığı Qubad İbadoğlunun həbsinin düzgün olmadığını qeyd edir. Bununla da özü-özünü ifşa etmiş olur. Çünki açıq şəkildə sezilir ki, bu xanım siyasətçi nə danışdığını özü də bilmir. Sadəcə, ona tezis təqdim ediblər, o da fərqinə varmadan ironiya doğuran statusunu yazıb: "Qarabağda ermənilərlə humanist rəftar edirsiniz, çox gözəl, çox bəyənirik, dəstəkləyirik. Ancaq o humanizmin az bir hissəsini Azərbaycanın adını bütün dünyada uca edən nüfuzlu iqtisadçı alim, professor Qubad İbadoğluna da göstərməlisiniz. Əks halda, dünya sizə inanmayacaq. Qubad bəylə bağlı Avropa Məhkəməsinin qərarı var. Səhhəti hədsiz dərəcədə pisləşib. Bu şəraitdə, bu konyukturda onu həbsdə saxlamaq Azərbaycan hakimiyyətinə başucalığı gətirməz".
AXCP sədri Əli Kərimli ilə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin fikirlərinin üst-üstə düşməsi, hətta cümlələrinin oxşar olması onu deməyə əsas verir ki, onlar təlimatı eyni mərkəzdən alıblar. Sadəcə, Ə.Kərimli statusunda Q.İbadoğlu ilə yanaşı, Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr zamanı əsas qızışdırıcı rolda çıxış edənlərdən olan Nazim Baydəmirlinin müdafiəsindən danışıb: "İş adamı və iqtisadçı alim Nazim Bəydəmirli də öz fəaliyyətilə hökumət üçün çox təhlükəli presedent yaradırdı. Ölkədə bütün iş adamlarının "işinin xatirinə" susmağa məcbur edildiyi bir zamanda Nazim bəy ölkədəki əksər ictimai-siyasi problemlərə öz müstəqil fikrini bildirib. Bir sıra hallarda isə əsl ziyalı olaraq hakimiyyətin səhvlərini də tənqid edib. Ona görə də hakimiyyət Nazim Bəydəmirli nümunəsini aradan qaldırmaq qərarına gəldi. Söyüdlü etirazlarını bəhanə edərək Nazim bəyi şərləyib həbs etdilər. İş adamı ola-ola müstəqil ziyalı mövqeyi ifadə etməyə cəsarət göstərdiyi üçün həbs edilmiş ekologiya məhbusu Nazim Bəydəmirli cəmiyyətin daha ciddi dəstəyini haqq edir. Professor, ADR sədri Qubad İbadoğlu başda olmaqla, bütün siyasi məhbuslara azadlıq!"
Sən kim olursan ol, törətdiyin əməlinin cəzasını mütləq çəkməlisən
Məlum məsələdir ki, istər Ə.Kərimli, istərsə də G.Hacıbəyli duran yerdən N.Baydəmirlinin və Q.İbadoğlunun "müdafiəsi"nə qalxmazlar. Şübhə yoxdur ki, ortada sifarişli maraqlar var. Çünki Ə.Kərimli və ətrafında olan trol dəstəsi maraqları olmasa, hansısa məsələni qabartmaz və danışmazlar. Düzdür, burada xarici maraqlı dairələrin də təsiri var. Ən azı ona görə ki, Ə.Kərimli bağlı olduğu mərkəzdə Q.İbadoğluna himayədarlıq elən şəxslər yer alırlar. Ona Q.İbadoğlu haqqında cəmiyyəti çaşdırmağa xidmət edən informasiyaların tirajlanması göstərişini də məhz xarici mərkəzlər veriblər. N.Baydəmirli isə zamanında Ə.Kərimliyə və digərlərinə iş adamı olaraq maddi dəstək göstərdiyi üçün indi "bəhrəsini" görür. Yəni, "saxla samanı gələr zamanı" məsəlinə uyğun olaraq N.Baydəmirli əvvəldən işini möhkəm tutub. Deputat olduğu zamanlar və ondan sonrakı mərhələdə yaradılan şəraitdən istifadə etməklə pullar qazanıb, həmin pullardan dağıdıcı müxalifətə də pay ayırıb. Hazırda Ə.Kərimli N.Baydəmirlinin xəcalətindən çıxmaq üçün ara-sıra uydurma fikirlər səsləndirir. Gah N.Baydəmirli "ekologiya məhbusu", "iş adamı və iqtisadçı alim" kimi moda mindirilməyə çalışılır, gah da "müstəqil ziyalı" deyib, təbliğinə nail olunur. Lakin "qanun şahdır, şah qanun deyil" məsəli səbəbsiz yerə deyilməyib. Sən kim olursan ol, törətdiyin əməlinin cəzasını mütləq çəkməlisən.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə