Müharibə "ekspertlər"inin "stəkanda fırtına" arzusu - ŞƏRH

Müharibə "ekspertlər"inin "stəkanda fırtına" arzusu - ŞƏRH

Müharibələr itkisiz olmur, bütün zamanlarda belə olub. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsi zamanı da, keçirilən bir günlük antiterror tədbirlərində da şəhidlərimiz oldu. Düşmən isə iki, hətta üçqat itkilərə məruz qaldı. Bu, müharibənin yazılmamış qanunudur. Müharibə aparan tərəflər bu döyüşlərdən daha az itki ilə çıxmağa çalışır. Burada həm komandanlığın, həm də əsgər və zabitlərin hazırlıq səviyyəsi önəmli rol oynayır.

... 1991-ci ildən həm 1996-cı ilə qədər əlimdə silah hələ tam formalaşmamış ordumuzun tərkibində Vətənin müdafiəsində dayanmışam. Biz də həmin vaxtlarda bütün imkanlarımızla, ürəyimizlə, Vətən eşqi ilə ermənilərin Naxçıvan istiqamətində sərhədlərimizdə bir qarış da irəliləməsinə, yeni mövqelər ələ keçirməsinə imkan vermirdik. İtkilərimiz də olurdu, amma bu, daha çox vahid komandanlığın olmaması səbəbindən baş verirdi, ermənilərin təchizatı da bizdən qat-qat üstün idi. O dövrdə Qarabağda da döyüşlər gedirdi. Bir sözlə, məqsədimiz vətənimizi qorumaq, suverenliyimizi qorumaq idi. İtkilərimizə heyfsilənirdik, “kaş olmayaydı” deyirdik, amma şəhidlərin Vətən yolunda bu zirvəyə ucaldıqları hər birimizə təskinlik verirdi.

Birinci Qarabağ müharibəsində 30 minə yaxın itkilərimiz oldu. Bu gün hələ də 4 minə yaxın itkin düşən soydaşlarımız var. Bu müharibədə ermənilərin hazırlığı, xarici ölkələrdən cəlb edilmiş muzdlular, xarici dövlətlərin Ermənistanı bu işğalçılıq siyasətində hərtərəfli dəstəkləməsi həm insan, həm də torpaq itkilərimizi çoxaldırdı. Müharibə Azərbaycan xalqını çox çətin vəziyyətdə yaxalamışdı. Ölkədə idarəetmə, dövlət qurumlarının formalaşmaması, daha çox mərkəzdənqaçma prosesləri, səriştəsiz, təcrübəsiz, təsadüfi adamların hakimiyyəti ələ keçirməsi xalqımızın başına gətirilən müsibətlərin miqyasını daha da genişləndirirdi. Bəli, Birinci Qarabağ müharibəsində, qeyri-bərabər döyüşlərdə, ədalətsiz müharibədə uduzduq.

Hakimiyyətə uzaqgörən, dövlət idarəçiliyində təcrübəsi olan, dünya miqyasında tanınmış dahi Liderin, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə gəlməsi Azərbaycanın bütün istiqamətdə inkişafının, o cümlədən dövlət suverenliyimizin bərpasında mühüm rol oynayan ordu quruculuğunun həyata keçirilməsi 44 günlük müharibədə qazandığımız qələbənin əsasını qoydu. Ermənistan silahlı qüvvələrinin təxribatından sonra hücuma keçən ordumuz qısa müddət ərzində ermənilərin müdafiə səddini yararaq düşmən mövqelərinin içərilərinə doğru irəlilədi. İtkilərimiz oldu, hər bir ata-ana, bacı-qardaş, valideyn, övlad “Vətən sağ olsun” deyib şəhidini qəbul etdi. Övladını düşmən üzərinə göndərən, düşməni Vətənimizin sərhədlərindən kənara atmağı oğluna bərk-bərk tapşıran ata və analarımız hər şeyi gözə aldılar. Onların qayıtmasını arzulayan valideynlər Övladlarının şəhidlik zirvəsinə qalxacağını da gözləyirdilər. Bəs oğul nə üçündür? “Düşmən çəpəridir” deyərək hər birimizi Vətənə sədaqət ruhunda böyüdənlər də ata-anamızdır.

Bu gün Ordumuzun rəşadətini, qəhrəmanlığını kiçildən qüvvələr peyda olub, bəzi sosial şəbəkə istifadəçiləri “stəkanda fırtına” qoparmaqla son antiterror tədbirlərində şəhid olanlarla bağlı yanlış məlumatlar yayır, həm Ordumuzun qarşıya qoyulan vəzifəni yerinə yetirmədiyi barədə uydurmalar tirajlayır, “bəs Xankəndini niyə almadıq”, “niyə ora bayrağımızı sancmadıq” deyə əsassız hay-küy yaradır, əsgərlərimizin “boş yerə” həlak olduqlarını yazırlar. Halbuki, bu fikirləri yayan “sosial şəbəkə qəhrəmanları” bircə dəfə də olsun təmas xəttinin haradan keçdiyini öz gözləri ilə görməyiblər, səfərbərlik zamanı hərəsi bir bəhanə ilə aradan çıxıblar. Antiterror tədbirləri zamanı sosial şəbəkələrdə yalan yayanlar, başqa ölkələrdə çəkilmiş müharibə kadrlarını, ya da Vətən müharibəsi zamanı qeydə alınmış kadrları təkrar yayaraq guya səhih məlumatların mənbəyi kimi özlərini təqdim ediblər. Çox təəssüflər olsun ki, bəsi vətəndaşlarımız belə yalan məlumatlara inanırlar, amma onların sayı çoz azdır.

Bu gün meydanda daha çox “dil pəhləvanları”nın səsi eşidilir. Müharibənin nə olduğunu bilməyən, bir dəfə də əlində silah tutmayanlar müharibənin gedişatını şərh edir, kimlərəsə “dərs” keçməyə çalışırlar. Bu günün reallığı budur ki, bütün dünya Azərbaycan əsgərinin Şuşa əməliyyatından danışır, bu əməliyyatın dünya hərb tarixinə yazıldığını söyləyir. Vətən müharibəsində qələbənin təmin olunmasında iradəli Sərkərdə, hazırlıqlı Ordu, Ali Baş Komandan ərtrafında sıx birləşən, Ona etibar edən, Ona inanan Xalq faktoru əsaslı rol oynadı. İtkilərimiz oldu, 3 minə yaxın şəhid verdik, əvəzində düşməni 3 qat artıq itkilərə məruz qoyduq, işğalçı Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratdıq, onu torpaqlarımızdan qovduq. Halbuki, hücum edən tərəfin daha çox itki verməsi əksər müharibələrdə rast gəlinən gerçəklikdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında hazırlanan və həyata keçirilən taktika müharibə tarixində az-az rast gəlinən üsul kimi tarixə yazıldı. Kimin necə dediyindən, kimin necə yazdığından asılı olmayaraq Prezident İlham Əliyev nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir. Şəhidlərimizin olması hamımızı üzür, gözümüz yaşlıdır. Digər tərəfdən də Vətənimizin bütövlüyü uğrunda şəhid olan oğullarımızın ruhunun şad olduğuna da sevinirik. Vətəni hər birimiz qorumalıyıq, həm də qanımızla, yeri gələndə ən qiymətli canımızla.

Bəhruz QULİYEV,

SƏS Media Qrupunun rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə