“Qara qitə”ni “ağ günə” çıxaran Fransa... – RAKURS

“Qara qitə”ni “ağ günə” çıxaran Fransa... – RAKURS

İndi də Ermənistan üzərindən Cənbi Qafqaza soxulmaq istəyən Fransanın rasizm və diskriminasiya əməlinə Azərbaycandan reaksiya

Bəlli idi ki, Rusiya sülhməramlılarının 5 illik mandatı bitər-bitməz Qarabağ ətrafında çeşidli "erməni oyunları"nın baş verəcək. Çünki ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün həmişə fürsət axtarıblar. İmkan yaranan kimi əvvəlki fikirlərindən imtina ediblər, öz imzasına dönük çıxmaqdan belə çəkinməyiblər. Ona görə də, onlara rəhm etmək, işi yarımçıq qoymaq olmaz, əlində fürsət varkən başını ilan kimi əzməlisən. Amma içimizdəki insan sevgisi, rəhimli olmağımız ermənilərin yalvarışlarında bizə üstün gəlib və bu da başımıza növbəti problemlər açıb.

Ermənilər Qarabağda ac olduqlarını deyirlər, dünyanın bəzi ölkələri bilməyərəkdən, bəziləri isə bilərəkdən bizi, Azərbaycanı ittiham edir, fitnə-fəsad millətin toruna düşür, "məzlum millət"in yalvarışlarına inanırlar. Yox, Fransa birincilərin sırasında deyil, bu ölkə Ermənistan-Azərbaycan münaqişəsinin tarixini yaxşı bilir, ermənilərin haqsız olduğundan da xəbərdardırlar. Buna baxmayaraq Türk-Azərbaycan düşmənçiliyi Parisə həqiqəti görməyə böyük maneə törədir. "Qara qitə"ni "ağ günə" çıxaran Fransa dünyanın bir başqa ucunda, növbət bölgədə yatmaqda, sönməkdə olan müharibəni yenidən alovlandırmaq üçün bütün imkanlarını səfərbər edib. Başı Afrika dərdindən ayılmayan, əsgərləri "qara qitə"də rəzil duruma düşən Emmanuel Makron Ermənistan üzərindən üstümüzə gəlir. Məqsəd bəllidir, yeni ərazilərdə hökmran olmaq, yeni torpaqlar ələ keçirməkdir. Fransızların erməni sevgisinin arxasında İrəvandakı "hay"ların təsəvvür etdiyi məqsədlər dayanmır. İmperiya xislətli bu ölkəni düşündürən Azərbaycanın təbii sərvətləri və Orta Asiyanın enerji daşıyıcılarının və Cənub-Şərqi Asiya ölkələrindən gələn yüklərin keçəcəyi Orta Dəhlizin əsas seqmentlərindən biri olan Azərbaycana nəzarətdir. İştahası pis deyil, eləmi?

Fransa bu gün beynəlxalq münasibətlər sistemini ayaqlar altına atır, dünya düzəninə qarşı çıxır, Afrikada itirdiyi nüfuzunu azacıq da olsa Cənubi Qafqazda hələ də başa çatmayan müharibənin hesabına bərpa etmək istəyir. Amma burada da ağzı daşa dəyib, qarşısında Azərbaycan olduğunu bir anlıq unudan Paris sanki indi ayılıb. Parisin meri İdalqo ətəyini yığıb Azərbaycanla sərhədə 10 TIR-ı ilə birgə elə sürətlə gəlmişdi ki, ermənilər xanım merin artıq Xankəndidə olduğunu bir anlığa fərz etmişdilər. Amma, ermənilərin "ortancıl bacısı" farslar demişkən "çifayda" İdalqo da ermənilərin ümidini doğrulda bilmədi və hələ də əlində olan ətəyini buraxmalı oldu.

XİN: Fransa Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirir

Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə "humanitar yük" adı altında "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.

Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.

Azərbaycan tərəfi beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələyə münasibət bildirərkən qeyd edib ki, Ermənistan və qondarma kriminal rejim yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər: "Biz diplomatik korpusun nümayəndələri ilə avqustun 15-də Ağdam-Xankəndi yolunun texniki imkanları və çatdırılma qabiliyyəti ilə yerində tanış olmuşduq. Hələ o zaman diplomatik korpusun nümayəndələri bir daha şahid oldular ki, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və bu yol daha səmərəlidir. Bu yol düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanlarına malikdir. Təəssüflər olsun ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, bu günə qədər də dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən yenə də məqsədyönlü şəkildə siyasi manipulyasiyalar, siyasi möhtəkirlik məqsədilə bu yolun açılmasına imkan verilmir".

H.Hacıyev xarici jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolunun fəaliyyətdə olduğu və bu yol ilə istənilən yüklərin Xankəndinə və ətraf ərazilərə çox qısa müddət ərzində çatdırılması təmin oluna biləcəyini dəfələrlə bəyan edib: "Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda, onların öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır. Amma görürük ki, onlar yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər. Ermənistan tərəfindən də məqsədyönlü şəkildə bu siyasətə dəstək verilir.
Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ərzaq yüklərini Ağdam-Xankəndi yolunun Əsgəran yolu ilə birləşmə məntəqəsinə gətirib. Separatçılar yenə də rasizm siyasətinin bariz təzahürü olaraq, bu məmulatların qəbul edilməsinə qarşı çıxış edirlər. Bu, bir daha onu göstərir ki, burada məqsəd reinteqrasiyaya yox demək və qanunsuz statusu saxlamaqda davam edirmək, bu proseslərdən yalnız siyasi manipulyasiya məqsədləri üçün istifadə etməkdən ibarətdir.

Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfinin danışıqlarında bu yüklərin Rusiya sülhməramlılarının maşınlarına daşınaraq, onlar vasitəsilə aparılması məsələsinin müzakirə mövzusu olduğunu vurğulayan H.Hacıyev deyib ki, KİV-lərdə və sosial şəbəkələrdə olan məlumatlar da göstərdi ki, təşkil olunmuş aksiyalar vasitəsilə buna mane olmağa cəhd göstərirlər: "Bu yüklərin bura çatdırılması bir daha Azərbaycanın niyyətinin göstəricisidir. Amma yüklərin qəbul edilməməsi və imtina edilməsinə görə də məsuliyyət tam şəkildə qondarma rejimin və Ermənistanın üzərinə düşür. Onlar da bu manipulyativ prosesdə öz funksiyalarını və rollarını oynamaqda davam edirlər. Beynəlxalq ictimaiyyətin nümayəndələri, Azərbaycanda akkrediyasiya olunmuş dilopmatik korpusun münayəndələri bir daha görürlər ki, burada yalançı təbliğat siyasəti aparılır. Təəssüflər olsun ki, bəzi Qərb media resurslarında bu faktlara və mövcud vəziyyətə yalan şəkildə don geyindirmək cəhdləri də var. Bu prosesdə, eyni zamanda, bəzi korrupsioner Qərb siyasətçiləri də öz rollarını oynamaqdadırlar. Onlar tərəfindən separatizmə dəstək verilməsi və separatistlərin yaxşı və pis separatistlərə bölünməsi tendensiyalarını da görürük ki, bunlar da qəbuledilməzdir. Bir daha qeyd etmək istərdik ki, Azərbaycanın ərazisində hər hansı bir qanunsuz ərazinin, Azərbaycanın mərkəzi hökumətinin nəzarətindən kənar hər hansı bir ərazinin mövcud olması qəbuledilməzdir".

Bəli, Azərbaycan xoşməramlı niyyət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim edir. Amma bundan imtinaya görə məsuliyyət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzərinə düşür. Orada yaşayan erməni əsilli sadə sakinlər həmin rejimin, bu qanunsuz hərbi xuntanın əsarəti altındadırlar. Onlar öz mövcudluqlarını bu cür aqressiv ritorika ilə, müharibə ritorikası ilə əsaslandırmağa çalışırlar və gördüyünüz kimi, bunların heç bir əsası yoxdur. Yüklər buradadır və ən tez zamanda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansısa yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu bütün texniki imkanlara malikdir.

İnanırıq ki, diplomatik korpusun nümayəndələri gözləri ilə gördükləri bu faktları öz ölkələrinin aidiyyəti orqanlarına çatdıracaqlar. Bu, ermənilərin və onların bəzi havadarlarının yaratdığı və yaratmağa çalışdığı yalan mühitinin növbəti darmadağın edilməsi faktıdır.

Ermənistanda nə var, nə yox?

Başı İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərə qarışan "Ana Ermənistan" blokunun lideri Andranik Tevanyan Qarabağda baş verənlərə işarə vuraraq deyib ki, hakimiyyətin tam dəyişməsi üçün fürsətdir: "Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyaraq buranın blokadaya alınmasına töhfə verib. Ermənistana təhlükə yaranıb. Əminik ki, yalnız Paşinyanın hakimiyyətdən getməsi ilə Ermənistan üçün real sülh və təhlükəsizliyi təmin etmək mümkün olacaq. Biz hamını seçkilərdə iştirak etməyə və Paşinyanın yalana və saxtakarlığa əsaslanan gücünə "yox" deməyə çağırırıq. Biz Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq proqramı ilə seçkilərə qatılırıq. O, Ermənistanın varlığına təhlükədir".

Görüşdə sakinlərdən biri gecələr hürən, insanları qorxudan sahibsiz itlərin probleminin həllinə çağırıb və buna Tevanyan belə cavab verib: "Ölkədə iri sahibsiz itlərdən qurtulanda kiçik itlərlə bağlı problemi həll etmək daha asan olacaq".

Bu arada separatçıların başçısı Arayik Arutyunyan "dövlət naziri" Qurgen Nersisyanı vəzifəsindən azad edib və özü də Xankəndidəki qondarma rejimin rəhbərliyindən istefa verdiyini bildirib. Arutyunyanın fikrincə, onun tərcümeyi-halı və Azərbaycanın ona münasibəti gələcək addımlar və çevik siyasət baxımından süni problemlər yaradır. Üstəlik, müharibədəki məğlubiyyət və müharibədən sonrakı çətinliklər hakimiyyətin, xüsusən də prezidentin etibarını azaldıb, bu da gələcək yaxşı idarəçiliyə mane olur – ona görə də dəyişikliyə özündən başlamaq qərarına gəlib.

"Bu son qərardır, mən son həftələrdə daxili və xarici aktorlar və geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq bunu iki gün əvvəl vermişəm. Bu, yalnız məndə olan məlumatların təhlili əsasında mənim balanslaşdırılmış qərarımdır", – Arutyunyan yazıb.

Fransa quyruq bulayır

Azərbaycana tərəf hürənlərin biri də özünü təqdim edib. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin sədri Natali Loizeau Qarabağda yaranmış "humanitar böhran"dan danışıb. "Qarabağda humanitar fəlakət var. Azərbaycana qarşı sanksiyalar tətbiq etməyin vaxtıdır", - Luazeau özünün X mikrobloqunda yazıb.

"Fransa diplomatiyası rahatlıq zonasından çıxmalı və hərəkətə keçməlidir". Bu barədə Qarabağa "humanitar yardım" göndərmək üçün Fransanın bir sıra regionlarının nümayəndələri ilə birlikdə Ermənistana gələn İl-de-Frans Dairə Şurasının üzvü Patrik Karam Gorusdə keçirdiyi mətbuat konfransında bildirib. Patrik Karam o qədər həddini aşıb ki, hətta Beynəlxalq Cinayət Məhkəməsinə Azərbaycandan şikayət edəcəyini də gizlətməyib.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyandan da növbəti bəyanat eşidilib. O qeyd edib ki, Azərbaycan Laçın yolu yaxınlığında gözləyən "humanitar karvan"ı Qarabağa buraxmır. Baş nazir xatırladıb ki, avqustun 31-də Laçın yolundan bir qədər aralıda Qarabağa daxil olmaq üçün gözləyən "humanitar yük" daşıyan 22 yük maşınına daha 10 yük maşını əlavə edilib. Paris merinin başçılıq etdiyi nümayəndə heyəti Fransanın bir neçə regionunun Kornidzor kəndinə göndərdiyi "humanitar korteji" müşayiət edib.

İkili oyunları ilə daha çox yadda qalan baş nazir yalanlarını sıralamaqda davam edib: "Nə indi, nə də iyulun 26-dan ərazidə dayanan "humanitar kortej"ə Qarabağa daxil olmaq imkanı verilməyib. Bu o deməkdir ki, Azərbaycan Rusiya sülhməramlılarının iştirakı ilə hərbi əməliyyatları davam etdirir. Qarabağ ermənilərini aclıq yolu ilə "soyqırıma" məruz qoymaq siyasəti. Bu siyasətin əsas məqsədi Qarabağ ərazisinin ermənilərdən azad edilməsidir. Dediyim kimi, bu dəhşətli proqramın inkişaf ssenarilərindən biri Azərbaycan humanitar böhranın ən kəskin dövründə birtərəfli qaydada Laçın dəhlizinin açılmasını, yəni insanların Qarabağdan çıxmasına imkan verməyi və onların geri qayıtmasının qarşısını almağı planlaşdırır". Baş nazir mövcud vəziyyətdən çıxış yolunu dialoqda görüb.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərh verib. XİN-dən verilən xəbərə görə, 31 avqust tarixində hökumət iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı "soyqırımı" həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.

Ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hal-hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndinə keçidi gözləyir. Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin "humanitar vəziyyət" ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil.

Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hal-hazırda erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.

Görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür. Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin.

V.VƏLİYEV
P.S. Atalar məsəli: "İtlə dostluq elə, çomağını əlindən yerə qoyma"

Bütün xəbərlər Facebook səhifəmizdə