Azərbaycanın beynəlxlaq səviyyədə növbəti siyasi qələbəsi ŞƏRH

Azərbaycanın beynəlxlaq səviyyədə növbəti siyasi qələbəsi ŞƏRH

BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. Dövlət başçısı İlham Əliyev işğal dövründə belə bir çağırışı ən yüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasının iclaslarında, illik ümumi müzakirələrdə səsləndirdi. Dünyadan 27 il ədalət gözləyən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə həm BMT qətnamələrini təkbaşına icra edərək tarixi ədaləti bərpa etdi, həm də yaratdığı yeni reallıqlarla regionda və dünya siyasətində yenilikləri şərtləndirdi. Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Hadisələrin gedişinə diqqət yetirdikdə işğalçı Ermənistanın isə tamamilə fərqli bir yanaşma nümayiş etdirdiyini görürük. Sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün cəhdlər göstərən işğalçı Ermənistan hər dəfə məğlubiyyətə uğrasa da yeni ssenarilər hazırlamaqda davam edir. Bu baxımdan bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti və bu əsasda keçirilən müzakirələr də Ermənistanın həmin ssenarilərinin tərkib hissəsidir.Azərbaycan dəfələrlə Qarabağa humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Lakin ermənilər qəsdən bu yoldan imtina edirlər. Laçın yolunda Azərbaycan dövləti tərəfindən qurulmuş nəzarət- buraxılış məntəqəsi açıqdır və bu günə qədər iki mindən çox mülki erməni bu yoldan istifadə edərək İrəvana gedərək geri qayıdıb.

BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin nümayəndəsi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyinə diqqət çəkdi və fikirlər səsləndirdi. Beləliklə, BMT TŞ-nın iclasından heç bir nəticə ala bilməyən Ermənistan daha bir dəfə fiaskoya uğradı. Azərbaycan isə bir daha öz ədalətli və haqlı mövqeyini Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, faktlara əsaslanan çıxışı ilə bir daha beynəlxalq tribunadan ifadə elədi. Həmçinin, Ağdam-Xankəndi yolunun açılması üçün beynəlxalq ictimai rəyi bir qədər də möhkəmləndirdi. Xatırladaq ki, avqustun 16-da Azərbaycanda fəaliyyət göstərən akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri (45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi) Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmuşdular. Elə müzakirələr zamanı Azərbaycanın "Ağdam-Xankəndi" yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının vacibliyi bir daha qeyd olundu.

Son günlər Ermənistan ordusunun Azərbaycan - Ermənistan şərti sərhəddində, eləcə də Qarabağda yerləşən qeyri-qanuni hərbi birləşmələrinin mövqelərimizi atəşə tutması intensivləşib. Ermənistan rəhbərliyi Qarabağdakı separatçıları silah-sursatla təmin edir. Onların Qarabağa hərbi texnikalarını yerləşdirməsi və səngərlər qazması Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidə həyata keçirilir. Çox təəssüf ki, Rusiya Sülhməramlı qüvvələri separatçıların bu qanunsuz hərəkətlərinə göz yumurlar.Beynəlxalq Ədalət Məhkəməsindən sonra Təhlükəsizlik Şurasında da məğlub olan Ermənistanın bir çıxış yolu qaldı. Azərbaycanın irəli sürdüyü şərtlər əsasında beynəlxalq prinsiplərə söykənən sülh müqaviləsinə imza atmaq. Qarabağdakı separatçılar da törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə mühakimə olunacaq. Onların əfv olunub olunmayacağı barədə qərar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən veriləcək. Qarabağda yaşayan sadə erməni əsilli Azərbaycan vətəndaşları Azərbaycan qanunları ilə firavan və rahat həyat sürəcəklər. BMT Təhlükəsizlik Şurasındakı Azərbaycan dövlətinin qələbəsi ölkəmizin güdrətli bir dövlət olduğunu, Prezident cənab İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olmasını sübut etdi.

Nicat İsmayılov

YAP Yasamal rayon Akim Abbasov 73 E ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə