Azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdə, şəhər və iri yaşayış məntəqələrində erməni silahlılarının, terrorçuların, saqqallı-daşnakların törətdiyi vəhşiliklər haqqında çox yazılsa da bu cinayəti törədənlərə layiq olduqları cəzanın veriləcəyi günü çox gözləməli olduq. “Cinayət cəzasız qalmaz”, “haqq nazilər, üzülməz”, “alma məzlumun ahını, çıxar ahəstə-ahəstə” kimi el məsəlləri dilimizi yağır etsə də cinayətkarlar cəzasız qaldığı kimi, haqq da nazilmişdi, məzlumun ahı da yerdə qalmışdı. Nə qədər ki, dünyamızda “at koşturanlar” ədalətsizdir, haqlıya ağız büzənlər, ona rişxənd edənlər çoxdur, nəticə də velə olmalı idi. Amma yenə özümüzə güvənməyimiz işimizə yaradı, başqalarından haray çıxmadığını görən Azərbaycan bir bayraq altında və bir sərkərdənin ətrafında cəm olaraq düşməninə qan uddurdu, onu zəlil günə qoydu...
Qərblilərin “atəşkəs” dediyi dönəmə qədər isə olanlar olmuşdu, erməni cəlladları azərbaycanlılara qarşı bəşər tarixinin ən qəddar üsullarından istifadə edərək vandallııqlar, vəhşiliklər törətmişdilər. Həmin vəhşiliklərdən, cinayətlərdən biri də Xocalı rayonunun Meşəli kəndində baş vermiş soyqırımıdır. Bəli, əsl soyqırımı, kənd sakinləri məhz azərbaycanlı olduqlarına görə, ermənilər tərəfindən ən qəddar üsullarla qətlə yetirilmişdilər. Əvvəlcə rus hərbçiləri kənddə kimdə silah var idisə yığıb aparmışdılar ki, müqavimət göstərən olmasın. Sonra isə dişinə qədər silahlanmış erməni-rus birləşmələri zirehli texnikaların dəstəyi ilə əvvəlcə kəndi mühasirəyə almış, sonra isə kəndə hücum edərək 28 nəfər kənd sakinini, o cümlədən iki ailəni bütünlüklə qətlə yetiriblər. Şahidlərin dediyinə görə qətliamda iştirak edənlərin demək olar ki, əksəriyyətinin kimliyi sakinlərə bəllidir. Amma ötən müddət ərzində həmin caniləri həbs etmək mümkün olmayıb.
Bu gün isə vəziyyət tam fərqlidir. Xocalı, Malıbəyli, Ağdaban, Başlıbel, Cəmilli, Kosalar, Kərkicahan və digər sadalamadığımız kənd və şəhərlərdə törədilən cinayətlərin iştirakçılarının bir qismi, Azərbaycandan kənara çıxmağı bacarsalar da, az olmayan bir qismi hələ də Qarabağ ərazisində gizlənirlər. Onlardan biri Vaqif Xaçatryan adlı cani xəstə adı ilə ərazini tərk etmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində həbs olundu. Ermənistanda, Qarabağdakı separatçılar arasında vəlvələ yaşanmaqdadır. Xaçatryanın həbs olunmasının səbəbləri açıqlansa da ermənilər Vaqif kimi cinayətkarlara “azadlıq mücahidləri” damğasını vuraraq onu məsuliyyətdən qurtarmağa çalışırlar. Əslində ermənilər və digər “müdafiəçilər” V.Xaçatryana “mücahid” damğası vurmaqla onu bir az da quyunun dərin yerinə salıblar. Yəqin ki, o dairələrdəkilər bilməmiş deyillər ki, həmin o “mücahid” Azərbaycan dövlətinə qarşı separatçı çıxışlar edib, qanuni hakimiyyətə qarşı silahlı münaqişələrdə, müharibələrdə iştirak edib, insanlara qarşı cinayətlər törədib. Bir sözlə, ermənilərin “müdafiəsi” “üzürü günahından böyük” olub.
Haqlı olaraq Meşəli soyqırımının qurbanları beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər. Müraciətdə deyilir ki, 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçaturyanı yaxşı tanıyırıq. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb. Otuz iki ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar, bu boyda faciəni görməyiblər, eşitməyiblər. Biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.
Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!
Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb. Biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük.
Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçaturyan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan məhkəmələrində cavab verməlidir.
Biz bu ədalət anını onillərdir gözləmişik. Bu, çəkdiyimiz iztirablardan, itirdiyimiz doğmalardan, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Biz illərdir ki, bu günün həsrəti ilə yaşamışıq, bir gün də olsun inamımızı, ümidimizi itirməmişik.
Bəli, Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını törədən qatillər yaxşı eşitsin ki, daha heç nə əvvəlki kimi olmayacaq. Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər.
Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə vaxtında beynəlxalq reaksiya verilsəydi, zəruri tədbirlər görülsəydi, eyni hallar Qaradağlıda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və Azərbaycanın daha neçə-neçə yaşayış məntəqələrində təkrarlanmazdı. Bu cinayətlərin qarşısında susqunluq Ermənistan hakimiyyətini işğalı genişləndirməyə, yeni kütləvi qırğınlar törətməyə həvəsləndirmiş oldu.
Təəssüflə qeyd etmək istəyirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tibbi evakuasiyasından da sui-istifadə edir. Bu quruma aid olan avtomobillər cinayətkarların sığınacaq yeri olmamalıdır.
Bu gün yenə də müharibə canisi Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində həbs edilməsi ətrafında Ermənistan ajiotaj yaradılır. Amma özləri də yaxşı bilirlər ki, onların belə cəhdləri mənasızdır, dəhşətli cinayətlər törətmiş qatili müdafiə etməyə çalışmaq nəticə verməyəcək.
V.SALAH
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB