Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Bu gün Bakıda 15 İyul Türkiyə Cümhuriyyətinin Demokratiya və Milli Birlik Günü münasibətilə əlaqədar tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Baku New Hoteldə baş tutub. Keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən QHT sədrləri Zərifə Quliyeva, Elçin Axundzadə, Türkiyə Osmanlı-Turan federasiyasının başçısı Şahin Çelik, Vizyon Hüquqçular Dərnəyinin başçısı Gülseren Başocak və tədbirin informasiya dəstəyi Səs Media qrupun rəhbəri Bəhruz Quliyev iştirak ediblər.

Tədbirin açılışında təşkilatçılar qonaqları salamladıqdan sonra Azərbaycan və Türkiyənin dövlət himni səslənib. Daha sonra Ulu Öndər Heydər Əliyev, Mustafa Kamal Atatürk və şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut elan olunub.

Tədbirdə çıxış edən QHT sədri Zərifə Quliyeva Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün gördüyü işlər barədə qonaqlara məlumat verib. 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü və 15 İyul - Türkiyə Cümhuriyyətinin Demokratiya və Milli Birlik günlərinin tarixi barədə məlumat verib.

Türkiyə Osmanlı-Turan federasiyasının başçısı Şahin Çelik Azərbaycan-Türkiyə qardaş münasibətlərindən bəhs edib və iki qardaş millətin çəkdiyi əzablardan danışıb: "15 iyul 2016-cı il İstanbul və Ankarada baş verən dövlət çevrilişində çox şəhid və qazi verdik. Lakin düşmənləri öz oyunları içində boğduq, Vətənin bir qarış torpağını da vermədik. Eynilə, Qarabağ 30 il düşmən əsarətində qalsa da Qarabağımızı geri aldıq, düşmənə bir qarış da torpaq vermədik". O, həmçinin, Azərbaycan-Türkiyə münasibətlərini bütün türk dünyasının qardaşlıq nümunəsi adlandırıb.

Tədbirdə informasiya dəstəyi "Səs" Media qrupun rəhbəri Bəhruz Quliyev də çıxış edib. B. Quliyev Azərbaycan-Türkiyə münasibətlərini milli birliyin nümunəsi adlandırıb və deyib: "Bizim bir yumruğumuz dəmir yumruqdur".

Daha sonra Azərbaycan-Tükiyə münasibətlərindən bəhs edən video-çarx nümayiş etdirilib.

Tədbirin davamında müğənnilər mahnı ifa edib, tədbirin iştirakçılarına mükafatlar təqdim edilib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə