"Tovuz döyüşləri II Vətən müharibəsinə açılan qapı oldu" - EKSPERT ŞƏRH ETDİ

"Tovuz döyüşləri II Vətən müharibəsinə açılan qapı oldu" - EKSPERT ŞƏRH ETDİ

“Bütün irili-xırdalı hərbi əməliyyatları düşmənin təxribatlarının qarşısını almaq və ona gücümüzü göstərmək kimi qəbul etmək olar. Əlbəttə ki, hər bir əməliyyat Azərbaycanı qəti qərar qəbul etməyə və qələbəyə yaxınlaşdırdı. Üç il bundan öncə baş vermiş Tovuz hadisələri də öz xüsusiyyətləri ilə seçilir. Tovuz rayonu stratejik ərazidir, eyni zamanda beynəlxalq kommunikasiyalar və çox geniş logistik imkanlara malikdir. Tovuz döyüşləri zamanı düşmən təxribatı bir daha göstərdi ki, onlar həyasızcasına yeni ərazilərin işğalı barədə düşünürlər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bütün bunlar gələcəkdə vəziyyətin gərginləşəcəyi və hansı istiqamətdə cərəyan edəcəyindən xəbər verirdi: “Tovuz döyüşləri hərbi-siyasi əhəmiyyəti yüksək olan bir hadisə idi. Çünki bu döyüşlərdən sonra artıq Ali Baş Komandan İlham Əliyev “diplomatiyada hücum” ifadəsini işlədərək siyasi üstünlüyü qazanmış oldu. Bunun nəticəsində Azərbaycan daha çox güc variantına keçəcəyi ilə bağlı beynəlxalq qurumları məlumatlandırdı. Müharibə başlayacağı halda Türkiyə və Pakistanın ölkəmizi dəstəkləməsi siyasi riskləri minimuma endirdi. Hələ Aprel döyüşlərində Azərbaycan hərbi rəhbərliyi Moskvada atəşkəs barədə yenidən qərar qəbul etməli oldu. Əlbəttə, bu bir təzyiq idi. Məhz bu təzyiqlərin azalması istiqamətində mühüm addımların atılması Azərbaycanın gələcəkdə ərazi bütövlüyünü bərpa etmək üçün zəmin rolunu oynadı”.

Ekspert sözlərinə davam edərək bildirib ki, Tovuz döyüşləri 44 günlük müharibəyə açılan qapılar kimi də qəbul edilə bilər: “Digər tərəfdən Tovuz hadisələrindən sonra cəmiyyət öz birliyini göstərdi. Xalq artıq işğal ilə barışmamaq, ərazi bütövlüyünü bərpa etmək üçün öz iradəsini ortaya qoydu. Nəticədə Tovuz döyüşlərində düşmənə layiqincə cavab verərək Azərbaycan açıq-aydın güc siyasəti ilə hərəkət edəcəyini bildirdi. Tovuz döyüşlərindən sonra Azərbaycan-Ermənistan münasibətlərindən barıt qoxusu gəlməyə başladı. Artıq hər kəs bilirdi ki, yaxın zamanda Azərbaycan ədalət yolunda qəti addımlar atacaqdır. Ali Baş Komandan məqam çatdıqda əks-hücum əmrini verərək öz ordusunu qələbəyə apardı və qısa bir müddətdə ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Bununla da Azərbaycan bütün dünyaya sübut etdi ki, heç kim Azərbaycana şərt qoya bilməz. Dövlətimizin ərazi bütövlüyü Azərbaycan üçün hər şeydən üstündür”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə