"Qoşulmama Hərəkatı özünün ikinci baharını yaşayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olmaqla özünün sülh siyasətini, dünyada hərbi gücdən istifadə etmədən inkişafa, problemlərin həllinə maraqlı olduğunu göstərdi. Qoşulmama Hərəkatı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra heç bir hərbi bloka qoşulmaması, Ermənistandan başqa bütün dövlətlərlə normal qonşuluq siyasəti yeritməsi nəticədə onu belə bir nüfuzlu təşkilata üzv olmağa gətirib çıxardı. Üzv olduğu dövrdə Hərəkatın fəaliyyətində yaxından iştirak etdi. Heç də təsadüfi deyil ki, üzvlükdən cəmi 8 il sonra Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu sədrlik dövrü bu gün dünya proseslərində Azərbaycanın pozitiv bir rol oynamasının bariz nümunəsi oldu: “Doğrudur, bu sədrlik dövrü pandemiyanın dünyanı bürüdüyü dövrə təsadüf etdi. Amma Azərbaycan bu situasiyada belə özünün yüksək təşkilatçılıq qabiliyyətini göstərdi. Dövlətimizin təşəbbüsü ilə BMT Baş Məclisinin koronavirusla mübarizə ilə bağlı xüsusi sessiyası keçirildi. Azərbaycan kiçik imkanlara malik olmasına baxmayaraq Qoşulmama Hərəkatına üzv olan 40-a qədər dövlətə koronavirusla mübarizə üçün hərtərəfli yardım göstərdi. Eyni zamanda, peyvəndlərin qeyri-bərabər bölünməsi ilə bağlı bütün dünyaya Qoşulmama Hərəkatının mövqeyini çatdırdı. Həqiqətən Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı özünün ikinci baharını yaşayır. Azərbaycan onun təşkilatlanması üçün təşəbbüslər irəli sürdü”.
Deputat sözlərinə davam edərək bildirib ki, Qoşulmama Hərəkatına aid olan problemlərin dünya səviyyəsində səsləndirilməsi və həlli variantı üçün dünyanın imkanlarının cəlb edilməsi bu gün təşkilatın xarakterik xüsusiyyətlərindən hesab edilir: “Bu, sıradan bir təşkilat deyil. Qoşulmama Hərəkatı dünyada gedən prosesləri özündə əks etdirir. Azərbaycanın sədrliyi isə Hərəkatın fəaliyyətini gücləndirdi. Hesab edirəm ki, Azərbaycanın sədrliyi bundan sonra da Qoşulmama Hərəkatına daha böyük dinamiklik gətirəcək”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB