"Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək məcburiyyətindədir" - DEPUTAT BİLDİRDİ
"Ermənistan elə hesab edir ki, dünya onun qaydaları ilə hərəkət edəcək və vaxtaşırı bu və ya digər beynəlxalq məhkəmələrə müraciət edərək Azərbaycanla bağlı ədalətsiz qərarlar verilməsini xahiş edir. Amma beynəlxalq hüquq normaları var. Həmin normalar kiminsə istəyi ilə deyil, ölkələrin suverenliyinə hörmətlə yanaşılması və beynəlxalq birlikdə ədalətin qorunması prinsipləri üzərində qurulub. Buna görə də Ermənistanın vaxtaşırı beynəlxalq qurumlara müraciəti həmişə rədd cavabı alır". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O sözlərinə davam edərək bildirib ki, Laçın Azərbaycan ərazisidir: "Hər bir ölkə özünəməxsus olan ərazidə suveren hüquqlarını həyata keçirir. Dünya tarixində elə bir şey olmayıb ki, bir dövlət digərinin maraqlarına uyğun dəhliz açsın. Əlbəttə ki, Ermənistanın bu absurd istəyi növbəti dəfə rədd edildi. Ermənistan Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək məcburiyyətindədir. Azərbaycanın Qarabağ iqtisadi ərazisində yaşayan erməni icması dövlətimizin qanunlarına tabe olmalıdır. Hər hansı bir ərazimiz üzərində iki dövlətin hüququnun olması qeyri-mümkün məsələdir. Ermənistan özünün uydurduğu virtual dünyadan çıxaraq reallıqla barışmalı və Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmalıdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB