"Üç ölkə arasında görüşün keçirilməsi sıradan hadisə deyil" - MÜNASİBƏT BİLDİRİLDİ
"Türkiyə NATO-nun ilk yaradıldığı dövrlərdən üzvlüyə qəbul edilib və onun bütün tarixi boyu önəmli rol oynayıb. Finlandiya NATO-nun Şərqə doğru genişlənmə prosesində təşkilat üzvlüyünə qəbul olunmuş ölkələrdən biridir. Eyni zamanda, Rusiya ilə NATO-nun indiki münasibətləri kontekstində Finlandiyanın üzvlüyə qəbul edilməsi olduqca nəzərəçarpan tarixi hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Finlandiyanın üzvlüyə qəbul olunması Türkiyə ilə NATO arasında xüsusi bir mərhələdən keçdi: “Məlumdur ki, Finlandiya və İsveçin NATO üzvlüyünə qəbul edilməsinin eyni vaxtda həyata keçirilməsi gözlənilirdi. Hər iki ölkənin NATO-ya qəbul olunması Türkiyənin xüsusi maraqları ilə bağlı məsələ idi. Bu səbəbdən də NATO və Türkiyə arasında müəyyən fasilə, hətta gərginlik belə yaranmışdı. Türkiyə bu iki ölkənin üzvlüyə qəbul edilməsi üçün xüsusi şərtlər nümayiş etdirdi. Təbii ki, bu şərtlər Türkiyənin dövlət maraqları ilə bağlı idi. Lakin sonda Finlandiya Türkiyəni maraqlandıran məsələ ilə əlaqədar lazım olan mövqeyi nümayiş etdirdiyinə görə onun üzv seçilməsinə maneçilik törətmədi”.
Aydın Quliyev sözlərinə davam edərək bildirib ki, Türkiyə Parlamenti Finlandiyanın NATO-ya qəbulu ilə bağlı məsələni ratifikasiya etdi: “Amma indiyədək İsveçin NATO-ya üzvlük məsələsi öz həllini tapa bilmir. Bu da Türkiyənin dövlət mənafeləri ilə iddialarından irəli gəlir. Türkiyəni maraqlandıran önəmli məsələlərdən biri İsveçin müəyyən terror təşkilatları ilə münasibətlərinin aydınlaşması və silah satışı ilə əlaqədar embarqolara yenidən baxılmasıdır. Etiraf edək ki, hər iki məsələ qardaş ölkə üçün vacibdir. Amma ötən bir il ərzində İsveçin həm qanunlarını dəyişdirməsi, həm terror təşkilatları ilə münasibətlərin aydınlaşdırılması yolunda addımların atılması, həm də Türkiyəyə silah ixracı ilə bağlı məsələdə müəyyən dəyişikliklər etdiyi deyilsə də görünür bunlar hələki Türkiyəni qane etmir. Ona görə də Türkiyə İsveçin NATO-ya üzvlüyünə xeyir-dua vermir. Bu nöqteyi-nəzərdən NATO-nun şərqə doğru genişlənmə prosesində önəmli mövqeyə malik olan bu üç ölkənin XİN rəhbərləri arasında görüş keçirilməsi sıradan bir hadisə deyil. Çox güman ki, bu görüşdə NATO-nun genişlənmə məsələləri müzakirə olunacaq. Burada təşkilata ən son üzv seçilmiş bir ölkə olaraq Finlandiyanın Türkiyə ilə münasibətlərin tənzimlənməsi yönündə atdığı addımlar bir nümunə kimi özünü göstərə bilər. Eyni zamanda, görüşdə diqqət İsveçin NATO-ya üzv seçilməsi üçün atmalı olduğu addımlar və bu baxımdan Finlandiyanın təcrübəsinin əhəmiyyət kəsb edə biləcəyi üzərində cəmləşəcək".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB