Fransa özünü dünyaya demokratik ölkə kimi təqdim edir. Guya bu ölkədə insan haqları, seçib-seşilmək hüququ o qədər zərgər dəqiqliyi ilə qorunur ki, bu günə qədər kimsənin narazılığı olmayıb. Əvvəla qeyd etçək yerinə düşər ki, demokratiyadan, insan haqlarından, dini və irqi ayrıseçkilikdən danışan ölkələrin ən sonunda Fransanın gəlməsi heç də təəccüblə qarşılanmamalıdır. Fransa cəmiyyətində Afrika əsilli vətəndaşlara hələ də 5-ci növ insan kimi baxılır. Hələ də kübar fransız ailələrində qullar saxlanılır, köləlik cəmiyyətin həyat tərzinə çevrilib. Ağdərili fransızların hüququ qaradərili və yaxud ərəb əsilli Fransa vətəndaşlarınınkından iki pillə irəlidədir. Hələ indiyədək məhkəmələrdə qaradərili, yaxud ərəb əsilli birinin fransızı udması görünməyib. Əslində bütün bunlar Fransanın kölgə konstitusiyasında yağlı hərflərlə yazılıb. Ona görə də vəkil də, hakim də, müttəhim də, şikayətçi də nəticənin nə olacağını əvvəlcədən bilir və ona görə də səsini çıxarmır.
Fransa uzun illər Afrika və Latın amerikasında, Yaxın şərqdə, Okeaniyada müstəmləkəçi obrazı ilə tanınıb. Dünyanın adını çəkdiyimiz qitə və materiklərində yerli əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədən Fransa müstəmləkəçiləri insanları qul kimi çəkib bir yerdən başqa bir yerə aparıblar, plantasiyalarda ölənəcən işlədib, onlarla heyvan kimi davranıblar.

Əlcəzairdə Fransa barbarlığı
Fransa 1830-cu ildə Əlcəzairin ərazini işğal edib. 1962-ci ildə müstəqilliyini əldə edənə qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün əlindən gələni edib, xalqı assimilyasiyaya məruz qoyub. Məqsəd isə məhz fransız Əlcəzairi yaratmaq olub. Bunun üçün XIX əsrin sonlarında bir milyona yaxın fransız Əlcəzairə yerləşdirilib. Gəlmələrə böyük imtiyazlar və imkanlar verilib. Dolayısıyla başlanılan kampaniya stimul da almış olub. Təbii ki, fransızların bölgəyə köçü əlcəzairlilərin işsizlik problemlərini daha da artırıb. Bu vəziyyət isə sanki bumeranq effekti yaradaraq Əlcəzairdən Fransaya axına da gətirib çıxarıb.
I Dünya Müharibəsindən sonra Əlcəzairdə fransız işğalına qarşı milli mücadilə formalaşıb. Bu mübarizənin öndəri Şeyx Abdullah Mən Badis olub. Şeyx Abdullahın "İslam mənim dinim, ərəb dili dilim, Əlcəzair vətənimdir" sözləri başlanan mübarizənin şüarına çevrilib. Gözlənildiyi kimi, şeyxə qarşı Fransanın reaksiyası sərt olub və o, həbs edilib. Beləcə istiqlal savaşının yatırılmasına cəhd göstərilib. Repressiyaların ardından II Dünya Müharibəsinin başlaması da mövcud istiqamətdəki fəaliyyətə təsirsiz ötüşməyib. Həmin dövrdə Fransa əlcəzairlilərin tərəfdaşlığı qarşılığında onlara azadlıq vədi verib.
Lakin dünya savaşı sona çatdıqdan sonra Paris vədlərinə xilaf çıxdı. Əlcəzairlilər həm qələbəni qeyd etmək, həm də azadlıqlarına qovuşmaq üçün bayraqlarla Setif şəhərində böyük nümayişə çıxdilar. Fransanın bu nümayişə reaksiyası Əlcəzair xalqına insanlıq tarixinin ən faciəvi günlərindən birini yaşatdı. Fransız ordusu havadan və qurudan bölgəyə hücum çəkdi. Bir neçə gün çəkən hərbi aksiyada 45 min adam həyatını itirdi. Qırğınlar fonunda Əlcəzairdə yaranmış Qurtuluş Təşkilatı mübarizə səhnəsinə çıxdı. Beləcə ölkədə 1954-cü il oktyabrın 31-də yadelli təcavüzə qarşı böyük qiyam başlandı.
Fransa qiyama həbslər və hərbi güclə cavab verdi, ölkəyə 500 min əsgər göndərdi. Yerliləri qorxutmaq məqsədilə ələ keçirilən müqavimətçilərə ağır işgəncələr tətbiq olundu. Minlərlə insan mühakiməsiz edam edildi. Fransızlar bölgədə qala bilmək üçün işgəncə və qırğınları davam etdirdilər. Ancaq bütün bunlar xalqın əzmini sarsıtmadı, əksinə mücadilə gücləndi. Üstəlik ölkədən kənarda Əlcəzair Respublikasının müvəqqəti hökuməti quruldu. Bütün bu hadisələr isə Fransada siyasi böhrana gətirdi. Əlcəzairlilərin müqaviməti qarşısında davam gətirməyən Fransa xalqın müstəqillik yolundan çəkilərək referendum keçirilməsinə razılıq verdi. Beləliklə Fransa müstəmləkə bildiyi məmləkətə azadlıq vermək məcburiyyətində qaldı. Səkkiz ilin istiqlal savaşı 1 milyon əlcəzairlinin həyatı bahasına başa gəldi.

Köhnə və yeni Fransa oxşarlığı
Əlcəzairin xarici işlər naziri Əhməd Ataf fransalı həmkarı Ketrin Kolonnanın Əlcəzairin milli himnini bu yaxınlarda redaktə etməsi ilə bağlı tənqidlərinə cavab verib. Romada rəsmi səfərdə olarkən Ataf İtaliyanın “Nova” xəbər agentliyinə “Fransa xarici işlər nazirinin Əlcəzairin milli himni ilə bağlı fikir bildirə biləcəyini düşünməsi bizi heyrətə salıb” deyə etirazını bildirib.
"Bəzi Fransız partiyaları və ya siyasətçiləri üçün Əlcəzairin siyasi məqsədlər üçün asan bir mövzuya çevrildiyi təəssüratları yaranır" deyə Ataf İtaliya qəzetinə açıqlamasında xüsusi vurğulayıb. Qeyd edək ki, Kolonna keçən həftə Fransanın LCI xəbər kanalına Əlcəzairin milli himninə 20-ci əsrin ortalarında ölkənin fransızlardan müstəqillik uğrunda mübarizəsinə aid bir misranın yenidən əlavə edilməsinin "köhnəldiyini" söylədikdən sonra vəziyyət gərginləşib.
"Zamanın konteksti bunu izah etsə də, deməliyəm ki, mən özümdən soruşuram ki, bu, bir az köhnəlmiş görünür", deyən Kolonna guya münasibətlərin əvvəlki kimi olmadığını büruzə verməyə çalışsa da, xanım baş diplomatın “tülkü siyasəti” açıq şəkildə özünü göstərib.
1962-ci ildə Əlcəzairin uzun və amansız müharibədə Fransadan müstəqillik əldə etməsindən sonra qəbul edilmiş himnin bərpa edilmiş misrasında Fransanın adı açıq şəkildə çəkilir və “hesab günü” vəd edilir.
Himndə deyilir: “Ey Fransa, məzəmmət vaxtı bitdi, Biz onu kitabı bitirmiş kimi bitirdik. Ey Fransa, bu haqq-hesab günüdür, Cavabımızı bizdən almağa hazırlaş!”. Bu cümlələr əvvəllər Parislə gərginlikdən qaçmaq, xüsusən də Əlcəzairin 1980-ci illərdə neft böhranı səbəbindən iqtisadi çətinliklərlə üzləşdiyi dövrdə himndən çıxarılmışdı.
Şənbə günü isə bu addım Əlcəzair və Paris arasında siyasi gərginliyin artması fonunda baş verib, çünki tarixi narazılıqlar münasibətlərə təsir etməkdə davam edir. Əlcəzair-Fransa əlaqələri 2021-ci ilin sonlarında Fransa prezidenti Emmanuel Makronun Əlcəzair tarixi ilə bağlı mübahisəli şərhlərindən sonra böhrana düşüb. Əlcəzair Fransanın müstəmləkə keçmişinə tənqidi yanaşır və onun müstəmləkəçilik dövründə törətdiyi haqsızlıqları tanımağa və üzr istəməyə çağırır.
Keçən yay Fransa prezidenti Makron müstəqillik qazandıqdan 60 il sonra Əlcəzairə səfər edərkən özünü barışıq tərəfdarı kimi təqdim etməyə çalışmışdı. Amma işğalçı ölkənin prezidentinə münasibət adekvat olmuşdu. İnsanlar hətta onu yumurta yağışına tutmuşdular, görüşmək istədiyi kütlə ona arxasını çevirib getmişdi.

Fransanın Ruanda soyqırımı
Qondarma "erməni soyqırımı" məsələsi Fransa parlamentinə yol tapanda Türkiyə Fransanın Əlcəzair və Ruandada törətdiyi vəhşilikləri qabartmağa başladı. Bu baxımdan, Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyib Ərdoğanın ittihamları və mesajları xüsusi önəm kəsb etdi. Fransa hakimiyyətinin vaxtilə Əlcəzair və Ruandada həyata keçirdiyi siyasəti "soyqırım" kimi rəsmiləşdirməyə çağıran Ərdoğan "soyqırım görmək istəyənlər dönüb öz çirkli, qanlı tarixlərinə baxsınlar… Əgər Fransa Senatı tarixlə maraqlanmaq istəyirsə, Ruanda və Əlcəzairdə yaşananlara açıqlıq gətirsin..." deyə bildirdi.
Ermənilərin heç bir fakta, tarixi qaynaqlara əsaslanmadan hər il dünyaya car çəkərək türklərin ayağına yazmağa çalışdıqları misilsiz vəhşiliklər Ruanda və Əlcəzairdə, təkcə yerlilərin deyil, eləcə də xaricilərin gözü önündə törədilmişdi. Bəs görəsən, sözügedən ölkələrdə konkret olaraq nələr baş vermişdi?
Afrikanın mərkəzində yerləşən Ruanda I Dünya müharibəsindən sonra Belçikanın payına düşürdü. Ərazi təbii qaynaqlar baxımından heç də zəngin yer deyildi. Qəhvə istehsalından başqa əhəmiyyətli istehsal sahəsi yox idi. Ruanda xalqının 90 faizi hutu, 9 faizi tutsi, 1 faizi piqmey qəbiləsinə məxsusdur.
Böyük intervensiyalara qədər bu qəbilələr əsrlərdir, birlikdə yaşayırdılar. Aralarında ciddi sayılacaq ədavətlər də olmurdu. Lakin Belçika Ruandanı asanlıqla idarə etmək üçün iki qəbilə arasında süni ayrı-seçkilikçilik yaratdı. Azlıqda olan tutsiləri ölkədə yüksək mövqeyə gətirərək hutularda nifrət hissini oyatdı. Belçikanın müstəmləkə rəhbərliyi tutsilərin hutulara nisbətən üstün olduqlarını, hutuların aşağı irqə məxsusluqlarını təlqin etdi və onları təhsildən uzaqlaşdırmağa çalışdı. Nəticə etibarilə iki xalqı bir-birinə düşmən salmaq siyasəti gözlənilən "nəticəni" verdi.
II Dünya Müharibəsindən sonra Ruanda müstəmləkəçilik dövrü sona çatdi. 1962-ci ildə ölkənin müstəqilliyi elan olundu. Keçirilən seçkiləri hutular qazandı. Bu isə yaxınlaşan təhlükənin ayaq səsi idi. Hutu hökuməti tutsiləri sürgünə məcbur etdi. Tutsilərin yarıdan çoxu qonşu ölkələrə sığınmaq məcburiyyətində qaldı. Həmin vaxt Çinə yüz minlərlə kiçik baltalar sifariş verildi. Balta çatmayanda isə iti uclu dəyənəklər hazırlandı. Hər şey qırğına hazırlıq üçün nəzərdə tutulmuşdu. Fanatik hutulara hücum bəhanəsini 6 aprel 1994-cü ildə hutu əslli Ruanda dövlət başçısının təyyarəsinin vurulması verdi. Bundan sonra ölkədə sözün həqiqi mənasında tutsi ovuna başlandı. Bir neçə ay içində 600 min insan qətlə yetirildi. Qırğının miqyasının böyüdüyünü görən qonşu ölkələrdə təşkilatlanmış tutsilər də hərəkətə keçdilər və paytaxta qədər irəlilədilər. Maraqlı eyni zamanda acınacaqlıdır ki, həmin vaxtadək baş vermiş vəhşiliklərə reaksiya verməyən Fransa hutu hökumətinə hərbi dəstək göstərməyə qalxdı. Bu dəstəyin nəticəsi idi ki, müştərək qırğına məruz qalmış tutsi və hutulardan ümumilikdə 800 minə qədəri öldürüldü. Yekunda təməli Belçikanın ayrı-seçkilik siyasəti ilə qoyulan faciə Fransanın yaxından dəstəyi ilə SOYQIRIMI miqyasını aldı.

Dünya buna necə baxır?
Bu gün dünya birliyi Fransanın Əlcəzairdə, Ruandada, Malidə, habelə Kamboca və Cənubi Vyetnamda törətdiyi müharibə cinayətlərinə zamanında reaksiya versəydi, bu gün Paris özünü qlobal ombudsman kimi aparmağa cürət etməzdi. Yalnız Əlcəzairdə 10 milyon, Ruandada 800 min insanın qətli əmrini vermiş bir dövlət bu gün beynəlxalq hüquq adına söz haqqına malik olmamalıdır. Elə Fransa Senatında qəbul olunan anti-Azərbaycan layihələrinə baxsaq, bu, beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə açıq müdaxilədir. Paris bu layihə ilə dövlət sərhədlərinin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, dövlətlərin daxili yurisdiksiyasına aid olan məsələlərə qarışmamaq, habelə beynəlxalq hüquq çərçivəsində öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinin kobud pozuntusuna yol verib.
İslam dininə ibadət edən insanların Avropa ölkələrində demoqrafiq vəziyyəti ilə bağlı Vaşinqtonda yerləşən “Pew Research Center” adlı beyin mərkəzi tərəfindən dərc olunmuş araşdırmaya əsasən, Fransa əhalisinin 8,8 faizini (5,7 milyon nəfər) müsəlmanlar təşkil edib. Almaniyanın “Statista” şirkətinin də statistik rəqəmlərinə görə Fransa əhalisinin 8 faizi müsəlmanlardan ibarətdir. Avropa şəhərləri arasında Paris şəhəri və İl-dö-Frans regionu müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Fransa 67,5 milyon əhalisi ilə Avropa İttifaqı ölkələri sırasında müsəlmanların say göstəricisinə görə birinci yeri tutur. Ölkə tarixində ilk dəfə olaraq 2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner nifrət zəminində cinayətlərin statistikasını dilə gətirib. O, 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci illə müqayisədə 27 faiz, müsəlmanları hədəfləyən hərəkətlərin isə 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit qaldığını etiraf edib.
Ksenofobiyanın bariz nümunələrindən sayılan islamofobiya meyilləri müasir Fransa cəmiyyətində geniş vüsət almış vəziyyətdədir. Bu ölkədə müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər spontan deyil, əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Fakt onu göstərir ki, Fransada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Ölkə əhalisinin 10 faizə yaxın hissəsini müsəlmanların təşkil etməsinə baxmayaraq, siyasi elita və tanınmış ictimai xadimlər, eləcə də əhalinin çoxluq təşkil edən hissəsi arasında anti-İslam əhvali-ruhiyyəsi kifayət qədər yüksəkdir.
Fransız müstəmləkəçilərin əsrlər boyu davam edən və yeni dövrün tarixinə qədər uzanmaqla müsəlman ölkələri və müsəlmanlara qarşı törətdiyi cinayətlərin miqyası həddindən artıq böyükdür. Fransa dünyanın müxtəlif regionlarında – Amerika, Afrika, Asiya qitələrində, Okeaniya bölgəsində 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayıb, milyonlarla insanı qətlə yetirib və kölə halına salıb, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisinin sağlamlığına ciddi ziyan vurub, müharibə cinayətləri törədib.

”Bizə Fransanın “demokratiya modeli” lazım deyil”
Makronun fransalı imperialist qüvvələrini Malidən çıxarmaq lazımdır. Bu gün Afrikada Fransanın uzun müddət müstəmləkəsi olmuş Malidə hər kəs belə düşünür. Mali öz tarixində dəfələrlə Fransanın müstəmləkə siyasətinin vəhşilikləri ilə üzləşib. Bu ölkənin öz mədəniyyəti və öz dəyərləri, irsi və demokratiyası var. Fransa Mali xalqının kimliyini və mədəniyyətini məhv edib, hətta rəsmi dilini belə fransızlaşdırıb. Bu ölkədə hər kəs fransızca danışa bilsə də, artıq bu dildə danışmaq istəməyənlər sırası sıxlaşmaqdadır. Əlbəttə, malililərin ana dili ola-ola niyə fransız dilindən istifadə etməlidirlər?
Mali əsl müstəqilliyi dadmaq istəyir. Afrikada bir çox ölkələr yalnız kağız üzərində müstəqildir. Fransa əslində bu ölkələrin sərvətlərinin sahibdir. Mali və Fransa arasındakı münasibətlər 2021-ci ilin sonunda Mali hərbi hakimiyyətinin Parisi sərt tənqid etməsi səbəbindən xeyli pisləşib. 2022-ci ilin yanvarında Mali keçid hökuməti Fransa səfirini ölkədən çıxarıb. Bundan başqa, keçid hökuməti Fransa qoşunlarının ölkədən dərhal çıxarılmasını tələb edib. Nəticədə ötən ilin avqustunda sonuncu fransız hərbçisi Mali ərazisindən çıxıb.

Fransanı Afrikada diz çökdürən səbəb
Afrika qitəsində özünü əsl söz sahibi kimi aparan, soyqırımları törədən, “qara qitə”nin xalqlarına zülm edən, onlara kölə təfəkkürü ilə yanaşan Paris artıq nüfuzunu itirib, “persona non-qrata”ya çevrilib. Bunu Fransa hərbçilərinin bu yaxınlarda Çadda saxlanması, Konqo liderinin Makrona məzəmməti, avropalı diplomatlara verilən “daimi veteran səfir” adının ləğvi də sübut edir.
Əsrlər boyu Avropanın müstəmləkə ərazisi olan Afrika hegemon gücə qarşı üsyan qaldırıb. Əlcəzair, Burkina Faso, Mali və Mərkəzi Afrika Respublikası ya Fransanı qovub, ya da cənub qitəsini tərk etməyə məcbur edib. Son nümunə kimi Çad Sudanla sərhəddə icazəsiz fəaliyyət göstərən fransız əsgərlərini həbs edib.
Onilliklər boyu Afrikanı istismar edən və regionda qeyri-sabitliyin əsas günahkarı hesab edilən Fransa qitədə persona non-qrata çevrilib. Əlcəzairdən Burkina Fasoya qədər bir çox ölkə öz ərazilərində keçmiş müstəmləkəçinin varlığını silmək qərarına gəlsə də, bu yaxınlarda Çad Sudanla sərhəddə icazəsiz hərəkət edən fransız hərbçilərini həbs edib. Sosial mediada yayılan görüntülərdə Çad əsgərlərinin beş fransız əsgərini bir-birinin ardınca oturtduğu, silah və avadanlıqlarını götürdüyü görünür. Burkina-Faso və Mali kimi bir çox Afrika ölkələrindən qovulmuş Fransaya qarşı bu cür münasibət bir daha nümayiş etdirdi ki, müstəmləkəçi dövlətin qitədəki təsirləri zəifləyir. Yayımlanan videoda Çad əsgəri tərcüməçi vasitəsilə fransız əsgərlərinə “İcazə sənədiniz varmı?” sualı ilə müraciət edib. Cavab almayan Çad zabiti vəziyyəti bildirmək üçün rəhbərlərinə zəng edib. Çad hərbçilərinin telefonla danışarkən qeyd etməsi də diqqətçəkən məqam olub: “Mən bazaya icazəsiz daxil olan fransız əsgərlərini saxlayıb silahlarını götürdüm”.
Rəsmi açıqlama verən Çad təhlükəsizlik mənbələri fransız əsgərlərinin icazəsiz bazaya daxil olduğunu bildirib. Fransa ordusunun sözçüsü Pierre Gaudilliere hadisənin iyunun 8-də baş verdiyini qeyd edərək, "Bu, çox aqressiv şəkildə edilib" deyib.
Bəzi Twitter istifadəçiləri Fransa hərbçilərinin döyüşlərin getdiyi Sudanla sərhəddə görünməsini “şübhəli” adlandırıblar. İstifadəçilərdən biri onu da qeyd edib ki, əsgərlərin saxlanması Fransa ordusunun Afrika qitəsində təsir imkanlarını itirməsinə işarədir.
Ötən il Bamakonun tələbi ilə Fransa iki ölkə arasında münasibətlərdə siyasi böhran fonunda 2013-cü ildə yerləşdirilmiş qoşunlarını Malidən çıxarmağa məcbur olub. Malidə 2,3 min fransız əsgəri var idi. Fransa ordusu Barkhane əməliyyatı çərçivəsində terrorla mübarizə aparmaq üçün bölgədə olub və mandat dövründə terror hücumları artıb. Fransanın Malidəki çoxsaylı çevrilişlərə görə də məsuliyyət daşıdığı güman edilir.
Ötən ilin dekabrında Mərkəzi Afrika Respublikası (MAR) ərazisində yerləşən Fransa ordusunun bütün hissələri bu ölkəni tərk etmək məcburiyyətində qalıb. Burada 130 fransız əsgəri xidmət edirdi. 2022-ci ilin noyabrında CAR həmin ilin avqustunda fransız diplomatlarına verilən “daimi veteran səfir” adını ləğv etdi. Bundan sonra Paris administrasiyası CAR ilə hərbi müqavilələrini dayandırıb və iki ölkə arasında gərginlik ciddi şəkildə artıb.

Makrona Konqo liderindən məzəmmət
Emmanuel Makronun mart ayında Konqoya səfəri zamanı bu ölkənin prezidenti Feliks Tşisekedinin tənqidi ilə üzləşib. "Fransa və Avropa əməkdaşlığının formasını dəyişməlidir", - Konqo lideri bildirib. Əlavə edib ki, bizə fərqli şəkildə baxın, bizə hörmət edin, bizi əsl tərəfdaşlar kimi görün və hər zaman paternalist bir baxışla deyil. Onun “Bizə hörmət et, bizə atamız kimi baxma” sözləri Fransa liderinə soyuq duş kimi təsir etdi.
Bu ilin fevral ayında Burkina-Fasoda yerləşən və Sabir əməliyyatında iştirak edən bütün Fransa hərbçiləri ölkəni tərk etmək məcburiyyətində qalıb. Burkina Fasoda 30 sentyabr 2022-ci ildə hakimiyyətə gələn hərbi hökumət yanvarın 23-də Fransa ilə əməkdaşlıq müqaviləsini ləğv etdiyini və fransız əsgərlərinə ölkəni tərk etmələri üçün 1 ay vaxt verdiyini açıqlayıb. Saber əməliyyatı çərçivəsində Uaqduquya yerləşdirilən kontingent Fransa Xüsusi Əməliyyatlar Komandanlığının 400 əsgərindən ibarət idi.
Atalar məsəlidir, nə tökərsən aşına, o da çıxar qaşığına. Fransa bu gün keçmişdə etdiyi cinayətlərin bədəlini ödəyir. Afrika xalqlarına etdiyi zülmlər yerdə qalmır. Fitil-fitil fransızların, makronların burnundan gətirilir. Sümürgəçi kimi ad qazanmış, üçüncü dünya ölkələrini çapıb talayan Fransa imperializmi bu gün artıq diz çökməkdədir. Buna baxmayaraq şər işlərindən əl çəkmək istəmir. Afrikadan qovulan Fransa özünü, öz gücünü bu dıəfə Cənubi Qafqazda sınamaq istəyir. Gələcəyi varsa, görəcəyi də var. Afrikadakı kimi...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB