"Azərbaycanın indiki uğurlarının əsası 15 iyun Qurtuluş günündə qoyulub" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanın indiki uğurlarının əsası 15 iyun Qurtuluş günündə qoyulub" - DEPUTAT ŞƏRH ETDİ

"70 il Sovet dövləti deyilən dünyanın altıda bir hissəsini əhatə edən bir imperiyanın tərkibində müttəfiq respublika kimi yaşamışıq. Dilimizə, dinimizə və tariximizə ədalətsiz bir münasibət oldu. Moskva zorla da olsa, Azərbaycandan alıb ya Ermənistana, ya da Gürcüstana verirdi. Əslində, Azərbaycan torpaqlarında mədəniyyət, tarix nümunələrini də Ermənistana hədiyyə etdi. Təbii ki, bu imperiyanın ömrü çox uzun çəkmədi. 90-cı illərin sonlarında bu imperiya çökəndə Azərbaycanda da milli azadlıq hərəkatı başlandı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, nəticədə SSRİ deyilən nəhəng imperiya çökdü və 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyi haqqında konstitusiya aktını qəbul etdi: "Amma o zamana qədər Ümummilli lider Naxçıvanda idi və Naxçıvan Ali Məclisində ilk dəfə olaraq 1990-cı ilin noyabrında üçrəngli bayrağı rəsmi bayraq kimi qəbul etdi. Azərbaycan rəhbərliyinə də bayrağın qəbul olunmasını tövsiyə etdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ən ağrılı günlər başladı. Hakimiyyət uğrunda qruplaşmalar, bir-birinə düşmən münasibət yarandı və Azərbaycanın zəifliyindən istifadə edən Qarabağdakı ermənilər Ermənistanın Azərbaycandan ayrılması məsələsini ortaya atdılar. O zamankı Azərbaycan hakimiyyəti zəif və gücsüz olduğundan bunun öhdəsindən gələ bilmədi. Eyni zamanda, ən böyük təsir doğurucu hadisə o idi ki, Azərbaycan bütün ümidini Moskvaya bağlamasına baxmayaraq xəyanətə uğradı".

Deputat sözlərinə davam edərək bildirib ki, Moskva bu torpaqları Azərbaycandan alıb Ermənistana vermək üçün əlindən gələni edirdi: "Bədnam Sovet rəhbərliyi, Ermənistanın siyasi rəhbərliyi və Azərbaycandakı zəif hakimiyyət ölkəmizin taleyini şübhə altına alırdı. Belə vaxtlardan birində də Ermənistan torpaqlarımızın böyük bir hissəsini işğal etmişdi. Yalnız Qarabağ deyil, Qarabağətrafı ərazilər də düşmən tapdağı altına keçdi. Ermənistanın iddiaları daha da böyük idi. Ölkədaxilində də 1993-cü ilin iyununda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə dövlət əleyhinə qiyam baş verdi. Bu qiyamdan sonra vətəndaş müharibəsinin işartıları görünürdü. Qardaş qırğını göz qabağında idi. Azərbaycanlı öz həmyerlisinin qanını tökmüşdü. Dövlətin parçalanması və erməni hücumları dövründə xalqın arzu və istəyi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi. Əgər o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın sonrakı taleyinin necə olacağı ilə bağlı xoş fikir söyləmək çətin olardı. Çünki artıq ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Bakıya gəldi. Ona qarşı kifayət qədər düşmən qüvvələr birləşmişdi, lakin dahi şəxsiyyət bu qüvvələrin hamısını ram edə bildi. Naxçıvanı necə çətin vəziyyətdən çıxarmışdısa, 1993-cü il 15 iyun tarixindən etibarən də bu istiqamətdə fəaliyyətə başladı və qalib gəldi.

Ulu Öndərimiz Azərbaycanı qorudu və dövlətimizin uğurlu inkişaf yolu başladı. Təsadüfi deyil ki, 2001-ci ilin iyununda Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 10 illiyində rəsmi bəyan edirdi ki, artıq müstəqil Azərbaycan demokratik yolla irəliləyir. Bu 10 il ərzində Azərbaycanın Dağlıq Qarabağ problemindən başqa bütün məsələlər həll olmuşdu. Xoşbəxtlikdən Ulu Öndərdən sonra onun işini uğurla davam etdirən Azərbaycanın dövlət başçısı İlham Əliyev 10 milyonluq Azərbaycanı vahid qüvvə şəklində birləşdirə bildi və 44 günlük müharibədə düşməni darmadağın edərək Qarabağ problemini də həll etdi. Təbii ki, bu uğurun əsası 15 iyunda Heydər Əliyev tərəfindən qoyulmuşdu. Yəni, bütün bu uğurları Azərbaycana bəxş edən Ulu Öndər Heydər Əliyev olub. Bu gün də Azərbaycan dövləti uğurlarını davam etdirir və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə