Ermənistanla Azərbaycan arasında olan münaqişənin müzakirəsi prosesində son vaxtlar olduğu qədər intensivlik müşahidə olunmayıb və müxtəlif məkanlarda danışıqların bir-birini əvəz etməsi bunu təsdiq edir. Bir-birinin ardınca Vaşinqtonda, Brüsseldə, sonra da Moskvada baş tutan görüşlərin ardınca indi də Kişinyovda görüş gözlənilir və etiraf edilməlidir ki, az qala bütün dünyanın diqqəti bu danışıqlara yönəlib. Amma ən maraqlı məqam bu görüşdən gözləntilərlə bağlıdır və diqqəti daha çox cəlb edən də budur.
“Biz Ermənistan və Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Prezident Əliyevin amnistiyaya baxılması ilə bağlı son açıqlamalarını alqışlayırıq”, deyə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin səsləndirdiyi bəyanat daha çox diqqət cəlb edir. Belə görünür ki, ABŞ heç vaxt olmadığı qədər Cənubi Qafqazda sülhün təminatına maraq göstərir. Burada müxtəlif məqamlar da özünü birüzə verir. İlk növbədə bəlli olur ki, Qarabağda özünü hakimiyyət elan edən hər hansı qurumun qanunsuzluğunu Vaşinqton artıq qəbul edir, təsdiqləyir və həmin o tanınmamış qurumun statusu məsələsini yaxına da buraxmır. Digər tərəfdən aydın olur ki, həmin o saxta, qondarma hakimiyyətin, eləcə də separatçı liderlərin Qarabağın erməni icmasını istənilən formada təmsil etmək hüququ ilə bağlı iddiaları ABŞ tərəfindən artıq çoxdan rədd edilib və ictimaiyyətlə dialoq formatını Bakının seçmək hüququ tanınır. Ən maraqlı məqam isə ondan ibarətdir ki, Bakıdan İrəvanın ən maksimum halda əldə edə biləcəyi güzəştin elə amnistiya ola biləcəyi də qəbul olunur. Yəni, ermənilərin gözləntiləri ən maksimum halda elə amnistiya güzəşti ola bilər və bunu demək olar ki, bütün dünya belə hesab edir.
Bu zamana qədər Ermənistanı, hətta separatçıları dəstəkləməkdə xüsusilə seçilən ermənipərəst Makron və onun rəhbərlik etdi Fransa da belə görünür ki, əvvəlki kimi mövqe nümayiş etdirmək niyyətində deyil. Daha dəqiq desək, ermənilərin fransız bacıları Cənubi Qafqazdakı reallıqları görmək, qəbul etmək məcburiyyətində qalıblar. Həm də Fransa lideri artıq görür ki, ermənilərlə bağlı heç də can atdığı və arzuladığı nəticəni ala bilmir. Üstəlik, Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalması və bunun əvvəlki görüşlərdə bəyan edilməsi elə Makronun timsalında bütün ermənipərəstlərin əlini də, dilini də qısa edib və onlar səylərinin mənasız olduğunu dərk ediblər. İndi Fransa nə qədər ikiüzlülük etsə, nə qədər ermənipərəst mövqe sərgiləsə belə ermənilərin xeyrinə hansısa gediş edə bilmir və bunu dərk etmək məcburiyyətində qalıb.
Bəli, sülh sazişinə manelər var. Danışıqlar prosesi heç də öz axarında getmir və dalana dirənmiş kimi görünür. Çünki, erməni baş nazir hansısa addımı atmaq niyyətində deyil. O, həm qorxur, həm buna hazır deyil və ümumiyyətlə, siyasi savadsızlığı ona bu imkanı vermir. Daha dəqiq desək, idarəetmədən xəbəri olmayan, beynəlxalq hüquq barədə xəbərsiz olan, siyasət meydanında naşı biri olan Nikol Paşinyan nə edəcəyini, necə edəcəyini bilmir. Onun bildiyi, yaxud da bilmək istədiyi öz hakimiyyətini qorumaq üçün bütün imkanlardan istifadə etməkdir və yeganə məqsədi erməni cəmiyyətində səriştəsiz, qorxaq, uğursuz, hətta xain damğasından yaxa qurtarmaqdır. Bunun üçün isə hər dəfə danışıqlar zamanı hansısa inad nümayiş etdirir, guya ki, ermənilərin milli maraqlarını qorumağa çalışır və nəticədə də prosesi bilərəkdən uzadır. Hətta dünyanın bir çox ölkələrindən kömək istəməyə də özündə üz tapır, halbuki onun belə bir imtiyazı, haqqı yoxdur. Deməli, onun da gözləntisi puç və mənasızdır.
Bir zamanlar Kremlin dəstəyinə güvənən ermənilərin indi buna ümid etmək belə şansı qalmayıb. İrəvanın maraqlarının qorunması, Ermənistana dəstək verilməsi kimi Moskvanın niyyəti yoxdur və bunu ermənilər hamıdan yaxşı bilirlər. Bilirlər ki, ikiüzlülükləri fonunda ruslar onlara zərrə qədər də nəzər salmaq fikrində deyillər. Hətta sonuncu dəfə Moskvada keçirilən görüş zamanı hamı şahidi oldu ki, Rusiya prezidentinin zərrə qədər dəstəyini görməyən Paşinyan mızıldanmaqdan başqa bir çarə tapmadı. Ermənistanın baş naziri indi Kişinyov görüşündə də Rusiyanın dəstəyi barədə düşünməyi ağlına belə gətirmir və rusların köməyini gözləmir də.
Ermənistan bundan sonra nəyə güvənə bilər və məğlub tərəf olaraq danışıqlardan nə kimi divident gözləyə bilər? Sözsüz ki, arzuladıqları heç bir nəticəni görməyəcəklərini ermənilər özləri hamıdan yaxşı bilirlər. Doğrudur, regionda törətdiyi təxribatlarda İran tərəfinin mövcudluğunu nəzərə alan rəsmi İrəvan bir qədər özünü güvənli hiss edə bilər, hərçənd, Azərbaycan tərəfi üçün bu güvən heç zərrə qədər də mahiyyət kəsb etmir və öz təxribatçı gedişlərinə görə rəsmi Tehran layiqli cavabını kifayət qədər alıb. Məsələ burasındadır ki, beynəlxalq platformalardakı görüşlər zamanı İrəvanın belə bir güvəni də yoxdur axı. Fransa kimi bir Avropa ölkəsi, Makton kimi bir ermənipərəst Ermənistan üçün nə edə bildi ki, İran nə etsin. Heç bütövlükdə Avropa özü də istəsə belə bu məsələdə ermənilərə yardımçı ola bilmir, hətta Aİ missiyası belə sərhəddəki insidentlərdən qaçır, özünü qoruyur. Çünki yaxşı bilir ki, əgər sərhəd sərtləşdirilsə, missiya da sadəcə simvolik xarakter daşıya bilər və ümumiyyətlə, Azərbaycan tərəfi bu missiyaya öz yerini dərhal göstərər. Deməli, ermənilərin Avropadan da gözləntiləri hal-hazırda yox dərəcəsindədir.
Heç kim üçün sirr deyil ki, Avropa üçün maraqlı tərəf Ermənistan deyil, Azərbaycandır. Enerji resurslarının Avropaya ixracı və tranziti baxımında Azərbaycan heç bir region ölkəsi ilə müqaisəyə belə gəlməz. Avropalılar üçün Azərbaycan maraq dairəsindədir. Deməli, Azərbaycanın maraqları da diqqət mərkəzində olmalıdır və elə diqqət mərkəzindədir də. Elə bu baxımdan da ayrı-ayrı dünya oyunçularının geosiyasi istəklərinə baxmayaraq, Cənubi Qafqazda sülh və sabitlik Avropanın özünün maraqları daxilindədir. Azərbaycanın artıq iqtisadi rıçaqları var və bunu nəinki Ermənistan, dünyanın, eləcə də Avropanın ən inkişaf etmiş ölkələri nəzərə almaq məcburiyyətindədirlər. Hətta bu zamana qədər ikili standartlarla çıxış edən ölkələr belə ölkəmizin beynəlxalq hüquqla təsdiq edilmiş ədalətli mövqeyini müdafiə etməyi zərurətdən dolayı indi ən doğru yol hesab edirlər.
Bir zamanlar nəinki Avropa ölkələrini, hətta dünyanın ən nüfuzlu ölkələrini öz maraqları üçün cəlb etməyə cəhd edən Ermənistan taleyin çox acı bir istehzası ilə qarşılaşıb və bu ölkənin hakimiyyəti də, bütövlükdə ictimaiyyəti də Azərbaycanın yaratdığı reallıqlar qarşısında acizliyini dərk də edir, qəbul da. Ermənistan hakimiyyətinin, xüsusən də erməni baş nazir Nikol Paşinyanın bütün danışıqlarda çox zəif bənd olaraq iştirak etdiyini bütün dünya görür. Elə erməni cəmiyyəti də bunun fərqindədir. Fərqindədir ki, baş nazir kürsüsünə oturtduqları beli çantalı küçə nümayişçisinin sülh gündəmini pozmaqdan başqa heç nəyə gücü çatmır. Ələlxüsus onun fərqindədirlər ki, onların ölkə rəhbərləri Azərbaycan Prezidentinin qarşısında çox acizdir və ondan nə isə gözləməyə belə dəyməz.
Sözsüz ki, yeni heç bir irəliləyiş olmamasını arzulayan rəsmi İrəvan hər dəfə planlaşdırılmış şəkildə, özü də çox bəsit formada ucuz manipulyasiya edir. Ermənistan tərəfi hiylələrindən əl çəkəcək kimi görünmür. Məsələ burasındadır ki, bu manipulyasiyalardan Qərb də bezib, Avropa da və bu dəfə “anlayışla” qarşılanacağı heç də gözlənilmir. Paşinyan özü də artıq yaxşı bilir ki, İrəvanın ardı-arası kəsilməyən hiylələri avropalıların ciddi şəkildə qıcıqlanmasına səbəb olma riski daşıyır. Bütün dünya artıq Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş görmək arzusundadır və buna köklənib. Ola bilsin ki, bu dəfə Kişinyov görüşündə rəsmi İrvanın taleyüklü məsələlərdən boyun qaçırmaq istəyinə qarşı Avropanın özünün təzyiqi ola bilər və bu görüşdən gözləntilər məhz bu məqamdan çox asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB