Azərbaycan Prezidentinin Laçından verdiyi mesajların İrəvanda əsk-sədası
Azərbaycan müharibəyə son qoymaq və 30 illik münaqişənin yekunu olaraq sülh müqaviləsi imzalamağa hazır olduğunu dəfələrlə sözdə deyil, əməldə subut edib. Bütün görüşlərdə, Ermənistan tərəfi ilə istənilən platformada gedən söhbət və müzakirələrdə Azərbaycan tərəfinin bir mövqeyi olub, Prezident İlham Əliyev danışıqlarda beynəlxalq sənədlərə istinad, daha konkret desən ölkələrin bir-biribib ərazi bütövlüyünü tanımaq kimi dəyişməz prinsiplər barədə təkliflər irəli sürüb və sözünün üstündə sonuna qədər dayanıb. Ermənistan isə imitasiya, yalançı göz yaşları, əsassız ittihamlar irəli sürməklə prosesi yalnız ləngitməyə yönəlmiş siyasət yürüdüb. Çünki bu ölkənin vahid mövqeyi olmayıb. Səbəb isə bəllidir, çünki müstəqil siyasət yürütmək qabiliyyətində deyil Ermənistan.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə və həm də onları separatçılıq azarına tutduran, yoluxduran Ermənistandakı dairələrə səslənib. Bildirib ki, “buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. Prezidentimiz onlar üçün qalan yeganə imkanlara da toxunub, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz “saxta dövlət atributları”nı zibil yeşiyinə atmaq və “parlament”i buraxmaq.
İlham Əliyevin söylədikləri ermənilər, daha doğrusu separatçılar üçün son şansdır. Azərbaycan tərəfi bütün görüşlərdə, Prezidentin çıxışlarında daim vurğulanıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya etməlidirlər və bunun alternativi yoxdur. Ya ermənilər Azərbaycan qanunlarına tabe olmalı, ya da özlərinə başqa ölkə seçməlidirlər, başqa yol yoxdur. Əslində sadə ermənilərə qalsa, bu məsələ öz həllini çoxdan tapmışdı. Amma separatçıların hələ də bu insanları əsarətdə saxlamaları məsələni sülh yolu ilə həll etmək imkanlarını bloklayır. Onlar bölgədə gərginliyi daim saxlamağa çalışırlar, beynəlxalq təşkilatların, bəzi olkələrin rəhbərlərinə etdikləri şikayətin məğzində də bu dayanır. Separatçılar. əslində sülhə qarşıdırlar. Çünki sülh-əmin-amanlıq şəraitində onlara maliyyə yardımı edən kimsə olmayacaq. Bir sözlə, separatçıların “çörəyi” çaxnaşmadan, qarşıdurmalardan, münaqişə və müharibədən çıxır. Azərbaycanın Xankəndidəki ermənilərə etdiyi inteqrasiya təklifinin qəbul edilməməsinin əsl səbəbi də budur. Azərbaycan bir neçə dəfə inteqrasiya prosesi çərçivəsində görüş keçirmək ermənilərə təklif göndərib. Amma separatçılar hər dəfə bu təklifə rədd ediblər.
Prezidentin Laçından verdiyi mesajlar ermənilərə, Ermənistan rəsmilərinə, Qarabağdakı separatçılara ciddi xəbərdarlıqdır, həm də son xəbərdarlıq. Yəni bundan sonra təklif verilməyəcək. Ermənilərin son seçimi onların taleyini müəyyənləşdirəcək, ya Azərbaycan qanunlarına tabe olub, yaşamaq, ya da təklifləri geri çevirib separatçı yol tutmaq. Bu da o anlama gəlir ki, ermənilərin mənfi cavabından sonra qanunlarımızın sərt üçü ilə baş-başa qalmaqdan başqa çarə qalmır. Əslində ermənilər də bunu istəyir. Onların qənaətinə görə, Azərbaycanın istənilən addımı insan haqlarına zidd hərəkət kimi qəbul ediləcək və Bakı buna görə beynəlxalq təşkilatlar qarşısında cavab verməli olacaq. Amma unudurlar ki, qanunların bütün ölkə ərazisində keçərliliyini təmin etmək aidiyyəti dövlət qurumlarını borcudur və beynəlxalq münasibətlər sistemində, eyni zamanda dünyanın bütün ölkələrinin konstitusiyasında qanunların aliliyi cəmiyyətin idarə olunmasının əsas atributudur.
Maraqlı nüans budur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonundan səsləndirdiyi fikirlərə və çağırışlara Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə qərəz dolu əsassız bəyanat səsləndirilib. Bu bəyanatı qətiyyətlə rədd edən Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfinin bu bəyanatı, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, şəhər və kəndləri viran qoyan Ermənistanın, bu əraziləri işğaldan azad etdikdən sonra yenidənqurma işləri aparan, ərazilərdən kütləvi şəkildə vəhşicəsinə qovulmuş əhalinin geri qayıtması üçün bütün şəraiti yaradan Azərbaycanın qısa müddətdə gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür.
Görünür ki, Ermənistan bununla eyni zamanda, işğalına 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq son qoyulduğu Laçından öz qüvvələrini çıxararkən bu ərazilərə dinc sakinlərin geri qayıtmasına maneçilik törətmək məqsədilə 2700-dən artıq mina yerləşdirməsi və evlərə mina tələlər qoyması kimi əməllərini də, ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının Prezidentinin ərazi bütövlüyü və suverenliyə hörmət edilməsinin zəruri olduğuna, Azərbaycanın daxili işlərinə qarışmağın qəbuledilməzliyinə və bölgədə separatçılığın təşviq edilməsinə xidmət edən addımların qarşısının qətiyyətlə alınmasına istiqamətlənən çağırışlarının Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən qəsdən təhrif edilməsi Ermənistan XİN-in tarixdən dərs çıxartmadığını nümayiş etdirir.
BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycana qarşı təcavüz aktı törədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayaraq işğala son qoymayan Ermənistanın Azərbaycanın güc tətbiq etməklə hədə törətdiyini iddia etməsi gülüncdür.
Nəinki işğal etdiyi Azərbaycan ərazilərində, Ermənistanda belə bütün azərbaycanlı əhalini öz doğma torpaqlarından qovan bir ölkənin guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə qarşı “etnik təmizləmə” niyyəti güddüyünü iddia etməsi tamamilə əsassızdır. Azərbaycan yerli erməni sakinlərin reinteqrasiyası istiqamətində bütün zəruri addımları atmaq niyyətindədir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı səslənən fikirlərin və cəhdlərin qarşısının alınması Azərbaycanın suveren hüququdur və bu, beynəlxalq hüququn norma və prinsiplərə uyğundur. Ermənistanın buna zidd fəaliyyətləri və Azərbaycanın erməni sakinlərlə dialoq səylərinə müdaxiləsi ölkəmizin daxili işlərinə qarışmaqdır və Ermənistan tərəfindən səslənən “ərazi bütövlüyü və suverenliyə dəstək” barədə pafoslu bəyanatlarla ziddiyyət təşkil edir.
Bölgədə sülh və sabitliyə hazırlıq niyyəti saxta çağırış və vədlərlə deyil, real addımlarla ölçülür. Sülhün bərqərar edilməsi istiqamətində baza prinsiplərini ilk olaraq təklif edən, sülh müqaviləsi mətnini ilk olaraq irəli sürən, bölgədə kommunikasiyaların açılması səylərini irəlilədən, delimitasiya üzrə komissiyanın təsis edilməsini və bu istiqamətdə işləri ilk təşviq edən, sərhəddə yolunu azmış hərbçilərin geri qaytarılması kimi etimad quruculuğu tədbirlərini irəlilədən tərəfin məhz Azərbaycan olduğu hər kəsə bəllidir. Bütün bu səylərə hər vəchlə maneçilik törədən tərəfin də məhz Ermənistan olduğu hər kəsə aydındır.
Beləliklə, yaxşı olardı ki, Ermənistan tərəfi sülh yaradılması səylərinə maneçilik törətmək, saxta və yalançı bəyanatlar vermək əvəzinə, Azərbaycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə sözdə deyil əməldə riayət etsin.
Bu arada Xankəndidəki separatçılar arasında gərginliyin pik həddə çatması ilə bağlı təkzibolunmaz xəbərlər gəlməkdədir. Bunu Qarabağda “ilişib qalan” erməni milyarder Vardanyanın son müsahibəsi də təsdiq edir. O, müsahibəsində özünün separatçı rejimdə əsas rəqibi sayılan Samvel Babayanla əməkdaşlıq məsələsinə toxunub, onun “separatçıların xilası proqramı” ilə tanış olduğunu deyib və bunun tələblərə cavab vermədiyinə eyham vurub. Babayan və Vardanyan hazırda separatçılar arasında əsas rəqiblərdir. Onlar ayrı-ayrı düşərgələrin təmsilçiləri sayılırlar. Əgər Vardanyan Rusiya tərəfindən dəstəklənib burada saxlanılırsa, Babayana bu dəstəyi İrəvan verir.
Ermənistanın “Hraparak” qəzeti yazır ki, Azərbaycanın Xankəndi şəhərində saxta, separatçı rejimdə yeni mitinqlər planlaşdırılır. Mitinqləri oyuncaq rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan təşkil edəcək. Onun xüsusən “qurumların” girişlərini bağlayaraq, Xankəndidə 2018-ci il olaylarını təkrar edəcəyi bildirib. Artıq Babayana bu barədə rusiyalı sülhməramlılar tərəfindən də dəstək verildiyi vurğulanıb. Rusların qondarma rejimdəki vəziyyətin daha da qarışmaması üçün belə addım atdıqları vurğulanıb. Separatçıların lideri Araik Arutyunyan isə Xankəndidə bütün toplantıları qadağan edib.
Hazırda separatçılar arasında yaranmış xaos onların bir-birilərini ittiham etməsinə səbəb olub. Araikin tərəfdarları Samvel Babayanı “Azərbaycanın adamı” adlandırır. Öz növbəsində S.Babayan da Araikin Bakının maraqlarına xidmət etdiyini deyir. Bu çəkişmələrin və regionda hələ də davam edən qarşıdurma ab-havasında münasibətlərin hansı istiqamətə doğru inkişaf edəcəyini söyləmək bir o qədər də çətin deyil. Azərbaycan öz suveren ərazilərində hüquqlarının bərpa olunmasında israrlıdır. Heç bir beynəlxalq sənəd Azərbaycanın qanunlarından, Konstitusiyasında üstün ola bilməz. Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel də bunu bilir, amma yenə də cəhd edir: “Bakı və Qarabağda yaşayan ermənilər arasında dialoq indi həddən artıq önəmlidir”. Bəli, Bakı qanunlarımıza hörmət edən hər bir qarabağlı erməni ilə istənilən mövzuda dialoq, fikir mübadiləsi apara bilər, amma separatçılarla, bölücülərlə, terrorçularla, xaricilərin maşaları ilə bir masada oturmaz. Cənab Şarl Mişelin mövqeyinə gəlincə, “maksimalist mövqedən çəkinmək və dialoqa cəhd etmək” kimi fikirlər, məsləhətlər bizə görə deyil. “Öyüd-nəsihət”i 30 il torpaqlarımızı işğalda saxlayan, Azərbaycan ərazilərində vandallıq aktları, soyqırımları törədən ermənilərə versə, bəlkə faydası olar. Bizim bundan qarnımız toxdur.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB