“Sülh sazişinin imzalanması ilin sonuna qədər uzanacaq” - MÜNASİBƏT

“N.Paşinyanın bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi, digər tərəfdən ermənilərin təxribatlar törətməsi, reallıqdan uzaq təkliflər irəli sürülməsi intensivləşən sülh prosesini pozmağa yönələn addımlardır”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kişinyovda dördtərəfli görüş Azərbaycan, Ermənistan liderləri, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə keçiriləcək: “Kişinyovda görüş təklifini Bakıya Fransanın xarici işlər naziri gətirmişdi, ehtimal edilir ki, Prezident İlham Əliyev bu görüşə Şoltsun da iştirakı şərti ilə razılaşıb.

Kişinyov görüşündə Almaniya və Fransa liderlərinin iştirakı çox mühümdür. Çünki Azərbaycan tərəfi öz geosiyasi baxış bucaqlarını və Ermənistanın öhdəliklərini Aİ-nın iki aparıcı dövlətinin liderinin diqqətinə çatdıracaq.Moskva görüşünün fiasko olması üçün hər şey edən Paşinyan Kişinyov görüşünə ciddi ümid edir. Erməni Baş nazir bir müddət əvvəl “1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” demişdi. Son olaraq isə Paşinyan deyib ki, "İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur”.Bununla belə, Avropa Siyasi birliyinin Kişinyovda keçiriləcək ikinci sammitində “sülh sazişi”nin imzalanması ehtimalı az da olsa qalmaqdadır. Bu hadisənin baş verməsinin mümkünlüyü barədə N.Paşinyandan başqa fikirləri bizim üçün daha mötəbər olan Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da müəyyən mülahizələr səsləndirmişdi. Üstəlik, az qala hər gün mövqe dəyişdirən Ermənistanın Baş nazirindən fərqli olaraq Leyla xanım sazişin imzalanmasının mümkünlüyü barədə dediklərindən imtina etməmişdi.Əslinə qalsa, “sülh sazişi” üşün əsas maniə Qarabağ məsələsi barədə müəyyən müddəaların həmin sənədə salınması tələbi idi. N.Paşinyan bəyanat verərək bu iddiadan imtina etməsindən sonra belə bir təsəvvür yarandı ki, sülh sazişinin imzalanmasına gedən yol artıq tamamilə açılıb və qısa müddətdə sənədin imzalanması mümkündür”.

A.Səmədovun sözlərinə görə, bu gedişat Rusiyanı qətiyyən qane etmirdi və sülh prosesini tormozlamaq üçün dərhal “Valday təxribatı” törədildi: “Rusiya prezidenti “sülh sazişi” layihəsinə Qarabağ məsələsi barədə 15-ci bəndi salmaqla erməniləri şirnikləndirdi. Paşinyan təklifdən “dördəlli” yapışsa da Soçi danışıqları “fiaskoya” uğradı və Azərbaycan həmin layihəni tarixin zibilliyinə göndərdi. Ermənistan liderinin bütün yalvarışlarına baxmayaraq Rusiya həmin sülh layihəsini bir daha ortaya çıxarmadı.“Qarabağ kartı” əlindən çıxan N.Paşinyan prosesi pozmaq üçün yeni iddialar ortaya atmaqda davam edir. Tələb edir ki, həm Azərbaycan-Ermənistan sərhəddində, həm də Qarabağda 5 km-lik silahsızlaşdırılmış zonalar yaradılsın. Bu təklifin Azərbaycan tərəfindən qəbul edilməsi təbii ki, mümkün deyil. Sən Ermənistan ərazisində nə qədər istəyirsən silahsızlaşdırılmış zona yarada bilərsən, Azərbaycan ərazisində, xüsusilə, Qarabağda belə bir zonanın yaradılması təklifi dövlətimizin suverenliyinə müdaxilədir və bu səbəbdən təklifin qəbul edilməsi mümkünsüzdür.

Danışıqlarda problem yaradan digər məsələ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasında beynəlxalq mexanizmlərin iştirakının təmin olunması təklifidir ki, bu da suverenliyimizi pozduğuna görə qəbul edilməzdir. Ermənilərin imzalanacaq sülh sazişinin icrasını təmin edəcək qarant dövlətlərin olması tələbi də prosesi əngəlləmək cəhdindən başqa bir şey deyil. Son Brüssel danışıqlarından sonra bəyanatla çıxış edən Şarl Mişelin Azərbaycandan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məqsədilə “beynəlxalq ictimaiyyətlə birlikdə pozitiv gündəliyi hazırlamağı” xahiş etmişdir. Avropa Birliyi rəsmisinin bu bəyanatı göstərir ki, Kişinyovda danışıqlar kifayət qədər gərgin keçəcək, həm Makron, həm də Şolts “beynəlxalq mexanizmləri” prosesə qoşmaq üçün əllərindən gələni edəcəklər. Paşinyanın Kişinyov danışıqlarında nail olmaq istədiyi əsas nəticə də odur.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə