"Seçkilər Türkiyə ilə yanaşı beynəlxalq aləmin də diqqət mərkəzindədir" - POLİTOLOQ BİLDİRDİ

"Sabah qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu Türkiyə ilə yanaşı beynəlxalq aləmin də diqqət mərkəzindədir. Bu da başa düşüləndir. Çünki Türkiyədəki seçkinin nəticəsi həm də dolayısı ilə dünyada cərəyan edən hadisələrə təsir edir və yön verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Onun sözlərinə görə, belə ki, bir tərəfdə 21 ildir hakimiyyət bayrağını əlindən verməyən Rəcəb Tayyib Ərdoğan, digər tərəfdə isə son 200 ildə bölgədə varlığını sürdürən imperialist güclər və onların dəstəklədiyi “Millət İttifaqı” və onun namizədi Kamal Klıçdaroğlu var: "Ona görə də Türkiyədəki seçki prosesinin yekun nəticəsi böyük diqqət və maraq kəsb edir.

İstər yerli, istərsə də beynəlxalq təhlilçilərin gəldiyi nəticəyə görə hazırkı prezident Ərdoğan rəqibi üzərində qalib gələrək iqtidar masasınıda daha 5 il oturacaq. Əsasən də 14 may seçkilərinin nəticələri ilə dəyişən siyasi dinamika, Ərdoğanın mayın 28-də keçiriləcək ikinci turu rahat qazanacağını söyləməyə əsas verir. Heç kimə sirr deyil ki, 14 may seçkilərinə müxalifətin namizədi K.Kılıçdaroğlu psixoloji üstünlük əldə edərək qatılmışdı. Amma Kılıçdaroğlu seçkiyə gedən yolda ona divident gətirən ölkədəki yüksək infliyasiya həddi, zəlzələ fəlakəti kimi məsələlərdən seçki kampaniyası boyunca doğru-düzgün istifadə edə bilməməklə böyük bir şansı əlindən vermiş oldu.

Politoloq sözlərinə davam edərək bildirib ki, əvəzində Kılıçdaroğludan seçki texnologiyasını daha yaxşı bilən Rəcəb Tayyip Ərdoğan rəqibinə və tərəfdarlarına böyük sürpriz yaşatdı: "Həm prezident seçkilərinin nəticəsində Kılıçdaroğlunu qabaqladı, həm də Türkiyə Böyük Millət Məclisində çoxluq fraksiyasını qazanmış oldu. Bu da parlament üsul idarəçiliyinə qayıdacağına söz verən CHP liderinin və ona səs verən seçicilərin xəyallarının üzərindən xətt çəkdi. Bir qisim Kılıçdaroğlu tərəfdarı “adam əlinə düşən şansı qaçırdı; Bir qisim, daha seçkiyə getməyin mənası yoxdur; Bir qisim, onsuzda Ərdoğan güclüdür ikinci turu rahatlıqla udacaq; Bir qisim də əgər “Cumhur İttifaqı” parlamenti götürübsə bizə bölünmüş ölkə lazım deyil, deyərək ikinci turda Ərdoğana səs verəcəyini bəyan etdi.

Bu qədər üstünlüklərlə yanaşı, hər bir zaman türk dövlətinə müqəddəs mərkəz gözündə baxan türk toplumunun parlamentlə, prezident arasında xaosun çıxmaması üçün mövcud prezidentə növbəti 5 il üçün mandat verəcəyi qənaətindəyəm".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə