28 May- Müstəqillik Günü Azərbaycan tarixinin şanlı səhifəsidir

28 May- Müstəqillik Günü Azərbaycan tarixinin şanlı səhifəsidir

1917-ci ildə çar Rusiyasında baş vermiş Fevral inqilabı nəticəsində Rus İmperiyası süquta uğradı. İmperiyada çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı geniş vüsət aldı. XX əsrin əvvəllərindən Azərbaycanda genişlənən milli-azadlıq mübarizəsində onun öncülləri Osmanlı dövlətinə böyük ümid bəsləyirdilər. Əsrin əvvəllərindəki təlatümlü hadisələr Azərbaycanın türk-müsəlman əhalisinin həyatında milliyyətçilik ideyasının geniş yayılmasına və inkişafına ciddi təkan verdi. Osmanlı dövləti ilə münasibətlər Balkan müharibələri dövründə Rusiyada anti türk əhvali-ruhiyyəsinin qızışdırılması bir tərəfdən Qafqaz müsəlmanlarını ondan narazı saldı, digər tərəfdən isə Azərbaycan xalqında Osmanlı dövlətinə qarşı təbii meyli gücləndirdi. Həmin dövrdə aparılan milli-azadlıq mübarizəsi nəticəsində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət- 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yarandı. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Qeyd edək ki, Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Tiflis şəhəri olmuş sonra isə Gəncə şəhərinə köçürülmüşdü. 1918-ci ilin sentyabrın 15-də birləşmiş Türk-Azərbaycan ordusu həmin dövrdə işğal altında olan Bakı şəhərini daşnak-rus qüvvələrindən təmizlədikdən sonra milli hökumət Gəncədən Bakıya köçmüşdür. Azərbaycan Xalq Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət də məhz Osmanlı dövləti olmuşdur (4 iyun 1918-ci il).

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə olaraq qadınların seçim hüququnu tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət hökuməti o, cümlədən milli ordu, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin rəsmən tanınması, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. sahələrdə mühüm işlər görmüşdür.

Yüz beş il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanda ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayının 28-də bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Lider Heydər Əliyevin bu siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edildi. Elə həmin gün də cənab Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May- Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.

Beləliklə, həmin qanun təsdiq ediləndən sonra 28 May- Respublika Günü Azərbaycan da Müstəqillik Günü kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldıldı.

Azərbaycan xalqı üçüncü ildir ki, 28 May- Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır. Ötən il müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəsinə sadiq qalaraq mayın 27-də - Müstəqillik Günü ərəfəsində Zəngilana səfər etdi. Rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı oldu. Bununla da “Böyük Qayıdış” adlanan prosesə start verildi. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.

Əlifov Ayaz
ŞAN Company MMC-nin icraçı direktoru
YAP Nərimanov rayonu üzrə ƏPT-nın sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə