Dünyanın maraq dairəsində olan SEÇKİ - TƏHLİL

Dünyanın maraq dairəsində olan SEÇKİ - TƏHLİL

Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edən prezident və parlament seçkiləri, məhz bu baxımdan tarixi hadisə olaraq qiymətləndirilir. Bununla yanaşı, xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, seçkilərin nəticələri təkcə Türkiyə dövlətinin milli maraqları çərçivəsi ilə yekunlaşmır, milli sərhədləri belə aşır, hətta qlobal məna və məzmun kəsb edir. Bu baxımdan, qardaş ölkədə keçirilən seçkilərin istər Avropada, istərsə də dünyanın istənilən yerində diqqətlə izlənilməsi, seçkinin nəticələri ilə bağlı maraqlanılması təsadüfi sayılmır.

Sirr deyil ki, son 20 il ərzində Türkiyə NATO çərçivəsində ikinci hərbi güc sahibinə çevrilib. Bütün dünya ictimaiyyəti qəbul və etiraf edir ki, Türkiyə dünya siyasətində artıq regional oyunçu deyil, qlobal aktora çevrilib və bu, məhz qardaş ölkə prezidentinin liderliyi, qətiyyəti, siyasi iradəsi, bacarığı sayəsində olub. Dünya ictimaiyyəti bu reallıqları çox yaxşı görür və Türkiyənin, bu qardaş ölkə Prezidentinin dünya miqyasında söz sahibinə çevrildiyinə kimsənin şübhəsi ola bilməz, çünki hər kəs bilir ki, dünya liderlərinin həll edə bilmədiyi qlobal təhlükəsizlik məsələlərinin tənzimlənməsində belə Türkiyə Prezidentinin xidmətləri misilsizdir. Məsələn, Rusiya-Ukrayna müharibəsi fonunda Yaxın Şərqdə və Afrika ölkələrində qida təhlükəsizliyi, yaranmış ciddi buğda qıtlığı böhranının aradan qaldırılmasında, eləcə də Rusiya ilə Ukrayna arasında dialoqunun təşkil olunması istiqamətində Türkiyə liderinin həlledici rol olnadığı bu qənaətə gəlməyə əsas verir. Bu baxımdan deyə bilərik ki, Türkiyədə keçirilən prezident və parlament seçkiləri bütün dünyanın maraq dairəsindədir.

Avropalılar da Türkiyə liderinin hansı qətiyyətə, hansı siyasi iradəyə, hansı bacarığa sahib olduğunu yaxşı bilirlər. Yaxşı bilirlər ki, təxminən 4 milyon nəfərə qədər suriyalı qaçqına qucaq açıb, onların bütün təminatını üzərinə götürməklə, Türkiyə Prezidenti həm də Avropanı hansı səviyyəli böyük miqrasiya böhranından xilas edib. Bir sözlə, avropalılar Türkiyənin də, bu qardaş ölkə liderinin də rolunu dana bilməzlər, çünki sadalananlar sözdə deyil, əməldə öz təsdiqini dəfələrlə tapıb. Qardaş ölkə liderinin təkcə Türkiyə deyil, digər ölkə vətəndaşları üçün də humanizm prinsplərini əsas götürdüyü günümüzün reallığıdır və bunu təkzib etmək mümkün deyil. Təkzib etmək mümkün deyil ki, qardaş ölkə məhz son 20 ildə ən şərəfli yol keçib və bunun fonunda Türkiyə ilə hesablaşmamaq mümkünsüzdür. Deməli, həqiqətən də bütün dünya artıq bu şərəfli yolu keçən, böyük, qüdrətli dövlətə çevrilən Türkiyə ilə, bu ölkənin lideri ilə hesablaşmaq məcburiyyətindədir. Bu baxımdan, Türkiyədə keçirilən prezident və parlament seçkilərinə dünyanın istənilən nöqtəsində göstərilən maraq başadüşüləndir. Bu maraq, sözsüz ki, mövqe baxımından bir neçə istiqamətdə xarakterizə oluna bilər və əsasən, iki istiqamət burada daha çox diqqəti cəlb edir. Birincisi, dünyanın müxtəlif ölkələrinin, həmin ölkələrin liderlərinin həll edə bilmədiyi qlobal təhlükəsizlik məsələlərinin tənzimlənməsində məhz Türkiyənin, bu ölkə liderinin əvəzedilməz rolunu etiraf edənlər qardaş ölkənin prezidentini layiqincə qiymətləndirirlər. Məhz bu baxımdan onlar üçün Türkiyədə keçirilən prezident və parlament seçkiləri maraq kəsb edir, onlar seçkiləri maraqla izləyirlər. İkincisi isə, məhz siyasi iradəsi ilə seçilən qətiyyətli lideri sayəsində Türkiyənin qüdrətli dövlətə çevrilməsinə qısqanclıq hissi ilə yanaşanlar, qardaş ölkənin dinamik inkişafından, bütün dünyada həlledici rola malik olmasından, söz sahibinə çevrilməsindən narahatlıq hissi keçirənlər də var ki, onlar da bu seçkiləri maraqla izləyirlər. Məsələn, Ermənistan və bu işğalçı ölkənin havadarı olan, ikili standartlar siyasəti yürüdən, ədalətsiz mövqeyi ilə seçilən ölkələr üçün güclü lideri olan qüdrətli Türkiyə yuxularının ərşə çəkilməsi deməkdir, hansı ki, qüdrətli bir liderin növbəti dəfə prezident seçilməsi onların maraqları xarıcindədir və bu baxımdan, onların da diqqəti sözügedən seçkilərə yönəlib. İstənilən hər bir halda, Türkiyədə keçirilən prezident və parlament seçkilərinin maraqla izlənildiyi bəllidir və səbəbləri də aydındır.

Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri təkcə Türkiyədə deyil, bütövlükdə regionda da böyük maraqla izlənilir. Çünki məhz Türkiyənin bundan sonrakı inkişafı, tutduğu yol region üçün də mühüm amil olaraq qiymətləndirilir.

Bunu nəinki Türkiyə vətəndaşları, eləcə də dünya ictimaiyyəti çox yaxşı bilir. Yaxşı bilir ki, son 20 il ərzində qardaş Türkiyə bir ölkə olaraq əsrə bərabər inkişaf yolu keçib, nailiyyətləri isə saysız-hesabsızdır. Beləki, Türkiyə G-20 ölkələri daxilində Ümumi Daxili Məhsulun artım tempinə görə ilk beşliyə daxildir və güclü iqtisadiyyata malik olan Türkiyə ÜDM-nin səviyyəsinə görə dünyada 18-ci yeri tutur, hansı ki, bu göstərici son 20 il ərzində iki dəfə artaraq, 736,716 milyard ABŞ dolları həddinə çatıb. Bu isə onu deməyə əsas verir ki, Cümhuriyyətin 100 illiyində, yəni 2023-cü ildə Türkiyəni dünyanın ən nəhəng iqtisadiyyatı olan ölkələr sırasında qərarlaşması barədə hədəflərə nail olunub. Peşəkar xidmət sahəsində dünyanın ən böyük kompaniyalardan biri olan “Pricewaterhouse Coopers”in apardığı tədqiqatların nəticələrinə görə, 2030-cu ilədək Türkiyə iqtisadiyyatı dünyada 12-ci yerə yüksələcək, ÜDM isə 2, 996 trln ABŞ dolları həddində olacaqdır. Digər tədqiqatların da nəticələrinə istinad etsək deyə bilərik ki, 2050-ci ildə Türkiyədə ÜDM 5 trln-dan çox olacaq, hansıki bu, çox böyük inkişaf tempi deməkdir və belə bir inkişaf tempinə malik olan ölkədə keçirilən seçkilərin böyük maraqla izlənilməsi tam məntiqi və anlaşılandır.

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri, hələlik, tam açıqlanmasa da Azərbaycan ictimaiyyətinin bu seçkiləri diqqətlə izləməsi, xalqımızın qardaş ölkə ilə bağlı biganə qalmadığını, eləcə də hansı “seçimi” etdiyini göstərir. Əgər Türkiyədə keçiriləcək prezident seçkilərində Azərbaycan xalqının iştirak etməsinin hüquqi əsasları olsaydı, seçicilərimizin mütləq əksəriyyəti məhz həmin seçkilərdə yaxından iştirak edər, qardaş ölkənin uğurlu gələcəyinə səs verərdi. Azərbaycan ictimaiyyəti çox yaxşı bilir ki, tarixən dost və qardaş olan dövlətlərimiz arasındakı münasibətlər, məhz qardaşlıq sayəsində indiki strateji və hərbi müttəfiqlik səviyyəsinə yüksəlibdir. Təbii ki, qardaş Türkiyə dövlətinin 44 günlük Vətən müharibəsinin ilk anından başlayaraq Azərbaycanın yanında olduğu, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərdiyi, müharibənin davam etdiyi dönəmdə qardaş ölkə tərəfindən verilən bəyanatlar fonunda üçüncü dövlətlərin Ermənistanın yanında yer almaq niyyətlərindən vaz keçdiyi unudulan deyil. Həmçinin o da unudulan deyil ki, Türkiyədə baş vermiş zəlzələnin fəlakətli nəticələrinin aradan qaldırılması prosesində Azərbaycan ən tez köməyə çatdı və öz töhfələrini verdi, hansı ki, bütün bunlar, dostluq və qardaşlığımızın hər zaman olduğu kimi, davamlı şəkildə tarixin sınağından şərəflə çıxmaqda olduğunu təsdiqləyir. Bir sözlə, xalqımız üçün qardaş ölkənin taleyüklü seçkisi olduqca önəmlidir, maraqlıdır və qardaşlığımızın, dostluğumuzun daha da dərinləşəcəyinə inamımız böyükdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə