Növbəti Brüssel görüşü: Azərbaycanın şərtləri yenə keçərli oldu - TƏHLİL
Bu, Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyasının daha bir qələbəsidir
Nəhayət ki, gözlənilən Brüssel görüşü baş tutdu. Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə baş tutan budəfəki görüşü də Azərbaycan tərəfinin diplomatik uğurudur. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, ilk dəfə rəqəmlərlə ifadə olunan, Azərbaycanın 86,6 min kv.km, Ermənistanın 29,8 min kv. km ərazisinin qarşılıqlı şəkildə tanındığı vurğulanıb. Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında mayın 14-də Brüssel formatında sayca beşinci görüş bir daha Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyasının qələbəsidir.
PREZİDENT İLHAM ƏLİYEV VƏ ŞARL MİŞEL TƏRƏFİNDƏN ƏSASI QOYULAN BRÜSSEL SÜLH GÜNDƏLİYİ
Yeri gəlmişkən, xatırladaq ki, Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın sülh və sabitliyə sadiqliyi, xüsusilə, dünyada ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı tərəfindən yüksək səviyyədə dəstəkləndi. Aİ Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında intensiv dialoq və təmaslarla Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanmasında, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atılmasında özünü qabarıq büruzə verdi. Nəticədə, postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu və tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları gerçəkləşdirildi. Xatırladaq ki, Brüssel sülh gündəliyində prioritet istiqamət olan sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.Və avqustun 31-də Brüsseldə keçirilən dördüncü üçtərəfli görüş dövlətimizin başçısı Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bildi. Beləliklə, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Qeyd edək ki, yeni sənəddə Qarabağ mövzusu, həmçinin ATƏT-in Minsk Qrupu yer almayıb, MQ formatının artıq tarixdə fəaliyyətsiz bir qurum kimi qalması, əvəzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nın vasitəçilik formatının mövcudluğu öz ifadəsini tapıb. Bir sözlə, Azərbaycanın daxili işi olan Qarabağ mövzusunun müzakirə edilmədiyi qənaəti təsdiqlənib. Bununla belə sülh müqaviləsinin Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacağı nəzərdə tutulub. Bütün bunlar isə Ermənistanı sülhə məcbur edən "Dəmir yumruğ"un gücüdür. Bir sözlə, beşinci Brüssel görüşündə də…
NÖVBƏTİ BEŞİNCİ ÜÇTƏRƏFLİ GÖRÜŞLƏRDƏ YENƏ DƏ AZƏRBAYCANIN ŞƏRTLƏRİ KEÇƏRLİ OLDU
Bu gün Azərbaycan 44 günlük müharibədə düşmən üzərində hərbi qələbə çaldıqdan dərhal sonra bölgədə sülhün bərqərar olması üçün diplomatik müstəvidə də ardıcıl və uğurlu addımlar atmağa başlayıb. Prezident İlham Əliyev əvvəlki görüşlərdə də bildirib ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm: «Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib».Bəli, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatları ilə qazandığımız diplomatik qələbələr ötən ilin 26 noyabrında Soçi bəyanatı ilə daha da möhkəmlənib. Belə ki, Avropa İttifaqının vasitəçiliyi ilə "Brüssel prosesi" sayəsində isə üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin real müstəvidə həlli ilə bağlı əhəmiyyətli irəliləyişlərə nail olunub. Xüsusilə, üçüncü Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edildi. Yəni bu, o deməkdir ki, iki ölkə arasında imzalanacaq sülh müqaviləsi rəsmi Bakının irəli sürdüyü məlum baza prinsipi əsasında qurulacaq. Lakin Ermənistan hələ də bundan yayınsa da, bundan sonrakı Brüsseldə keçirilən dördüncü və növbəti beşinci üçtərəfli görüşlərdə də yenə də Azərbaycanın şərtləri keçərli oldu və sülh prosesi ilə bağlı real addımlar atmağın mütləqliyini ortaya qoydu. Artıq iki ilə yaxın müddətdə hər cür hiylə, təxribatçı əməllərlə sülhə nail olmağı yubadan Ermənistanın bundan yayınmaq yolları bağlandı və o, sülh razılaşmasına məcbur edildi.
Bəli, növbəti beşinci Brüssel görüşü bir daha sübut etdi ki, şərtləri qalib lider diktə edir və məğlub olan ölkənin rəhbəri də bu şərtlərə əməl etməlidir. İstər Soçi, istərsə də Brüssel görüşlərində bir daha sübut olundu ki, Azərbacan Prezidenti qalib lider olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə də həqiqətləri açıqlayacaq və açıqladı da! Prezident müharibədən ötən bir il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda gördüyü böyük işləri göstərərək dünyaya bəyan etdi ki, Azərbaycan, hər zaman olduğu kimi, sülh tərəfdarıdır. Öhdəliklərin yerinə yetirilməsi də bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək. Ancaq görünən odur ki, Ermənistan yenə də hansısa bəhanələr uydurmaqla vaxt uzadır. Yəni, Azərbaycan bu istiqamətdə nəticəyönümlü addımlar atır. Amma Ermənistan da xoş məram sərgiləməlidir və Zəngəzur dəhlizi ətrafında manipulyasiyadan əl çəkməlidir. Çünki 10 noyabr 2020-ci il imzalanan üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi, maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.
Və görüşdə də Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə də, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıdığı vurğulanıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib ki, Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır: «Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır».Həmçinin, görüşdə Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa Birliyi tərəfindən dəstəklənməsi oldu. Bir sözlə, görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət yenə də öz sözünü dedi. Nəticədə də Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan hər hansı alternativ təqdim edə bilmədi.
ÖHDƏLİKLƏRİNƏ SADİQ ÖLKƏ - BEŞİNCİ BRÜSSEL GÖRÜŞDƏ DƏ AZƏRBAYCAN HƏRTƏRƏFLİ ÜSTÜNLÜYÜNÜ TƏMİN ETDİ
Əvvəlki dörd Brüssel görüşündə olduğu kimi, beşinci Brüssel görüşündə də Azərbaycan bir daha göstərdi ki, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə və Brüssel görüşlərində aparılan danışıqlar zamanı qəbul edilən qərarlara sadiqdir. Buna misal kimi sərhədlərin delimitasiyası komissiyasının dəhral yaradılmasını, eləcə də yeni Laçın yolunun 3 ilə deyil, daha tez hazır olmasını, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir və avtomobil yolunun tikintisinin sürətləndirilməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bunlar regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır. Üçtərəfli görüşdən sonra Şarl Mişelin verdiyi bəyanata nəzər yetirdikdə aydın görünür ki, Avropa İttifaqı ilk növbədə regionda sülhün tezliklə bərqərar olmasında çox maraqlıdır. Kommunikasiyaların açılması, nəqliyyat-tranzit məsələlərinin həllini tapması Cənubi Qafqazın inkişafı ilə yanaşı, regionda sabitliyi daha da möhkəmləndirəcək. Ona görə də Avropanın siyasi mərkəzi olan Brüssel görüşləri sülh prosesinə töhfə kimi dəyərləndirilir. Bəli, bundan öncə keçirilən dörd görüşdə olduğu kimi, beşinci görüşdə də Azərbaycan hərtərəfli üstünlüyünü təmin etdi. Beləliklə, Avropa İttifaqı Şurasının və şəxsən prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar. Çünki artıq ermənilər də dərk edirlər ki, nəinki Qarabağda və Azərbaycanın sərhədləri daxilində, hətta Cənubi Qafqazda baş verən proseslər də qalib ölkənin maraqlarına uyğun şəkildə həyata keçirilir. Regionda baş verən bütün proseslərin hərəkətverici qüvvəsi rolunda Azərbaycan iştirak edir. Və Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətindəki israrı da reallaşacaq. Bununla da Cənubi Qafqazın nəqliyyat-logistika imkanları daha da genişlənəcək. Yeni imkanların yaranması ilk növbədə Ermənistanın düşdüyü acınacaqlı durumdan xilası ola bilər. Bir sözlə, həm Soçi, həm də Brüssel görüşləri bir daha təsdiq etdi ki, qalib ölkənin qalib lideri Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən hər hansısa birini Ermənistan həyata keçirməkdən boyun qaçırarsa, sülh müqaviləsi imzalanmayacaq. İstənilən etirazı, təxribatı isə "Dəmir yumruq" əzəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB