Ulu Öndərin humanizm siyasəti uğurla davam etdirilir - QHT RƏSMİLƏRİ ARASINDA SORĞU
İllərdir ki, mütəmadi olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır. Mayın 8-də ölkə başçısının imzaladığı əfv sərəncamı isə özünəməxsusluğu ilə seçilir. Belə ki Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə indiyədək imzalanan 37 sərəncamın içində ən böyüyüdür.
Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Eyni zamanda bildirilməlidir ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu edib.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Rauf Zeyni: "Ölkə Prezidenti tərəfindən illərdir ki, ulu öndərin əsasını qoyduğu humanizm siyasəti uğurla davam etdirilir. Azərbaycanın müstəqilliyi dövründə 37-ci əfv sərəncamı imzalandı ki, bundan 801 nəfər bəhrələndi. Bu çox humanist bir siyasətdir.
Ədalətin bərqərar olması və vətəndaşlara şamil edilməsi çox vacibdir. Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə amnistiya ilə bağlı bir neçə dəfə təşəbbüs irəli sürülüb. Burada da minlərlə insan öz məhkumluğundan azad edilib, yaxud da məhkumluğun müddəti azaldılıb. Bu da humanizm nümunəsidir. Ona görə də bu illər ərində dövlət səviyyəsində belə təşəbbüslərin həyata keçirilməsi bir daha onu göstərir ki, bizim ölkəmiz bəşəri ədalət, vətəndaşların rifahı və milli barışıq prinsipinə ciddi əməl edir. Bu sərəncamların verilməsi cəmiyyətdə çox müsbət qarşılanır. İnanırıq ki, bu siyasət daima davam edəcək".

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri: “10 may tarixi Azərbaycan xalqı üçün xüsusi önəm kəsb edir. Çünki dünya miqyaslı dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 100 il öncə məhz bu tarixdə, mayın 10-da anadan olub. Bu gün xalqımız müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir.
Tarixi şəxsiyyət Heydər Əliyev xalqımızın yaddaşına müdrik və qurucu lider, xilaskar kimi həkk olunub. Məlum olduğu kimi Ulu Öndər həmçinin, hər zaman insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm vermişdir. Ümummilli Liderimiz humanizm, mərhəmət və insanpərvərlik prinsiplərini daim ön sırada tutmuşdur ki, bunun da nəticəsində Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə ölüm hökmü ləğv edilmişdir. Qeyd etməyi özümə borc bilirəm ki, Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanmış, bunun nəticəsində 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilmişdir.
Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda da uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin mayın 8-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam da bunu növbəti dəfə təsdiq edir. Vurğulamaq yerinə düşər ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdisə 8 may Sərəncama əsasən 801 məhkum əfv olunmuşdur.
Bu Sərəncam digər bir baxımdan da önəm kəsb edir. Məlumat üçün bildirim ki, bu Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilmişdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilmişdir. Bu, bir tərəfdən ölkəmizdə hüquq müdafiə təşkilatlarının, vətəndaş cəmiyyətinin mövqeyinə də dəyər verildiyini, digər yandan isə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin humanizm və yüksək ali dəyərlərə söykəndiyini bir daha sübut edir”.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Prezident İlham Əliyevin mayın 8-də imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır və milli birliyin möhkəmlənməsinə töhfə verəcək.
Mayın 8-də imzalanmış “Məhkum edilmiş bir sıra şəxslərin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam cəmiyyətin bütün təbəqələrində rəğbətlə qarşılanıb. Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Əfv edilənlərdən 25 nəfəri qadındır.
Bu əfv sərəncamı Heydər Əliyevin əziz xatirəsinə dərin hörmətdən, ümumilli liderin qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sədaqətdən irəli gəlir.
Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə hər zaman humanizm dəyərlərinə söykənərək verdiyi sərəncamlarla minlərlə insanı əfv etmişdi. Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilən bu siyasət artıq ənənə halını alıb. Prezident İlham Əliyev humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirirərək bu sərəncamı imzalayıb. Dövlətimizin başçısı bu cür addımları ilə Azərbaycan vətəndaşına yüksək dəyər verir, hüquq və azadlıqlarını hər şeydən uca tutur.
Bu sənəd şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Prezident İlham Əliyevin fəaliyyəti göstərir ki, Azərbaycan müstəqil dövlətdir və özünün müstəqil siyasəti var. Azərbaycan dövlətinin qərarlarına hec bir xarici qüvvə təsir edə bilməz. Azərbaycan dövlətinin qanunlarını pozan, cinayət edən cəzasını alır. Amma dövlətin siyasəti həm də humanizmə əsaslanır. Dövlət başçısı vaxtaşırı bu cür humanist addımlar atır. Çünki onun fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı, xoşbəxtliyi dayanır. Ümummilli liderin anım günündə bu sərəncam yüzlərlə ailəyə sevinc bəxş etdi”.

"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli: "Azərbaycanda cinayətkarlıqla mübarizədə sərt qaydalar olması ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, daxili sabitlik üçün çox vacibdir. Biz şahidi oluruq ki, müvafiq qurumlar daim bu yöndə çalışır.
Təbii ki, cinayət törətmiş və həbs edilmiş şəxslər arasında müəyyən müddət sonra islah olunan, cəmiyyətə təhlükə yaratmayacaq, səhvini anlamış şəxslər də kifayət qədərdir. Hüquqşünaslar, psixoloqlar bildirir ki, şəxs artıq islah olubsa, onun həbsxanada saxlanılmaması üçün humanist siyasət aparılmalıdır. Biz bilirik ki, Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərini daim üstün tutan şəxsdir. Onun prezidentliyi dövründə hər il əfv sərəncamı imzalanıb. Eyni zamanda Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın da dəfələrlə amnistiya təşəbbüsləri ilə çıxış etməsinin şahidi olmuşuq.
Cənab Prezidentin son əfv sərəncamı 801 nəfərə şamil edilib. Bu, minlərlə vətəndaşın sevinci deməkdir, təkcə azad edilmiş məhkumlar yox, onların ailə üzvləri, övladları da sevinib.
Xeyli ailələrin qazanc gətirən üzvünün həbsxanadan çıxması onların sosial rifahının da yaxşılaşmasına səbəb olub.
Ümumiyyətlə, əfv sərəncamını yalnız müsbət qiymətləndirmək olar, çünki humanizm ən ali dəyərdir.
Eyni zamanda bu, iqtisadi-sosial baxımdan da dövlətin və vətəndaşların maraqlarına uyğun addımdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB