Vətən müharibəsi, Azərbaycanın möhtəşəm qələbəsi ilə tarixə qızıl hərflərlə yazılan 44 günlük müharibənin ardınca, son illərdə sərhəddə erməni təxribatları fonunda müxtəlif döyüş əməliyyatlarının olduğunu, təxribatçılara layiqincə cavab verildiyini hamımız bilirik, amma separatıların Laçında son təxribatlarına ordumuzun cavabı xüsusilə diqqəti cəlb etdi, çünki bu, Paşinyan hakimiyyətini bərk silkələdi və rəsmi İrəvanda ciddi rezonans doğurdu. Dəvət etdiyi Avropa İttifaqı missiyasına boş yerə güvənərək, Bakı ilə mübahisələrini beynəlmiləlləşdirmək, Qarabağ münaqişəsini “yenidən dondurmaq” arzusuna düşən revanşistlər də, Aİ-nin Ermənistanda fəaliyyət göstərən polis-mülki monitorinq missiyası fonunda onların təxribatlarına Azərbaycanın sərt cavabını gördükdə, xəyalları ilə deyil, qəbul etmək istəmədikləri reallıqla üz-üzə qaldılar, hansı ki, bu reallıq ölkəmizin haqlı olması ilə daha böyük qüvvət, qüdrət sahibi olmasını təsdiq etdi.
Son döyüşlərin nəticələrinin erməniləri təlaşlandırması müxtəlif mərtəbələrdə və məqamlarda özünü göstərmiş oldu. İşğaldan azad etdiyimiz ərazilərimizdə dəniz kimi dalğalanan bayraqlarımıza əli çatmayan, yaxın düşə bilməyən hansısa erməninin beynəlxalq idman tədbirində əlinə səhnədəki bayrağımızı keçirib yenə də namərdcəsinə hərəkət etməsi, onu yandırması ən çirkin addım olmaqla bərabər, təlaşın, qorxunun, son döyüşlərdə də əldə etdiyimiz qələbədən doğan qıcığın təzahürü idi. Bəli, göründüyü kimi, sıravi ermənidən tutmuş, Nikola qədər hər biri onsuz da təlaş içindədirlər. Amma bu azmış kimi, həmin ölkənin Təhlükəsizlik Şurası katibinin fikirləri bu qorxunun, təlaşın nə dərəcədə, hansı həddə olduğunu ortaya qoyur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın döyüşlərin nəticələri ilə bağlı bəyanatına diqqət etdikdə bunun əyani şahidi oluruq. “Biz gözləyirik ki, Brüssel Azərbaycanın təxribatlarının qarşısını almaq üçün addımlar atacaq... Dığ kəndi yaxınlığında baş vermiş insident Aİ müşahidəçiləri üçün də problemdir, çünki Aİ müşahidəçilərinin yerləşdirilməsi gözlənildiyi kimi, Azərbaycan üçün çəkindirici olmalı idi”, deyən Armen Qriqoryan açıq şəkildə etiraf edir ki, Avropa İttifaqı missiyasına ermənilər çox güvəniblər və hətta onların olmasından sui istifadə də ediblər. Elə zənn ediblərsə ki, Aİ missiyasını dəvət etməklə ağıllarına gələni edəcəklər, təxribat belə törədəcəklər, amma buna cavab olmayacaq, yanılıblar. Azərbaycan müstəqil, suveren dövlətdir və bu dövlətə qarşı hərhansı təxribata görə dərhal cavab verilib, bundan sonra da belə olacaq və hansısa missiyanın, hansısa təşkilatın, qurumun olması bunun qarşısını ala bilməz.
Bu gün erməni cəmiyyətini narahat edən ən ağrılı məsələ artıq Aİ missiyasının da kölgəsinə sığına bilməmələridir. Bir növ həmin cəmiyyətin bu missiya ilə bağlı ümidləri tamamilə puç oldu. Halbuki, ermənilər elə hesab edirdilər ki, Aİ missiyası Ermənistanda peyda olmaqla bir növ hər şeydən sığortalanacaqlar və bundan sonra da onların kölgələrində kölgələnərək ağıllarına gələni edəcəklər, haylara buna görə cavab da verilməyəcək. İndi görəndə ki, Aİ missiyası belə Azərbaycanı öz haqq işindən döndərməkdə, öz haqq yolundan yayındırmaqda acizdir ermənilərin başına elə bil daş düşmüş oldu. Əvvəla onlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna, söz sahibi olduğuna, haqlarını müdafiə etmək əzmində olduğuna daha dərindən əmin oldular. Digər tərəfdən də haylar sözügedən bu missiyanı dəvət etməklə rusları da incik salıblar və o tərəfdən də təhlükəsizliklərini qoruyanları əldən çıxarıblar axı. Belə desək daha dəqiq ifadə etmiş olarıq ki, son döyüşlərdən sonra ermənilər Aİ missiyasını dəvət etdiklərinə görə çox peşman olublar.
Azərbaycan və Ermənistan sərhədində Laçın istiqamətində gedən döyüşlərdən sonra ermənilər bir növ diksiniblər. Əraziyə davamlı olaraq Ermənistan ordusunun canlı qüvvə və texnikasının toplanması belə təəssürat yaradırdı ki, erməni tərəfi ciddi addımlar atmağa hazırlaşır və hərhansı qarşıdurmaya getməklə hətta strateji vəziyyəti dəyişməyə də can atır. Qarabağdakı separatçı qüvvələrin qalıqlarını təchiz etmək, onların mövcudluqlarını qorumaq baxımından Laçın rayonunda kommunikasiyaların əsas strateji əhəmiyyəti təkzib edilə bilməz və bu mənada Laçın istiqamətində növbəti kəskinləşmənin ola biləcəyi kifayət qədər məntiqli görünürdü. Ona görə ki, Qarabağda erməni separatizminin Laçınsız heç bir şansı qalmır və separatçılar bunu elə ötən əsrin sonlarında da yaxşı bilirdilər, indi də yaxşı bilirlər. Əks halda, Laçına strateji ərazi kimi baxmazdılar. İndi Laçında Azərbaycanın nəzarət imkanlarının onlar üçün nə demək olduğunu başa düşmək heç də çətin deyil və niyə ermənilərin kürkünə birə düşdüyü də bəllidir. Həm də rəsmi Bakının bu nəzarət imkanlarının artması fonunda Aİ missiyasının heç bir rıçaq sayılmadığını görən ermənilər həmin missiya barədə də ümudlərinin puç olduğunu başa düşmək məcburiyyətində qalıblar.
Separatçı silahlı birləşmələr Laçın dəhlizindən Ermənistanla Xankəndi arasında keçən yoldan istifadə etmək üçün bütün imkanlarını itirdikdən sonra alternativlər axtarmağa başlamışdılar. Beləki, hava şəraiti və yazın gəlişi imkan verən kimi, xəlvəti torpaq yollarından istifadə etməklə məsələnin həllini tapmış olduqlarını düşündülər. Amma bu, Azərbaycan üçün qəbuledilməz idi və martın 5-də separatçılarla məlum toqquşmaya gətirib çıxaran səbəb də bu oldu. Separatçıların xəlvəti şəkildə əlavə yoldan istifadə etmək, silah-sursat daşımaq, vəziyyəti gərginləşdirmək cəhdlərinə son qoyuldu. Buna nə sülhməramlı kontingenti, nə də Aİ missiyası qarışa bilməzdi, çünki Azərbaycan öz ölkəsinin, öz ərazilərinin təhlükəsizliyini qorumaqdadır və bu onun suveren hüququ, hətta missiyasıdır. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində martın 25-də Azərbaycanın Müdafiə Nazirliyi Laçın yolunun şimalındakı torpaq yollarını nəzarətə götürdüyünü açıqlayıb. Sonradan məlum olub ki, həmin gün Azərbaycan ordusu çıxıb Şuşa rayonunun Allahqulular və Zamanpeyəsi kəndlərində, eləcə də ona bitişik yüksəkliklərdə möhkəmlənib. Xəritəyə qısa nəzər salanda Laçınla Xankəndi rayonundakı separatçı qüvvələrin qalıqları arasındakı, eləcə də bu yaşayış məntəqələri arasındakı yolların yaxınlığında - dağlıq ərazidə bu ərazilərin strateji əhəmiyyəti təkzibedilməzdir və bu, əraziyə tam nəzarət etmək deməkdir. Eyni rakursda Azərbaycan Müdafiə Nazirliyinin 30 mart tarixli müraciəti də diqqəti cəlb edir və bu çox ciddi bir mesaj olaraq qəbul edilir. “Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar bir neçə dominant yüksəklik, əsas və köməkçi yollar, eləcə də geniş sərhəd ərazisi Laçın rayonunun Cağazur və Zabux kəndləri arasındakı ərazi nəzarətə götürülüb”, mesajı o deməkdir ki, separatçıların Ermənistandan təchiz olunmaq imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Şübhə yoxdur ki, gec-tez Azərbaycanın Laçın rayonunun girişində nəzarət-buraxılış məntəqəsi də quraşdırılacaq. Bu addımların qarşısını almaq üçün isə rəsmi İrəvanın nə hüququ, nə də ixtiyarında heç bir vasitə, rıçaq yoxdur.
“Biz həmçinin daha əvvəl elan etdiyimiz prinsiplər əsasında regional iqtisadi və nəqliyyat əlaqələri açmağa hazırıq. Biz həmçinin Praqa və Soçi razılaşmaları əsasında sərhədlərin delimitasiyasına hazırıq”, deyə Paşinyan hökumətin iclasında kəkələyə-kəkələyə bəyan edib və bu, onun ötən həftənin cümə axşamı olan döyüşlərdən sonra “büzüşməsi”, təslimiyyəti, qorxusu kimi xarakterizə olunur. Politoloqlar hesab edilər ki, Nikolun belə bir ifadəsi onun öz acizliyini qəbul etməsi kimi görünür. Bu acizliyi onun digər fikirlərində daha bir şəkildə təzahür edir. “Azərbaycanın hərəkətləri təxribat xarakterlidir, Praqa və Soçidə qəbul edilmiş bəyanatlarla ziddiyyət təşkil edir. Siyasi qiymətləndirmə nöqteyi-nəzərindən hesab edirəm ki, Aİ-nin yaydığı mesaj mühümdür, burada 1991-ci il sərhəddi vurğulanır və söhbət Ermənistan SSR ilə Azərbaycan SSR arasındakı inzibati sərhəddən gedir. Aİ-nin bəyanatında deyilir ki, bu sərhədə hörmət edilməlidir”, deyən erməni baş nazir öz ölkəsinin başçısı kimi deyil, ağdərili müstəmləkəçilərin, Qərbin xidmətində olan yerli lider kimi çıxış edirsə, hər şey bəllidir. Bəlli olan isə odur ki, əvvəla Paşinyan bərk qorxuya düşüb və öz fikrini belə bildirməyə cəsarət etməyib, tam şəkildə Aİ-yə istinad edib. Ola bilsin Paşinyan ümid edir ki, İrəvanın bu cür qərbyönümlü davranışından sonda yararlana biləcək, amma bu mənada da yanldığının tezliklə şahidi olacaq, eyni ilə Avropa İttifaql missiyası ilə bağlı olduğu kimi. Bir sözlə, bu dəfə də arzularının puç olduğunu görəcək.
Laçın yolunun bağlanması, yaxud da həmin yolda nəzarətin Azərbaycan tərəfinin əlinə keçməsi qorxusu onsuz da Paşinyanın yaxasını heç zaman buraxmayıb. Çunki Nikol Vovayeviç bilir ki, separatçıların silahlı qüvvələrinin təchizatı olmadan onlar çox davam gətirə bilməzlər. Erməni baş nazirin bu istiqamətdə təlaşını, qorxusunu hiss edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da öz mövqeyini bildirib. “Biz Laçın məsələsi ilə bağlı danışıqlar aparmayacağıq, orada çoxdan hər şey göstərilib və Rusiya Federasiyası Azərbaycanı dəhlizdən çıxarmalıdır”, deyə Armen Qriqoryan CivilNet-ə müsahibəsində həmin ərazilərdə beynəlxalq oyunçuların da iştirakına ehtiyac olduğunu bildirib. Bunu da onunla əsaslandırıb ki, Rusiyanın mövcudluğuna baxmayaraq, bir çox təhlükəsizlik məsələləri həll olunmur”. Aydın şəkildə ifadə etmiş olsaq, Ermənistan Təhlükəsizlik Şurasının katibinin fikirlərindən belə məlum olur ki, bu işğalçı ölkədə ümidlər Qərbə bağlanıb. Buna ümud etməyə dəyər, yaxud dəyməz, bunu ümumilikdə ermənilər artıq çoxdan anlamalı idilər.
Ermənilər heç olmasa düşünməli idilər ki, görəsən Qərbin özünün buna ehtiyacı varmı? Azərbaycanla sərhəddə Ermənistandakı Aİ polis-mülki missiyası haqqında bu yaxınlarda Politico-da dərc olunan məqalə buna aydınlıq gətirmək, sualın cavabını düşünmək üçün kifayət edir. “Biz patrul xidməti və başqa məsələlər haqqında bütün lazımi məlumatları Azərbaycanla paylaşırıq, çünki heç bir problem istəmirik”, deyə məqalədə adının açıqlanmasını istəməyən Aİ-nin yüksək rütbəli diplomatik rəsmisindən sitat gətirilir. Deməli, məsələ bəllidir. Elə buna görə də Ermənistanın müxalifət siyasətçiləri açıq şəkildə deyirlər ki, Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki monitorinq missiyasının başlamasından sonra Aİ siyasətində Ermənistan heç bir dəyişiklik görmür. Həttə bəziləri belə düşünməyə başlayblar ki, bu missiya Qərbin öz problemlərinin həlli və Rusiyanın Ermənistandan sıxışdırılması üçün sadəcə başlanğıc addımdır. Deməli, getdikcə digərlərinin də əsassız, boş ümidləri puça çıxacağı gözləniləndir və Azərbaycanın yaratdığı reallığı qəbul etmək məcburiyyəti qaçılmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB