“Azərbaycanla Bosniya və Herseqovina arasında qurulacaq əməkdaşlıqlar çox vacib və önəmlidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Aprelin 13-də Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Həmçinin, Prezident cənab İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç və Rəyasət Heyətinin üzvləri ilə də geniş tərkibdə görüşü keçirilib. Görüşdə rəyasət heyətinin sədri Azərbaycanın Bosniya və Herseqovinanın dostu olduğunu vurğulayıb və daim bu dostluq münasibətlərini yüksək qiymətləndirdiklərini bildirib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, xüsusilə Azərbaycanın 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında və COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstəyi də vurğulamışdır: “Həmçinin, ölkəmizin Bosniya və Herseqovinada humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirməsini, o cümlədən gözdən əlil və ahıl insanlar üçün də mərkəzlərin təmirini çox yüksək qiymətləndirərək dilə gətirmişdir. Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olması, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklənməsi də xüsusi qeyd edilmişdir.
Səfər çərçivəsində həm ikitərəfli gündəlikdə duran məsələlərə, həm də beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmışdır”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rolu və tezliklə Azərbaycanda səfirliyin açılması niyyəti bildirilib. Gündəmdə gələcəkdə Azərbaycan vətəndaşları üçün viza rejiminin də aradan qaldırılacağını və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı gözləntilər barəsində də danışılmışdır.
Rəyasət Heyətinin Sədri və üzvləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliamı da heç zaman unudulmamasının vacibliyinə toxunmuşdur. Bu, onu göstərir ki, Bosniya və Herseqovina həqiqətən də Azərbaycanın mövqeyini dəstəkləyir.
Təbii ki, Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə də gələcəkdə əlaqələrimizi keyfiyyətcə də yeni səviyyəyə qaldıracaq. Bunu öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də vurğulamışdır.
Görüş zamanı Prezident İlham Əliyev siyasi münasibətlərimizin daim çox yaxşı səviyyədə olduğunu, ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə də Bosniya və Herseqovinanın həmişə ərazi bütövlüyümüzə və suverenliyimizə göstərdiyi dəstək yüksək qiymətləndirilmişdir. Bosniya və Herseqovinanın 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycana göstərdiyi siyasi dəstək xususi vurğulanmışdır.
Azərbaycanla Bosniya və Herseqovina arasında investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, turizm, əczaçılıq və digər sahələrdə də əlaqələrin genişləndirilməsi üçün imkanlar var. Gələcəkdə, Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanla Bosniya və Herseqovina arasında bu və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.
Eyni zamanda, ölkələrimizin vətəndaş cəmiyyəti təsisatları, elm-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərinin vacibliyi də vurğulanmışdır.
Azərbaycanla Bosniya və Herseqovina arasında gələcəkdə qurulacaq əməkdaşlıqlar çox vacib və önəmlidir. Həmçinin, gələcək əməkdaşlıq üçün də prioritet istiqamətlər artıq müəyyənləşibdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB