Bakı artıq dünyanın diplomatik paytaxtlarından birinə çevrilib
Paytaxt Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdi - Qoşulmama Hərəkatının COVID-19 –a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Söz yox ki, belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanın paytaxtında keçirilməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Toplantıda Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin konseptual xarakterli çıxışı böyük maraqla qarşılandı. Dövlətimizin başçısı bu çıxışında yeni dünya düzəni, dünyanın müasir təhlükəsizlik arxitekturası ilə bağlı fikirlərini paylaşdı və önəmli mesajlar verdi. O cümlədən, 3 il öncə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladığı vaxtdan indiyədək bu təşkilata yeni güc, yeni nəfəs verdi. Beləliklə, Hərəkat son illər ərzində beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətli təşkilatlardan birinə çevrilib və söz sahibi olmaqla böyük nüfuza malikdir.
Digər tərəfdən, daha bir fakt budur ki, Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci böyük təşkilatdır. 1961-ci ildə yaradılan təşkilatın hazırda 120 dövlətdən ibarət üzvü, 19 dövlət və 9 beynəlxalq müşahidəçi təşkilat üzvü var. Təşkilat müxtəlif siyasiyönümlü ölkələri birləşdirsə də, ümumi məqsəd hərbi bloklara qoşulmamaqdır. Düzdür, Belarus Respublikası KTMT-nin hərbi blokunun üzvüdür, bununla belə Qoşulmama Hərəkatının toplantısında iştirakını vacib saydı. Bu da Hərəkata göstərilən diqqətdən yaranan münbit reallıqdır.
Prezident İlham Əliyevin sədrliyi ilə həyata keçirilən tədbirlər qurumun nüfuzunu xeyli artırmış oldu
Bu gün Azərbaycan hazırda da Qoşulmama Hərəkatının sədridir. Əbəs deyil ki, ölkəmiz dünyada COVID-19- a qarşı fəal mübarizə aparan dövlət kimi qəbul edilir. Azərbaycanın bu sahədə yüksək təcrübəsi, verdiyi dəyərli töhfələr, sonrakı addımların atılması ilə bağlı qərarları respublikamızın dünya birliyində artan nüfuzundan xəbər verir. Bakı artıq dünyanın diplomatik paytaxtlarından birinə çevrilib. Belə ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə bu təşkilatın sədrliyinə başlayıb. Bir faktı qeyd edək ki, həmin dövrə qədər Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Daha dəqiq desək, məhz dövlətimizin başçısının, Prezident İlham Əliyev cənablarının sədrliyi ilə həyata keçirilən tədbirlər qurumun nüfuzunu xeyli artırmış oldu. Bu baxımdan, Azərbaycanın təşkilata sədrlik müddəti Hərəkat üzvlərinin yekdil qərarı ilə daha bir il uzadıldı. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında da ölkəmizin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərin beynəlxalq aləmdə böyük razılıqla qarşılandığını diqqətə çatdırdı - Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu mühüm təşəbbüs Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi idi. Təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı və xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirildi. Tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış etdi. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanmış, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilmişdi. Bununla yanaşı, Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Hərəkatın pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi qurumun nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.
Uğurla keçilən mərhələlər
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Hərəkatın institusional inkişafına da güclü dəstək verir. Bu faktları ayrı-ayrılıqda izah edək:
Birincisi, ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirildi. Ardınca, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı.
Üçüncü mühüm amil budur: fərəh doğuran haldır ki, təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Əlbəttə, bütün bunlar danılmaz reallıqlardır və qarşıda növbəti uğurların müjdəsini verən gerçəklikdir.
BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat
Dövlət başçımız Zirvə görüşündə arzuolunmaz tendensiyalardan da söhbət açıb. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması, ikili standartlar siyasəti suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Ona görə də Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının bu gün səmərəli olmamasını diqqətə çatdırması bir daha Azərbaycan Prezidentinin cəsarətindən və qətiyyətindən xəbər verir
Zirvə görüşündə neokolonializm meyilinin artdığının müşahidə olunması da qeyd diqqətə çatdırılıb. Bu baxımdan, tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının bu gün səmərəli olmamasını diqqətə çatdırması bir daha Azərbaycan Prezidentinin cəsarətindən və qətiyyətindən xəbər verir. Bu qurumun əsası qoyulandan bəri dünyada ilk dəfə baş vermiş hadisə 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etməsi oldu. Azərbaycan Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi.
Zirvə toplantısında Azərbaycan tərəfindən daha bir mühüm təklif irəli sürülüb. Belə ki, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir. Eyni zamanda, ölkəmizin sülhə doğru mühüm addımı da qeyd edilib. Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.
Beləliklə, Azərbaycan bu mötəbər təsisata növbəti dəfə sədr seçilməsi ilə qlobal hadisələr fonunda ayrıca nüfuz sahibi olduğunu sübuta yetirir və həmin reallıq əlbəttə ki, qarşıda böyük uğurların xəbərini verməkdədir.
Məşhur MƏMMƏDOV,
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB