Müşahidə missiyası, yaxud hədəfdəkilər - ANALİTİK

Müşahidə missiyası, yaxud hədəfdəkilər - ANALİTİK

ABŞ-ın Avropa İttifaqı üzərindən postsovet məkanında apardığı hibrid müharibənin başqa bir ocağı da alovlanmaqdadır. “Qoca qitə” Rusiyaya qıcadığı dişlərini qurbanının ən zəif yerinə keçirmək istəyir. Bu yer Ermənistandır. Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi qələbə 30 illik erməni işğalına son verdi, erməni ordusu ölkəmizin sərhədlərində qovuldu. Üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan Bəyanatı imzalandı. Tərəflər gələcək fəaliyyət üçün öhdəlik götürsələr də Ermənistan hələ də bu şərtlərə əməl etmək istəmir. Kommünikasiyaların açılması istiqamətində əməli iş görmək niyyətində olmadığını əyani şəkildə sübuta yetirir. Bütün bunlarla yanaşı Ermənistanın avropalı “dostları” da bir az uzağa gedərək regionda onsuz da kövrək olan vəziyyəti gərginləşdirmək üçün bütün imkanlarından istifadə edirlər. İlk baxışdan məqsədin Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına yönəldiyi olsa da, burada Azərbaycana qarşı hansısa oyunların tərtib olunmadığını istisna edə bilmərik. Bəzi Avropa ölkələrində, Avropa institutlarında Azərbaycana qarşı ədalətsiz mövqe nümayişi də bunu sübut edir.

Avropa İttifaqının Ermənistana geniştərkibli (100 nəfər) “mülkü müşahidə missiyası”nı göndərməsi bir çox suala cavab verir. Sayca ikinci missiyanın Ermənistanın Azərbaycanla sərhəd bölgələrində iki il müddətinə yerləşdirilməsi nəzərdə tutulur. Avropanın bu addımı, təbii ki, Azərbaycanda haqlı narazılığa səbəb olub. Xarici İşlər Nazirliyi bu qərara etiraz edib və diqqətə çatdırılıb ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir. Əgər problem sərhəd məsələsidirsə, onda iki ölkənin sərhədində niyə demarkasi və delimitasiya prosesi həyata keçirilmir, daha doğrusu İrəvana sərhədlərin dəqiqləşdirilməsinə nə mane olur. Yeni müharibə aparmaq Ermənistana sərf etmir, çünki çox zəifdir. Həm də bu müharibəni suveren Azərbaycan ərazilərinə qarşı etməli olacaq ki, bu da dünyada birmənalı qarşılanmayacaq.

Avropanı da anlamaq olmur, Azərbaycanın etiraz edəcəyini bildiyi halda Brüssel nə səbəbə Ermənistana uzunmüddətli missiya göndərsin? Missiyanın əsl hədəfi nədir? 2022-ci ildə Brüsseldə Aİ-nin Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri dörd görüş keçiriblər. Görüşlər zamanı tərəflər arasında yekun sülh sazişinin imzalanması istiqamətində müzakirələr aparılıb. Belə təsəvvür yaranmışdı ki, tez bir zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Amma Praqa görüşü hər şeyi dəyişdirdi. Ermənistana verilən ilk dəstək Avropa İttifaqının 40 nəfərlik müşahidə missiyasının Ermənistan-Azərbaycan şərti sərhədinə göndərilməsi oldu. Belə bir missiyasının Azərbaycana göndərilməsinə isə rəsmi Bakı icazə vermədi. Əvəzində sülh naminə əməkdaşlığa razı olduğunu bəyan etdi. Dekabrın 19-da başa çatan müşahidə missiyasının əvəzinə bu dəfə də Ermənistana 100 nəfərlik kəşfiyyatçı-jandarmlardan, keçmiş polis əməkdaşlarından, dəniz piyadalarından ibarət heyətin göndərilməsi artıq başqa mətləblərdən xəbər verir. Buna zəruriyyət var idimi? Bu sualın cavabı da maraqlıdır. Avropa İttifaqı Ermənistana müşahidə missiyası göndərməklə gələcək sülh danışıqlarına böyük problemlər yaradır.

Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsi üçün 5 maddədən ibarət şərtlərini irəli sürüb. Aparılan bütün müzakirələrdə, o cümlədən bəzi erməni rəsmilərin də dediyi kimi bu şərtlər məqbul və ədalətlidir. Həmin şərtlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət edir. Amma İrəvan bir tərəfdən şərtləri qəbul etdiyini deyir, digər tərəfdən yekun sülh müqaviləsindən yayınmağa çalışır. Çexiyanın paytaxtında baş verənlər, yəni missiyanın göndərilməsi haqqında qərarın qəbulu görülən işlərin üstündən xətt çəkdi. Ermənistan kənar qüvvələrin istəyi naminə öz maraqlarından imtina etdi. Kənar qüvvələr, yəni Qərbdəki dairələr isə münaqişənin davamlı olmasında maraqlıdırlar.

Azərbaycan təkbaşına olsa belə regionda sülhün davamlı olmasına çalışacaq. Azərbaycanın bütün imkanları, resursları və manevr şəraiti bölgədə sülhü təmin edəcək qədərdir. Başlıca məqsədimiz bütün ərazilərimizdə suverenliyimizin təmin olunmasıdır. Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirmişdi ki, sərhədlərimiz daxilində yaşayan ermənilərin hüquqlarına və təhlükəsizliyinə Azərbaycan öz qanunlarına uyğun olaraq təminat verir. Bu ərazilərdə separatçılığa isə yer yoxdur.

Rəsmi Bakı hesab edir ki, Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda monitorinq missiyası yerləşdirərkən onun “legitim maraqları nəzərə alınmalıdır”, Ermənistan isə bu missiya ilə “əməkdaşlıq edəcəyini” deyib. Avropa İttifaqı Şurası bazar ertəsi sərhəd ərazilərdə “sabitliyə tövhə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Qurum bildirib ki, bu missiya vasitəsi ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq.

Beynəlxalq Böhran Qrupunun şərhçiləri isə hesab edirlər ki, belə bir missiyanın mövcudluğu iki ölkə arasında gərginliyi azalda bilər, amma uğurlu nəticə əldə olunması üçün missiyanın mandatı və maliyyə imkanları məhdud olmamalıdır. Göründüyü kimi, Avropa İttifaqı missiya adı altında daha uzun müddətə bölgədə qalmaq niyyətindədir.

Azərbaycan və Ermənistan missiyadan nə gözləyir?

Azərbaycan Xarici İşlər Nazirliyi monitorinq missiyasının sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə “xələl gətirmək məqsədilə sui-istifadə edilməməlidir” və monitorinqlər “qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməlidir” deyə açıqlama yayıb.

Ermənistan hakimiyyəti isə Avropa İttifaqı Şurasının missiya ilə bağlı qərarını müsbət qarşılayıb. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan sosial şəbəkə hesabında yazıb ki, İrəvan “missiya ilə əməkdaşlıq edəcək və onun bütün fəaliyyətini dəstəkləyəcək. Bu missiya regionda sülhə, sabitliyə və təhlükəsizliyə tövhə verəcək”.

Beynəlxalq Böhran Qrupu nə istəyir?

Bir müddət əvvəl Beynəlxalq Böhran Qrupu monitorinq missiyasının hər iki tərəf üçün əlverişli variantlar tətbiq edəcəyini bildirib. Azərbaycan və Ermənistan arasında 2023-cü ildə daha bir müharibənin başlayacağı ehtimalını istisna etməyən Qrup Aİ missiyasının bölgədə müharibə riskini azaldacağı qənaətindədir. Təşkilatın Cənubi Qafqaz üzrə baş analitiki Olesya Vartanyan açıqlamasında bildirib ki, Aİ-nin monitorinq missiyası qərarı Azərbaycanla Ermənistan arasında mövcud gərginlikləri azaldacağını qeyd edib və əlavə edib ki, bu, təqdiredici addımdır: “Bu yolla Avropa İttifaqı həm də özünün vasitəçiliyi ilə aparılan sülh danışıqlarını yenidən davam etdirəcək”.

Vartanyan açıqlamasında növbəti cümləsi ilə missiyanın əsl məqsədini açıb. O hesab edib ki, əgər iki illik monitorinq missiyasının kiçik büdcəsi, məhdud giriş imkanları və ya məhdud mandatı olarsa, bu fəaliyyət “səmərə verməyəcək”: “Missiya iştirakçıları monitorinq aparmaq və insidentləri qeydə almaqla yanaşı, həm də tərəflər arasında yerli səviyyədə dialoqun gücləndirilməsində fəal iştirak etməlidir”.

Azərbaycanın mövqeyi bəllidir, rəsmi Bakı monitorinq qrupu ilə əməkdaşlıq etmək niyyətində deyil. Belə olan halda müşahidə missiyasının fəaliyyəti yarımçıq olacaq. Rusiyanın mövqeyi isə hələ də müəmmalıdır. Moskva missiya ilə əməkdaşlıq barəsində susmağa üstünlük verir. Amma nə vaxtsa mömqelərdə dəyişiklik olacağı istisna deyil. Avropa İttifaqı Ermənistanın bütün sərhədlərinə və üstəlik Qarabağda müəyyən ərazilərdə sülhməramlı missiyada təkbaşına iştirak edən Rusiyanın reaksiya verməyəcəyini də düşünmür. Məhz bu yanaşma Avropanı narahat edir.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bu missiyanı qurumun Cənub Qafqazla münasibətlərində “yeni mərhələ” adlandırıb: “Biz de-eskalasiya cəhdlərini dəstəkləməyə davam edəcəyik və regionda davamlı sülhün əldə edilməsi üçün hər iki tərəflə yaxından işləmək öhdəliyinə sadiqik”.

Aİ Şurasının yaydığı məlumata görə, missiya, həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək. Fransanın XİN rəhbəri Katerina Kolonna bu qərarın çox vacib olduğunu və Fransanın bu missiyasda iştirak etməkdən “məmnun olduğunu” bildirib.

Bəs, Rusiya bu missiyadan nə gözləyir?

Rusiyada hesab edirlər ki, Avropa İttifaqının müşahidə missiyası yeni savaşın “müjdəçiləri”dir. Məqsəd gizli deyil, bütün bu tərtibat Rusiyanın Cənubi Qafqazdan “qovulması”na hesablanıb. “Rusiyanın getməsinin ilkin səbəbini çox güman ki, Ermənistan sakinlərinin istəklərdə axtarmaq lazımdır. Tam əminliklə deyə bilərəm ki, bu, Rusiyanın planlarına uyğun deyil. Cənubi Qafqaz çox mühüm regiondur və Rusiya həm coğrafiyasına, həm də tarixi, mövcud əlaqələri baxımından faktiki olaraq bu regionun bir hissəsidir. Bundan başqa, bizim Ermənistan qarşısında öhdəliklərimiz var, biz bu öhdəliklərdən imtina etmək fikrində deyilik. Xəyali gedişimiz haqqında danışmaq fərziyyədir. 2020-ci il hadisələrindən sonra Ermənistan tərəfinin xahişi ilə sayı artırılan və digərləri ilə yanaşı, Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən Rusiya hərbi bazası, sülhməramlı kontingenti və sərhədçiləri - bütün bunlar çox mühümdür. sabitlik amili və eskalasiyanın qarşısını alır. Yenə deyirəm, Rusiyanın mövcudluğunun rolunu hiss etmək üçün, yəqin ki, sərhəd kəndlərinin, kəndlərinin sakinləri ilə danışmaq lazımdır. Onların fikri reallığa ən yaxın olacaq. Siyasi təbliğat da var, real həyat da var. Və buradan çıxış etmək lazımdır ki, bu mövcudluq həmin ərazilərdə yaşayan və onlar üçün “təhlükəsizlik” sözünün boş söz olmadığı insanlar tərəfindən necə dəyərləndirilir”, deyə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkəsinin mövqeyini çatdırıb.

Səfir Laçın yolunda baş verənlərə və buna tərəflərin hansı reaksiya verdiyinə də diqqət çəkib. Qeyd edib ki, yolun açılması üzərində intensiv iş gedir: “Bu, sülhməramlı kontingentin komandanlığı səviyyəsində də aparılır. İş çox çətindir, bir çox amillərə bağlanır. Vəziyyətlə hansısa şəkildə bağlı olan bütün tərəflərlə iş aparılır. Eyni zamanda kontingent ona həvalə edilmiş funksiyaları yerinə yetirməkdə davam edir. Problem üçtərəfli bəyanatlarda (Ermənistan, Rusiya və Azərbaycan liderlərinin) qeyd etdiyi bütün razılaşmaların tərəflər tərəfindən yerinə yetirilməsi də daxil olmaqla, kompleks məsələlərlə bağlıdır. Bu, hər iki tərəfin həll etməli olduğu məsələdir. Rusiya keçmiş sovet respublikalarının sərhədlərini və ərazi bütövlüyünü tanıyan Alma-Ata Bəyannaməsinə istinad edildiyi Praqa Bəyannaməsinə diqqət çəkir”.

Yeri gəlmişkən, ABŞ və Avropa regionda və xüsusən də Ermənistanda çox fəallaşıb. Bu kontekstdə, Rusiya Xarici İşlər Nazirliyi Ermənistana Aİ-nin yeni missiyasının göndərilməsi xəbərini kifayət qədər təmkinli, lakin şübhə ilə qarşılayır. Rusiyada hesab edirlər ki, bu missiya onlar üçün təhlükəli deyil. Moskvada avropalıların, NATO-nun əlavəsinə çevrilən Avropa İttifaqının indi hansı xətti tutduğunu yaxşı bilirlər. Aİ-nin Rusiyanı məhz Cənubi Qafqazda strateji məğlubiyyətə uğratmaq istəyi də ortadadır. Aydındır ki, təkcə Ukrayna ilə bağlı vəziyyətdə deyil, həm də daha geniş kontekstdə müvafiq addımlar atılır. ABŞ dövlət katibinin müavini Karen Donfriedin bu yaxınlarda verdiyi müsahibəsindəki bəyanat da diqqət çəkəndir. Qərbin məsələyə münasibətində qırmızı bir xətt keçir. Onlar Cənubi Qafqazda yerləşmələrinin əsas səbəbinin İran və Rusiya olduğunu açıq şəkildə deyirlər. Moskva və Tehran da bundan xəbərdardır. Qərb düşünür ki, Rusiya və İranın regionda fəallaşıb və bu, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətini aşağı salır. Məsələnin necə tərtib olunduğu indi anlaşılır. Yəni, Ermənistan və Azərbaycan xalqlarının maraqları deyil, Rusiya və İranın bölgədə fəallaşması Qərbi narahat edir. Bu yanaşma təbii ki, regiondakı aktorların hamısını ciddi narahat edir. Hər kəs də normallaşma prosesinin məhz onun vasitəsilə daha uzunmüddətli və dözümlü, o cümlədən tərəflərin hər birini qane edəcəyini bildirir. Amma biz görürük ki, burada tamamilə fərqli vəzifələr, davamlı sülhün bərqərar olmasına imkan verməyən məqsədlər dayanır.

Baş verənlərə, İrəvanla Moskvanın artıq açıq müstəviyə keçən savaşına, fərziyyələrə baxmayaraq, Rusiya Ermənistanın müttəfiqi olaraq qalır, onu özünün müttəfiqi kimi qəbul edir. Bu, Rusiya Federasiyasının həm ikitərəfli münasibətlər sahəsində, həm də regional problemlərin həllində gördüyü addımları müəyyən edir. Rusiya Ermənistan üçün, onun vətəndaşları üçün, Ermənistan isə Rusiya üçün çox önəmlidir. Rusiya Afrika ölkələrində yeni istinad yerləri uğrunda əsl müharibəyə qalxıb. Ukraynada gedən ağır müharibəyə baxmayaraq uzaq ölkələrdə mövcudluğunu davam etdirmək niyyətindədir. Uzun illərdir ki, Ermənistanda mövcud olan, bu ölkənin bütün sahələrini ələ keçirən Rusiya 100 nəfərlik missiyanın Ermənistana gəlişindən sonra buralardan çəkib gedəcəyini düşünənlər sadəlöhv insanlardır. Ermənistanın sərhədləri də, iqtisadiyyatı da, xidmət sahələri də, ermənilərin aldığı nəfəs də Rusiyaya məxsusdur. Rusiya Ermənistandan gedərmi?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə