Rusiyalı ekspert: Ermənistandakı Qərb missiyası sülh razılaşmasına mane olacaq - MÜSAHİBƏ

Anton Bredixin: “Qarabağ ermənilərinin blokadaya alınması ilə bağlı söhbətlər tamamilə cəfəngiyyatdır”

Rusiyalı ekspert, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru, Anton Bredixin “Caliber” analitik mərkəzinə müsahibəsində Qarabağ ətrafındakı vəziyyəti tətlil edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aİ-nin uzunmüddətli missiyasının Ermənistana gözlənilən gəlişinə münasibətiniz necədir? Ermənistan hakimiyyətinin bununla bağlı hansı planları var?

- Avropa missiyasının Ermənistanda yerləşdirilməsi bütün region üçün qlobal çağırışdır. Bu, təkcə Azərbaycan üçün deyil, həm də İran və digər ölkələr üçün təhlükədir, çünki mülki missiya bəhanəsi ilə Ermənistan ərazisinə təkcə Aİ deyil, həm də NATO hərbçiləri gələcək. Avropa İttifaqının hərbçilərinin mövcudluğu NATO ordusunun mövcudluğuna bərabərdir. Bu, artıq o deməkdir ki, Ermənistanda Rusiya və onun müttəfiqlərinə düşmən olan hərbi kontingent yerləşdirilib ki, bu da, şübhəsiz, Moskva üçün ciddi çağırışdır. Bütün bunlardan belə nəticə çıxır ki, Nikol Paşinyan yolverilən həddən kənara çıxıb və bu, onun rejimi üçün ən gözlənilməz nəticələrə gətirib çıxara bilər.

- İrəvan Moskvanın KTMT missiyasının şərti olaraq Azərbaycanla birgə yerləşdirilməsi təklifinə məhəl qoymamaqda davam edir. Sizcə, Moskva Rusiya hərbi bazasının Gümrüdən çıxarılması çağırışlarına cavab da daxil olmaqla hansı addımları atacaq?

- Rusiya Ermənistan ərazisinə heç bir formatda yeni qoşun yeritməyəcək. Eyni zamanda, Ermənistan hakimiyyətinin istəyib-istəməməsindən asılı olmayaraq, Rusiya sərhədçiləri və Gümrüdəki Rusiya hərbi bazası yerində qalacaq. Rusiyanın Ermənistanda öz qoşunlarını saxlaması regionun sabitliyini təmin etmək üçün vacibdir. Ona görə də biz ora Avropa missiyasının gəlməsi ilə bağlı münaqişə potensialının və mümkün toqquşmaların artmasını gözləyirik.

Digər tərəfdən, xatırlatmaq istərdim ki, postsovet məkanında artıq belə bir təcrübə olub ki, Rusiya bazaları Amerika bazaları ilə əvəzlənib, məsələn, Qırğızıstanda. Bu nəyə gətirib çıxardı? Üstəlik, respublikada davamlı olaraq “narıncı” inqilablar həyata keçirilməyə başladı və sonda başa düşdülər ki, Amerika yolu ilə getməyə dəyməz. Ona görə də respublika KTMT-yə getdi. Hesab edirəm ki, Ermənistan eyni dırmıq üzərində addımlamamalı, Amerika QHT-lərinin bəzi anti-Rusiya çıxışlarına baxmayaraq, Gümrüdəki bazasının və Rusiya Federasiyasının sərhəd xidmətinin ölkədə qalacağını dərk etməlidir.

- Erməni tərəfi azərbaycanlı ekoloqların Laçın yolunda dinc aksiyası ilə bağlı “120 min Qarabağ ermənisinin blokadaya alınması” mifini dünyaya sırıyaraq ənənəvi olaraq özünü qurban kimi göstərməyə çalışır. Bu cür yanlış mövqeni necə şərh edərdiniz?

- Ermənistan tərəfinin bütün dünya qarşısında özünü qurban kimi təqdim etmək cəhdi Paşinyanın hazırkı siyasətinin tərkib hissəsidir. Elan edilən rəqəm siyasi simvoldur, Ermənistan hakimiyyətinin informasiya müharibəsində istifadə etdiyi şüardır. Şübhəsiz ki, bunlar yalan statistika və tamamilə cəfəngiyyatdır. Reallıq ondan ibarətdir ki, Azərbaycan və Rusiya sülhməramlıları regionda əlverişli atmosferin saxlanmasına, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə heç bir maneənin olmamasına birgə töhfə verirlər.

- Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması şanslarını necə qiymətləndirirsiniz?

- Fikrimcə, indiki şəraitdə sabitliyi poza biləcəyi ehtimal olunan Aİ faktoru səbəbindən Bakı ilə İrəvan arasında sülh müqaviləsi yenidən bir müddət unudulmalı olacaq.

- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə nə düşünürsünüz?

- Ermənistanla Türkiyə arasında müəyyən müsbət dəyişikliklər mümkündür, lakin onların erməni cəmiyyəti tərəfindən ciddi qəbul ediləcəyi dəqiq deyil. Ona görə də danışıqlarda fəsadların ola biləcəyi istisna edilmir.

- Yaxın gələcəkdə Cənubi Qafqazda hansı siyasi proseslər görünür?

- Təəssüf ki, təkrar-təkrar yaranan çoxsaylı gərginlik faktorları səbəbindən Cənubi Qafqazda yaxın gələcəkdə hərbi toqquşmalar istisna edilmir.

Tərcümə -Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə