Gənclər siyasəti Azərbaycanın dövlət siyasətidir ŞƏRH

Gənclər siyasəti Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın Dövlət siyasətinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev fəaliyyəti dövründə gənclər siyasətinin müxtəlif sahələrinə dair müvafiq sənədlər imzalayıb. Gənclər və İdman Nazirliyi məhz ümummilli Lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə yaradılıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən 02 fevral Azərbaycan Gəncləri Günü elan edilib.Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü təşəbbüslə 1996-cı ildən etibarən ölkəmizdə davamlı olaraq Azərbaycan gənclərinin forumları keçirilir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclərin qarşısında tarixi vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərman müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratmış oldu. 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.

Elə bir beynəlxalq yarış və çempionat yoxdur ki, Azərbaycan idmançıları həmin yarışlarda uğur qazanmasın. Azərbaycan idmançıları bütün mötəbər yarışlarda uğurla çıxış edərək ölkəmizin bayrağını daim zirvələrdə dalğalandırırlar.

Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclər siyasəti ölkənin inkişaf siyasətinin mühüm tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər), “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və digər mühüm proqramlar qəbul olunmuşdur. Bu proqramlar təbii ki, gənclərin hərtərəfli inkişafına xidmət edir.

Cənab Prezidentin sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatının təsis olunması, Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılması ötən dövr ərzində gənclərin fəallığının daha da artmasına, hərtərəfli inkişafına təkan vermişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının üzə çıxarılması, onların vətənpərvər, savadlı kadr kimi yetişməsi və digər istiqamətlərdə həyata keçirdiyi tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Həyata keçirilən uğurlu gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artırılmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, ümumilikdə yaradıcı gənclərin formalaşmasına şərait yaratmışdır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, 2003-cü ildən etibarən cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti öz bəhrəsini verdi. Bu dövrdə formalaşmış Azərbaycan gənclərinin qəhrəmanlığı sayəsində 30 il erməni işğalı altında olan torpaqlarımız 2020-ci ildə cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə qazandıq. Bu gün Azərbaycan gənci həyatın bütün sahələrində öndə addımlayaraq ölkəmizin gələcək inkişafı naminə əzmlə fəaliyyət göstərirlər. Azərbaycan gəncinin fədakarlıq nümunəsindən biri də yanvar ayının 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktında səfirliyin gənc əməkdaşı Orxan Əsgərovun öz həyatını qurban verərək yoldaşlarının həyatını xilas etməsini göstərmək olar. Səfirliyin digər əməkdaşı, mühafizə xidmətinin gənc işçisi isə ölümün gözünə dik baxaraq, əliyalın silahlı terrorçunun üzərinə atıldı, onu tərksilah edərək səfirliyin digər əməkdaşlarının həyatını xilas etməyə müvəffəq oldu. Bütün dünya Azərbaycan gəncinin bu fədakarlığına heyranlıq hissi ilə qeyd etdi. Bu gün dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində ərazi bütövlüyümüzün qorunmasında və iqtisadiyyatımızın yüksəldilməsində ön cərgədə addımlayırlar.Ölkəmizin gələcəyi olan Azərbaycan gəncliyinə eşq olsun!

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə