“Törətdiyi təxribatlar Ermənistanı uçuruma aparır” - POLİTOLOQ DANIŞDI

“Ermənilərin hələ də təxribatlar törətməsində məqsəd Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini uzatmaqdır. Çünki Ermənistanda siyasi idarəetmə institutları müstəqil deyil və xarici güc faktorlarından asılıdır. Buna görə də ölkə daxilində həm xalqın fikrini yayındırmaq, həm də islahatlar aparmaq potensialında olmaması fonunda artan narazılıqları əngəlləmək üçün Ermənistan Azərbaycana qarşı təxribatları davam etdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, eyni zamanda Ermənistan bağlı olduğu xarici güc mərkəzlərindən aldığı direktivlər və tapşırıqlarla regionda gərginlik abu-havasını saxlamağa çalışır. Bununla həm beynəlxalq aləmdən növbəti dəfə yardımlar dilənməyi nəzərdə tutur, həm də hesab edir ki, bütün bu təxribatlar davam etdiyi müddət ərzində Ermənistan xarici ölkələrdən növbəti təkliflərə cəlb edilə bilər. Lakin istənilən halda Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa yolu qalmayıb. Cənab Prezident İlham Əliyev yerli mediyaya verdiyi sonuncu müsahibəsində sülh üçün Ermənistana son olaraq bu ilə vaxt qoyduğunu bildirdi. Nəzərə alsaq ki, Xankəndi və ətrafında müvəqqəti olaraq yerləşmiş rus sülhməramlılarının fəaliyyətinin də bitməyinə çox az bir vaxt qalıb. Buna görə də Ermənistanın Azərbaycanla sülhdən başqa yolu yoxdur. Törətdiyi təxribatlar isə Ermənistanı uçuruma aparır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə