İranın Azərbaycandakı casus şəbəkələri: xalq ayıq-sayıq olmalıdır! SİYASİ RAKURS+ÖZƏL

Agentlərin mollalardan aldıqları tapşırıq - çağdaş mədəniyyətə, multikulturalizmə, tolerantlıq mühitinə malik mövcud siyasi quruluşu dəyişərək Azərbaycanda qarmaqarışıqlıq yaratmaq, bu minvalla “kərimə dövlətini” qurmaq və nəticədə İranın kirli maraqlarının geosiyasi çevrəsini daha da genişləndirmək…

Etiraf edək ki, Azərbaycanda İrana bağlı kəşfiyyat orqanlarına işləyən agentlərin fəaliyyətləri müxtəlif dövrlərdə olub. Məhz “kərimə dövləti” yaratmaq adı altında İranın anti-Azərbaycan xarakterli siyasətinə dəstək göstərən, hətta həmin siyasətin müqabilində Yaxın Şərq ölkələrində cərəyan edən məlum proseslərə qoşulan Azərbaycan Respublikasının vətəndaşları da az olmayıb.

İranın özündə, İraqda, Suriyada, Livanda fəaliyyət göstərən müxtəlif adda qrupların kəşfiyyat, döyüş taktikaları, silahlarla davranma təlimlərində iştirak etmələrindən sonrakı müddətdə, hətta silahlı qarşıdurmalarda da görünən belə agentlər Azərbaycanda da terror və s. aksiyaların keçirilməsində canfəşanlıq göstəriblər. Qanlı Nardaran hadisələrindən başlayaraq Hacı Cavad məscidinin sökülməsinə, habelə “hicab”la bağlı aksiyaların keçirilməsinə qədər baş verən bütün olayların arxasından bilavasitə İran kəşfiyyatına bağlı agentlərin çıxması da əbəs deyil.

Bir sıra hallarda təhdidlər o qədər arta bilir ki…

Halbuki, bu gün Azərbaycanda istənilən şəxs yenə də Nardaranda ibadəti, eləcə də yeni tikilmiş Hacı Cavad məscidini ziyarət edə bilərlər və buna əsla maneələr də törədilmir. Eləcə hicabla bağlı da heç bir problemlərin yaşanmaması məhz belə qənaətə gətirir: məsələ heç də yuxarıda qeyd edilənlərdə deyil, məsələ Avropa və Asiya mədəniyyətlərini özündə birləşdirən dünyəvilik prinsiplərinə - çağdaş mədəniyyətə, multikulturalizmə, tolerantlıq mühitinə malik mövcud siyasi quruluşu dəyişərək Azərbaycanda qarmaqarışıqlıq yaratmaq, bu minvalla “kərimə dövlətini” qurmaq və nəticədə İranın kirli maraqlarının geosiyasi çevrəsini daha da genişləndirmək. Bütün bunlar üçün isə terror təhdidlərini artırmaq mühüm məqsəd kimi qəbul olunub.

Yeri gəlmişkən, bir sıra hallarda təhdidlər o qədər arta bilir ki, hətta jurnalistlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, dünyəvilik prinsiplərinə bağlı olan siyasi partiya təmsilçilərinə belə bu və ya digər şəkillərdə hədə-qorxular, təhdid-təhqir zəngləri edilir, onlar “islama”, “şiəliyə” qarşı düşmən elan olunur, hətta “qiyabi” ölüm hökmləri kəsilir, “fətvalar” verilir.

Düzdür, bütün bunların qarşısı Azərbaycanın müvafiq təhlükəsizlik, mühafizə və s. güc strukturları tərəfindən qətiyyətlə alınır, amma məsələnin köklü şəkildə həll olunması, artıq bir zərurətə çevrilir və o da əbəs deyil ki, Bakıda İranın casus şəbəkəsinə qarşı növbəti xüsusi əməliyyat keçirilib və bu dəfə özlərini “media orqanları” pərdəsi altında gizləyən agentlər şəbəkəsi ifşa olunub. Mətbuatda yayılan informasiyaya görə, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.

Məlumatda bildirilir:

-Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

“İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırova alıb. Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub.

Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. “SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.

Tehranın Azərbaycanda axtarışda olan həmin adamları rəsmi Bakıya təhvil verməmələri suallar doğurur

Beləliklə, təkcə bu faktın özü də sübut edir ki, İran adlı dırnaqrarası islam respublikasının molla rejimi artıq açıq-aşkar şəkildə media sahəsində də fəaliyyətini genişləndirməyə cəhd göstərib və qeyd edilən şəbəkə də bunun isbatıdır.

Başqa tərəfdən, Tehran rejiminin özündə məskunlaşan və həmin ünvanlarından Azərbaycana qarşı təhdid, terror mesajları verən şəbəkə üzvlərinin məlum olmalarına, onlar haqqında cinayət işlərinin açılmasına rəğmən, rəsmi Tehranın Azərbaycanda axtarışda olan həmin adamları rəsmi Bakıya təhvil verməmələri suallar doğurur – hansı səbəbə görə, niyə Tohid İbrahimbəyli, Orxan Məmmədov bu günə qədər hələ də İranda əl-qollarını rahat şəkildə sallayaraq gəzirlər, üstəlik, Azərbaycana qarşı təhdid, terror çağırışlarını səsləndirməyə davam edirlər?

Onu da qeyd edək ki, həmin şəbəkə üzvlərinin əksəriyyəti Qumda oxuyublar və molla rejimindən, onun xüsusi xidmət orqanlarından aldıqları təlimata uyğun olaraq Azərbaycanda təxribatlar, dini məzhəb ayrı-seçkiliyi kimi cinayətkar əməllər törətmək üçün əllərindən gələni edirlər. Gah “dahi rəhbər”lərinin hər kəlməsinə əməl edib Azərbaycana mesaj göndərirlər, gah İranda oturub Azərbaycan xalqına, onun tarixi kökünə şər atırlar.

Bəli, belələri Azərbaycanın daxilində heç bir xaos, qarışıqlıq yarada bilmədilər, qaçaraq öz ağalarının rejimlərinə sığındılar. Bu gün Azərbaycana “mesaj göndərən”lərin içində Şeyx Bəxtiyar Bayramov, Şeyx Sərxan Məmmədov və Şeyx Əli Qumi kimi millət və dövlət xainləri xüsusi canfəşanlıq edib, “rəhbərlərinin” əmrlərini can-başla yerinə yetirmək üçün bəhsə-bəhsə girirlər.

Əlbəttə, hər hansı bir bəd əməlin də axırı olur və zaman göstərəcək ki, öz ölkəsinə, xalqına, vətəndaşlara, dövlət quruluşuna qarşı hədyanlar, terror çağırışları səsləndirənlərin belələri istər qanun, istərsə də mənəvi tərəfdən layiq olduqları cəzalarını alacaqlar!

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyini sərgiləyən molla rejimi SEPAH-a bağlı terrorçunun Tehrandakı səfirliyimizdə törətdiyi terror cinayətini doğru-dürüst araşdırması yerinə, ölkə ictimai rəyində çaşqınlıq yaratmağa, əsl gerçəkliyi gizlətmək, ört-basdır etmək üçün feyk xəbərlər yaymağa cəhdlər göstərir, əsassız xəbərlərin yayılması istiqamətində məhz sosial və s. medialara bağlı casuslarından maksimum istifadə etməyə çalışırlar. Bu baxımdan, artıq Azərbaycan vətəndaşları da ayıq-sayıq olmalı, bu kimi yalan informasiyalara uymamalı, həmçinin şübhəli bilinən, görünən hər bir halla bağlı müvafiq strukturları məlumatlandırmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə