Gənclik haqlı olaraq fəxr edir ki, Azərbaycan vətəndaşıdır ŞƏRH

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Gününün təsis edilməsindən 26 il ötür. 2022-ci il fevralın 2-də cənab Prezidentin bu münasibətlə keçirilən Forumda iştirak etməsi və gənclərin müxtəlif suallarını cavablandırması özlüyündə cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə olan xüsusi diqqət və qayğısından xəbər verdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Müstəqilliyin ilk illərində Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün bəlli deyildi. Dövlətimizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər.

Qarabağ müharibəsindəki məğlubiyyət ölkədəki vəziyyəti hər ötən gün daha da pisləşdirirdi. Ümummilli Liderin xalqın təkidili tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həyat öz axarına düşməyə başladı. Həmin dövrdə Ulu öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək gənclərə üz tutdu, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı.Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə xaricdə müxtəlif fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan destruktiv vasitələr kimi istifadə etsinlər. Lakin bu cür fikirdə olan dairələrin məkrli planları Azərbaycan gəncləri tərəfindən birmənalı olaraq rədd edilir. Biz bütün bunların Vətən müharibəsi günlərində canlı şahidi olduq. Azərbaycan gəncliyi Dəmir Yumruğun tərkib hissəsi olaraq öz sözünü dedi. Bir sözlə, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı və o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə olacaqdı. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır.

Bir sözlə Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur.
Bəli, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir.

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə