Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, Böyük Qayıdış Proqramı uğurla icra edilir: «Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir”. 10-dan çox kəndin Baş planının təsdiqləndiyini və bir neçə kəndin təməlini şəxsən qoyduğunu vurğulayan dövlətimizin başçısı deyib: «Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq".
BÖYÜK DÖVLƏTLƏRİN BİR NEÇƏ İL ƏRZİNDƏ GÖRƏ BİLMƏDİKLƏRİ İŞLƏRİ AZƏRBAYCAN CƏMİ 2 İLDƏ REALLAŞDIRIB
Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 2 ildə reallaşdırıb. Hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elekttik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Elə bu məqsədlə də Prezident İlham Əliyev noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda göstərilir ki, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, proqramın prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Sənəddə, ilk növbədə, bütövlükdə Şərqi Zəngəzur və Qarabağın təhlükəsiz bir zonaya çevrilməsi hədəflənir ki, bu, həm də ciddi geosiyasi hadisə hesab olunmalıdır.
“BÖYÜK QAYIDIŞ” PROQRAMININ STRATEJİ HƏDƏFLƏRİ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ ƏN YÜKSƏK HƏYATI TƏMİN ETMƏKDİR
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən parlaq inkişaf dövrünü yaşayır və illər əvvəl xəyal kimi görünən arzularımız həqiqətə çevrilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə başlanan yeni inkişaf mərhələsi bunun əyani sübutudur. Danılmaz faktdır ki, erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları olmazın vəhşiliklərə və ekoloji terrora məruz qalıb. Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, zəngin yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuşdur. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqları, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub. Torpaqlarımızı işğal altında saxladığı illər ərzində erməni vandalları minaladıqları ərazilərdən başqa, rüsvaycasına təslim olduqdan sonra tərk etmələri üçün vaxt aldıqları zaman Ağdam, Kəlbəcər və Laçın rayonlarının bütün ərazilərinə yeni minalar basdırmaqla, yaşayış evlərini yandırmış, meyvə ağaclarını belə kəsmiş, terrorçu əməllərini davam etdirmişlər.
Bu gün isə 44 günlük müharibədə əldə etdiyimiz Böyük Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması istiqamətində mühüm işlər görülür. 2026-cı ilədək başa çatması nəzərdə tutulan “Böyük Qayıdış” proqramının icrası ilə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək, keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. Bu gün Azərbaycan bir tərəfdən Qarabağda və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işlərini həyata keçirir, digər tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması, ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atır. Qarabağ ərazisi geniş tikinti meydanına çevrilib. Digər əsas prioritetlərdən biri də ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsi və dövlət sərhədlərin toxunulmazlığı məsələsidir ki, bu istiqamətdə də təxirəsalınmaz tədbirlər görülür. Göründüyü kimi, günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yoldadır və uğurlu gələcəyə inamla addımlayır.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB