"Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi" FOTOLAR

"Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi" FOTOLAR

YAP Yasamal rayon təşkilatında "Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi" adlı tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, YAP Veteranlar Şurasının üzvü, məşhur "91-lər"-dən Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları, ərazi partiya təşkilatının sədrləri, rayonun məktəb direktorları, şagirdlər və fəal gənclər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan sosial-iqtisadi və siyasi həyatında təlatümlü günlər yaşadığı bir vaxtda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Respublikamızı ağır vəziyyətdən, böhrandan çıxardı. B.Nəbiyev qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycan nəinki öz əbədi müstəqilliyini möhkəmləndirdi, hətta bütün sahələrdə beynəlxalq və regional çərçivədə bu gün də dinamik inkişaf edən böyük nailiyyətlər əldə etdi. Məhz bu nailiyyətlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, 44 günlük Vətən müharibəsində parlaq Zəfər əldə etməyimizə və regionda reallıqların yaranmasını nail olunub.

Sonra çıxış üçün söz YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Sadiq Qurbanova verilib. S.Qurbanov bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur ""91-lər"dən olan Şahlar Əsgərov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan müstəsna xidmətlərindən danışıb. Müdrik Liderin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərə nəzər salıb. Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov bildirib ki, ulu öndər Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan verməklə, vahid bir prosesə çevrilir. Bu baxımdan, qanunların və digər normativ sənədlərin qəbul edilməsində, dövlət proqramlarının hazırlanmasında və s. elm adamlarının yaxından iştirak etməsi, müvafiq mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılması xüsusi qeyd olunmalıdır. Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.

Tədbirdə gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə