İki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR

Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov etimadnaməsini Xorvatiya Prezidenti Zoran Milanoviçə təqdim edib. Prezident Zoran Milanoviç Anar İmanovu Xorvatiyaya səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. SİA xəbər verir ki, Anar İmanov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Prezident Zoran Milanoviçə çatdırıb. Xorvatiya Prezidenti də onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşün əvvəlində Prezident Zoran Milanoviç ölkəmizi öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik edərək, Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsi haqda kifayət qədər məlumatının olduğunu bildirən Prezident, hələ 1994-cü ildə ATƏT-in missiyası çərçivəsində Azərbaycana səfər etdiklərini və gətirdikləri müxtəlif yardım ləvazimatını Heydər Əliyevlə görüşdə təqdim etdiklərini xatırladıb. Prezident Zoran Milanoviç, eyni zamanda Baş nazir olduğu dövrdə Azərbaycana gəldiyini, burada bir sıra görüşlər keçirdiyini, ümumilikdə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bildirib.

Prezident, eyni zamanda, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, enerji sahəsində əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyib. Son aylar Avropada enerji qiymətlərində kəskin artımın baş verməsinə diqqət çəkən Xorvatiya Prezidenti ölkəsinin enerji təhlükəsizliyinin qorunmasının vacib məsələlərdən biri olduğunu bildirərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi ilə bağlı mövqeyini alqışlayıb, bu xüsusda Cənubi Qaz Dəhlizinin bir qolu ola biləcək İon-Adriatik qaz kəməri layihəsinin tikintisinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Görüş zamanı Anar İmanov Azərbaycan ilə Xorvatiya arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, siyasi dialoqun aktivləşdirilməsinin, müxtəlif platformalarda qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb.

Anar İmanov, həmçinin 2020-ci il sentyabrın 27-dən başlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdiyini, ölkəmizin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özünün icra etdiyini diqqətə çatdırıb. Səfir, işğal dövründə minalanmış ərazilərimizin təmizlənməsi üçün zaman və böyük maliyyə resurslarının tələb olunduğunu, lakin qeyd olunanlara baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə hazırda geniş bərpa və yenidənqurma işlərinin aparıldığını bildirib.

Səfir Azərbaycan ilə Xorvatiya arasında iqtisadi-ticari əməkdaşlıq və qarşılıqlı sərmayə qoyuluşu üzrə böyük potensialın olduğunu deyib. Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərinə cəlb etmək və bu ərazilərdə investisiya qoymaq üçün geniş imkanların mövcud olduğundan bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə