Azərbaycan Mərkəzi və Şərqi Avropada mövqelərini gücləndirməkdədir - ŞƏRH

Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda ölkəmizin nüfuzu gündən – günə artmaqdadır. Rəsmi Bakı tərəfindən post-münaqişə dövründə yerinə yetirilən bərpa və quruculuq missiyası, əməkdaşlıq və sülh çağırışları Cənubi Qafqazda yeni bir dövrün əsasını qoydu. Bununla paralel olaraq, 2022-ci ilin 24 fevral tarixində başlayan Rusiya Ukrayna müharibəsi Avropada və dünyanın bir çox fərqli nöqtəsində enerji böhranının yaranmasına və ölkələrin etibarlı tərəfdaş axtarışına çıxmasına səbəb oldu ki, belə bir vəziyyətdə, bu günə kimi sözü də imzası qədər keçərli olan, üzərinə götürdüyü hər bir öhdəliyi qeyd-şərtsiz yerinə yetirən Azərbaycan Respublikası əlbəttə ki bir çox dövlət üçün ilk seçim olaraq özünü təsdiq etdi. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropada ən arzuolunan şəxslərdən biridir. Bununla yanaşı, müxtəlif rəsmi şəxslər tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Bütün bunların nəticəsidir ki, son dövrlərdə ölkəmizin dünya siyasətində tutduğu yer artmış, ölkə başçımızın xarici səfərləri intensivləşmiş, iştirak etdiyi beynəlxalq Forumların sayında əhəmiyyətli artım qeydə alınmışdır. Ölkə başçımızın sonuncu xarici səfəri, ötən gün Albaniya Respublikasına baş tutdu. Səfər çərçivəsində Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək və geniş tərkibdə görüş keçirdi, iki rəhbər mətbuata bəyanatlarla çıxış etdi, dövlət başçımızın Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşü baş tutdu.

Məlumat üçün qeyd edək ki, gələn il Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Ötən dövr ərzində iki dost və tərəfdaş ölkələrin münasibətlərinin uğurla inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Trans-Adriatik boru kəməri layihəsinin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bunun bariz sübutudur. Eyni zamanda, Azərbaycanla Albaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasının hər zaman mühüm önəm verilib. Albaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmişə respublikamızı dəstəkləyib. İki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər də mühüm önəm daşıyıb. Onu da vurğulamaq istərdim ki, bir çox Albaniya rəsmisi ölkəmizdə səfərdə olsa da Azərbaycan Respublikası Prezidentinin 15 noyabr tarixli Albaniya səfəri bu ölkəyə ilk rəsmi səfərdir. Bu baxımdan da əlamətdar olan səfərdə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər barədə vacib müzakirələr aparıldı, bir çox açıqlamalar səsləndirildi və perspektivlə bağlı layihələrdən bəhs edildi.

İki ölkə rəhbərinin birgə mətbuat konfransında Albaniya dövlətinin başçısı Bayram Beqay çıxış edərək bildirdi ki, Azərbaycan Prezidentinin bu səfəri əlaqələrimizin tarixində ilk mühüm dövlət səfəridir və belə yüksək səviyyəli səfər münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürüdür. Bu həm də qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Prezident B.Beqay onu da vurğuladı ki, bu gün aparılan müzakirələr xüsusilə vacibdir, çünki gələcək üçün yeni istiqamətlər müəyyən edilir və iki ölkə üçün maraqlı olan sahələr təyin edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuat konfransında geniş nitqlə çıxış etdi. Dövlət başçımız dəvətə və göstərilən qonaqpərvərliyə görə həmkarına təşəkkür etdi. Bununla yanaşı, Qarabağ məsələsi ilə bağlı məlumat verən Azərbaycan Prezidenti mövzu ilə bağlı BMT TŞ-nin 4 qətnaməsinin 27 il kağız üzərində qaldığını və Azərbaycanın özünün təkbaşına beynəlxalq hüququ bərpa etdiyini bildirdi. Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstəyindən də danışan cənab İlham Əliyev bunun yüksək qiymətləndirildiyini vurğuladı.

Azərbaycan Prezidentinin çıxışı zamanı vurğulanan mövzulardan biri də TAP və TANAP layihələrinin genişləndirilməsi məsələsi oldu. Bu layihələrin cəmi iki ilə yaxındır ki, istismarda olmasına baxmayaraq artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsinin müzakirə olunduğunu qeyd edən dövlət başçımız bunun layihələrə böyük ehtiyac və tələbat olmasının göstəricisi olduğunu bildirdi. Bir nüansı da qeyd etmək zəruridir ki, Albaniya cəmiyyətində və siyasi fikrində TAP-a böyük dəyər verilir. Buna səbəb, TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanmaqla yanaşı, layihənin icrasının Albaniyada məşğulluğun artmasına da böyük töhfə verməsidir. Çıxışının sonunda Prezident İlham Əliyev həmkarını ölkəmizə səfərə dəvət etdi.


Əli Kərimov
Pirallahı rayon Ağsaqqallar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə