İlham ətirli ZƏFƏR - (Mənsur poema)

Möhtəşəm Zəfərin ildönümü münasibətilə

PROLOQ – “Füzuli-Lənkəran nə fərqi var?”

Əks-hücum əmri verildi. Müdrikimiz etdi bunu - Ali Baş Komandan. Bütün AZƏRBAYCAN ayağa qalxdı. “Vətən!!!” deyib gəncliyimiz sipər etdi sinəsini.“Sinən qalan yerdə kürəyini gülləyə vermə, oğlum!”,-dedi ağsaqqallarımız, ağbirçəklərimizş İgidlərimiz bölgə fərqi qoymadan döyüş meydanına atıldılar İlham ətirli Zəfəri dadmaq üçün! Minlərlə gənc “Hüququndan keçən əsgər” oldu. “Hərə bir qəhrəman oldu”.

Boz çöllərdə daldalanmağa yer olmadan əsgərim “İrəli!”əmrinə irəli getdi... Axı, “Ən igid əsgər – bizim əsgər!”dir.
Sual etdim qazi Vüsal Rəhimliyə:
- Üç dəfə əməliyyat olunmuşdun. İki körpə övladın, gözəl xanımın, əsgəri xidmətini də ödəmisən. Könüllü olmaya da bilərdin...
- Bəs, kim getməli idi ki? Yenə də gedib qarış-qarış öpərəm Füzuli torpağını.
- Füzuli sənə niyə bu qədər əzizdir?
- Füzuli-Lənkəran nə fərqi var?- deyə cavab verdi.
Budur Azərbaycan əsgərinin amalı, idrakı!

Ər igidlər meydanında
Yağış suyu təşnə ciyərinə məlhəm, sinəsi paramparça olmuş torpaq yumşaq döşək oldu əsgərimə. Çəkməsinin suyunu boşaltmadan, tər-qanın içində yenidən irəliləyə addımlayır əsgərim.

Əsgər qaçır ölümünə,
Qarşısından alov yağır...
Əsgər gedir zəfərinə
Üstdən dəmir yağış yağır...

Dövlətinin ona verdiyi təminatını yağılar atəşə tutublar. Düşmən məkrini əkib, nifrət göyərdib. Qida yüklülər vətən oğullarına yetmədi, ac qaldı əsgərim. Dönmür inamından, dönmür inadından. Boz səhrəda daldalanmağa yer də yoxdur. Əsgərim gedir irəliyə. Başınadüşmənin məkri yağır. Top məsafədən pultla idarə olunur. Əsgərim onu susdurmağa çalışır. Qanlı yağının qurduğu iblis susmur. Əsgərim əsgər qardaşları ilə “şok” atəş açır... O andaca susur texnika. Ona yetən əsgərlərimiz uzaq məsafədə dərənin dibində əlində notbuk olan düşmən əsgəri ilə qarşılaşırlar. Məhz o düşmən neçə əsgərimizi qanına qəltan eləmişdi. İndi özü oldu qanına qəltan. Bir ərazi azad oldu. Yol açıldı!

Ayaqqabısının suyunu boşaltmağa vaxtı yoxdur əsgərimin. İlahidən güc, enerji gəlir ona. Yoluna davam edir. Onun hər addım irəliyə addımında Vətən torpağı azadlıq tapır, murdar tapdağından xilas olur...

“Hər aan səninləyəm, anam gəlini!”

Gəlinimiz pəncərədən boylanıb igid əsgəri olan günlərini xəyalında yenidən yaşayır: Kənd çayı... Yaxınlıqda gənc əsgər gözləyir... Qız qaçaraq gəlir. Əlində baş örpəyi var... Arada barmağındakı nişan üzüyünə qəlb fərəhi ilə baxır... Çatır. Əsgər yaylığı qızın əlindən alıb başına örtür... Sonra onlar əl-ələ çay sahili boyunca addımlayırlar... O qədər uzaqlaşırlar ki, görünməz olurlar.
Gəlinin daxili dünyasını bir həsrət pıçıltısı bürüyür:

Yağış pəncərəni döyür, a gəlin,
Səsləyir kimsəsiz görüş yerlərin.
Gəlinlik duvağın solur, a gəlin,
Oyanır mürgülü xatirələrin...

...Bir igid gözləyir ağac altında,
Kəndin o başında, çayın yanında.
Qəhrəman adında, eşqin qanında
Gözləyir səbirsiz səni, a gəlin.

Qoşulub sən ona kənd cığırıyla,
Bir sevgi görüşü vüsal adıyla,
Oğrun baxışların sığallarıyla
Səssizcə dolanır ona, a gəlin.

Gəlin güzgünün qabağında dayanır. Kəlağayını başından açır. Qara saçını ağ hörmüş gəlin elə ah çəkir ki, odu güzgüyə ləkə salır.

Gözünün ilk ovu getdi gəlməzə,
Soldu bənövşələr özü bilməzə.
Min bir don geyinib, bax, bu baməzə
Dünya oyun qurdu sənə, a gəlin.

Gəlin Vətən Müharibəsi Şəhidlərinin xiyabanına gəlir. Sevdiyinin məzarı qarşısında diz çökür...

Bir şəhid ünvanı oldu ünvanın,
Mat qaldın işinə sən bu dünyanın.
Yetim övladına sən o qəhrəmanın
Adını verdin ki, yenə o igid
Adıyla səslənsin evində, gəlin,
Bir üzü qız qaldın, bir üzü gəlin.

Gəlin məzar ziyarətindən sonra igidinin görüşdüyü çay kənarındakı ağacı ziyarət edir. Bu ağac onun sevgi pıçıltılarının şahidi olmuşdu. Ona çatıb, sığal çəkir. Bir an sevdiyinin obrazı canlanır... Köksünə baş qoyurmuş kimi başını ağaca söykəyir...

Eşq olsun, a gəlin, Yaradanına!
Namusu bol Yazıb sənin adına!
Sadiqsən şəhidin nübar andına,
Var ol, a elqızı, var ol, a gəlin!
Bir üzü qız qaldın, bir üzü gəlin.

Başının üstündə ağıllı rəhbər
Şəhidin haqqını verir o sərvər.
Ədalət taxtından aldın sərasər
Payını hörmətlə, nizamla, gəlin.

Unutma, a gəlin, Şəhidlər ölməz!
Nə qədər İlham var, Vətən yenilməz!
Xalqdan səxavəti heç əsirgəməz!
Allahına sığın, ona güvən, gəlin!
Bir üzü qız qaldın, bir üzü gəlin!

Gəlini izləyən Şəhid ruhu xanımının üstünə sevda yağışı səpələyir.

GƏLİN. Lal olub dünya, tənha qalmışam.
FARİZ. Hər an yanındayam, anam gəlini...
ƏZİZƏ. Əl at, tut əlimdən, yanına gəlim.
FARİZ. Fərman mənim deyil, ixtiyarım yox.
ƏZİZƏ. Sənsiz səninləyəm, igidim mənim!
FARİZ. Hər an səninləyəm, anam gəlini!

Həzrət Hüseyn (Ə.S.) buyurdu ki...
Qəlbi qubar, gözü yaşlı Gəlin evinə qayıdır. Ətrini aldığı igidinin köynəyini geyinib, yorulmuş canına rahatlıq istəyir. Yatağına girir. O andaca nur aləminə düşür. Üzündə niqab olan Şəhid ona yaxınlaşır.

İGİD. Salam, gəlin.
GƏLİN. Salam, igid.
İGİD. Səndən bir xahişim var.
GƏLİN. Buyur, igid!
İGİD. Anama de cümə günləri qəbrim üstə gəlməsin.
GƏLİN. Ananı yeganə təsəllidən məhrum etmə.
İGİD. Başqa günlərdə gəlsin. Axı, məni mötəbər məclisdən geri qaytarırlar.
GƏLİN. Hansı mötəbər məclisdən?
İGİD. Hər cümə günü Şəhidlərin bayraqdarı Həsrət Hüseyn öz iqamətgahında şəhidlərlə görüşür. Hər dəfə ora çatanda məni qapıdan geri qaytarırlar.
GƏLİN. Niyə, Şəhidim?
İGİD. Deyirlər, Həzrət Hüseyn buyurdu ki, geri qayıtsın. Anası onu məzarının başında gözləyir. Axı, mən də o mübarək məclisdə iştirak etmək, Şəhid Həzrət Hüseynin mübarək üzünə baxmaq istəyirəm!..
GƏLİN. Çatdıraram, igid. Bu gündən cümə günləri anan məzarını ziyarətə gəlməz.

“Sən məni şəhid et, şəhid et, Allah!”

Günəş doğur... Dağ yamacı görünür...Pəncərə önündə dayanmış Gəlin xatirə bələyinə bürünür. Nazir hərbi geyimdədir.

NAZİR. Aytacım! Əgər şəhid olaramsa, qəm yemə. Fəxr elə ki, sevdiyin səni qoruyub. Əgərim vətəninə “Canım sənə fəda!”-deyib.
AYTAC. Aprel döyüşlərində həlak olan zabit dostların qürurun oldu, qəlb göynərtin oldu. Qisas həyat qayən oldu.
NAZİR. Torpaqlarımızı işğaldan azad etmək üçün.
AYTAC. Çox şadam ki, sənin kimi igid nişanlım var.
NAZİR. Çox şadam ki, sənin kimi vətənsevər nişanlım var.
AYTAC. Nazir, deyirdin ki, bir şeir yazmışan, onu mənə söylə.
NAZİR. Vətənim dar gündə, torpaq yağıda,
Gedirəm düşmənin üstünə, Allah.
Anamın gözləri yolda olsa da,
Sən məni şəhid et, şəhid et, Allah!

Anam ağlayacaq əli qoynunda,
Sevgilim qalacaq gözü yollarda,
Qoy olsun Vətənə bu canım fəda!
Sən məni şəhid et, şəhid et, Allah!
AYTAC. Niyə şəhid olmaq istəyirsən?
NAZİR. Çünki şəhidləri bütün Azərbaycan tanıyır, sevir.
AYTAC. Hər bir əsgəri bütün Azərbaycan sevir.
NAZİR. Bundan sonra sənin kimi nişanlı qızların kamları gözlərində qalmayacaq.
AYTAC. Qayıtsan səninəm, şəhid olsan torpağın.

Nazirimiz Şəhid oldu. Məqamı mübarək! Məkanı mübarək!

Fəxr elə ki, Şəhidin var!
Həyatla xəyal arasında
Tacirlə Günay qənirsiz səma maviliyinin içində...
GÜNAY. Səni görmək istəyirəm, əsgərim. Körpələrimizlə həsrət gözlərimiz yollarına boylanır.
TACİR. Şəhid qanımla suvarıb pak elədiyim torpaqdan alarsan ətrimi.
GÜNAY. Məgər şəhid olmusan? Axı, ayaq səslərini eşidirəm?!
TACİR. Bir də əllərim əllərinə toxunmayacaq.
GÜNAY. Bir də şirin pıçıltılarından qəlbim riqqətə gəlməyəcək?
TACİR. Xatirələr olacaq təsəllin.
GÜNAY. Dodaqlarımda dodaqlarının köz yeri həmdəmim olacaq. Yarpaqların titrəyişində gəlin həsrətimin kədəri yaşayacaq.
TACİR. İki oğlumun üzündə üzümün cizgilərini, səsində səsimi, davranışında davranışımı görüb, ovun, anam gəlini. Ətrimi tezliklə İlham ətirli zəfərdən alacaqsan. Bu olsun təsəllin: vətən uğrunda canını fəda etmiş şəhidin var.
Tacir səma əngiklərinə uçur. İldırım çaxır. Yer üzündən əllərini göy tavanına açmış Günay qəlbinin fəryadını ətrafa səpir. hara baxsan, onun səsi oradan əks-səda ilə eşidilir.
Ətrini heç kəsdən ala bilmirəm,
Ətrinin bənzəri yoxdur kimsədə.
Əl atıb mən sənə yetə bilmirəm,
Qəmimin bənzəri yoxdur kimsədə.

İlham ətirli zəfərdən alıb təsəlli,
Mənim gələcəyim indidən bəlli.
Müşgülün tapılsa da əbədi həlli,
Təsəlli tapmıram heç bir kimsədə!

Sən mənim əbədi qəm-nisgilimsən!
Sən mənim əbədi qəlb fərəhimsən!
“Aqibətim xeyirli oldu”

Komandir yaralı əsgər Ruslana yaxınlaşır. Yerə çəküb onun başını dizi üstünə alır. Ətrafda isə “güllə yağışı” yağır.
KOMANDİR. Yaralısan? Narahat olma, səni gizli hissəyə çatdıraram. (Ruslan gülümsəyir). Bu təbəssümün səbəbi nədir, əsgərim?
RUSLAN. Pişvazıma müqəddəs gəlib. “Xoş gəldin, oğlum!”-deyir. - Aqibətin xeyirli oldu.” Anama deyərsən ki, Allah onun dualarını qəbul elədi.
KOMANDİR. Hansı dualarını, Vətən oğlu?
RUSLAN. Uşaqlıq çağımdan anam başımı sığallayırdı. Deyirdi ki, aqibətin xeyirli olsun. De anama, aqibətim xeyirli oldu.
KOMANDİR. Mübarəkdir!
Ruslan Şəhid olur... Ana ağısını (sözsüz) səslə variasiya edilir. Bu səs səmada əks-səda verir.
Kərbəla torpağı
Vurğunla Qız elə məkanda qərarlaşıblar ki, arxa planda Bakı səhəri gözəl tablo kimi görünür.
QIZ. Vurğun, ziyarətin mübarək!
VURĞUN. Sağ ol, gözəlim!
QIZ. Kərbəlada nə arzuladın?
VURĞUN. Şəhid olmağı?
QIZ. Niyə?
VURĞUN. Hər hansı bir adam kimi ölmək istəmirəm. (Cib yaylığında bağlama verir). Bunu sənə namus əmanəti edirəm.
QIZ. Bu, nədir?
VURĞUN. Kərbəla torpağı. Bu torpağı mənim qəbrimə səpərsən.
QIZ. Nişanlımın əmanətinə xəyanət etmərəm.
Vurğun əllərini geniş açır, səmaya pərvazlanır.
QIZ. Kamımız gözümüzdə qalsa da, ilk sevdanın odu bir an da olsa bizi tərk etməyəcək. Şəhid sevgililərimizdən ötrü həmişə burnumuzun ucu göynəyəcək. Onlar bizim əbədi nisgilimiz, əbədi fəxrimiz olacaqlar.
“Şəhid, ad günün mübarək!”
Gənc gəlin Şəhid məzarının başında. Əlində tort var.
Üstündə yazılıb: “Şəhid, ad günün mübarək!”

GƏNC GƏLİN. Bu tortu qırx gündür ki, saxlayıram. Üstünə yazmışdım: “Əsgər, ad günün mübarək!” Skaypla sənə göstərdim. Əsgərim, dedin ki, onu dəyişib, yazım: “Şəhidim, ad günün mübarək!” Ad günündə Şəhidlik zirvəsinə ucaldın. Səndən mənə əriyib gedəcək bu tort qaldı. Amma qəlbimdəki sevdanı nə əridə bilər ki? Səni hər an yanımda hiss edirəm. Nəfəsini hiss edirəm. Biz şəhidlərə əlvida deyə bilərikmi? Axı, biz sizin müqəddəs qanınız bahasına əmin-amanlıqdayıq!

Analar igid oğullarını zifaf otağına qəlb fərəhi ilə yola salmadılar. Nişanlı qızların kamı gözlərində qaldı. Bələkdəki körpələr ata məhəbbəti nədir, bilməyəcəklər. Qız övladlarının saçına ata əlinin sığalı dəyməyəcək. İgidlərin gen sinələrində gəlinlər rahatlıq tapmayacaqlar. Onlar qara saçlarını ağ hörüb intizar gözlərini Şəhid yollarına dikəcəklər. Uca Dərgahda qərar tutmuş Şəhidlər əbədi səadət içində yaşayacaqlar. Elinə-obasına, doğma Azərbaycana qürur verən vətən Şəhidləri ilə bütün Azərbaycan fəxr edəcək! Kamsız arzularına yas saxlayan nişanlı qızlar, gəlinlər də həsrət göynərtisi ilə onlarla fəxr edəcəklər!

EPİLOQ - BAŞ UCALIĞI
Milli Bayraq Zəfər qüruru ilə dalğalanır... Əsgər səslərini eşidirəm:

-Rənginin əvəzi qanım olsun.
-Parçasının əvəzi dərim olsun.
-Parıltısının əvəzi canım olsun!
-Ay-ulduzuna varlığım fəda olsun!
-Yazısını vicdanımdan tərtəmiz saxlayacağam.
-Ağacını milli imanımla bərk tutacağam.
-Ulu Öndər Heydər Əliyevin ruhu duyulan bu bayrağı məndən sonra sağ qalana təhvil vermədən ölmək mənə haram olsun!
-Keşiyini bir ibadət kimi tutacağam!
Əsgərim! Babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağının müqəddəs keşik növbəsi sənindir. O, Azərbaycan xalqından sənə əmanətdir. Dəmir biləyinlə onu bərk saxla. Müqəddəs bayrağı qorumaq keşik xidmətlərinin ən şərəflisi, ən alisi, ən müqəddəsidir. Keşiyin mübarək!
Azərbaycan - bu böyük əsgər ailəsini bütün dünyaya öz kübar mədəniyyəti və ağlı ilə tanıdan müdrik Prezidenti və Birinci Xanımı ilə, bütün şərəfli keşikçiləri ilə daim qorunacaqdır! Şəhidlərimizin ruhları Azad Azərbaycanın başı üstündə fərəhlə dolaşacaq, xalqımız sülh-əmin-amanlıq, dinc quruculuq şəraitində yaşayacaqdır! Bu, İlham ətirli zəfərdir. Bu zəfərin ətri əbədi solmayacaq!

Rafiq RƏHİMLİ,
Yazıçı-dramaturq, Azərbaycan Respublikasının Əməkdar
Mədəniyyət İşçisi, “Qızıl kitab” mükafatı laureatı,

QEYD. Bayraq haqqında bütün fikir və ifadələr Zəminə Xnalının “Hərbi məktəblərin banisi” (“Adiloğlu”, Bakı-2006) kitabından götürülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə