Qətərlə Nepal arasında əməkdaşlığa dair 8 müqavilə imzalanıb

Nepal və Qətər arasında mədəniyyət, turizm, media, təhsil, idman, elm və tədqiqat sahələrində əməkdaşlığa dair 8 müqavilə imzalanıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “The Kathmandu Post” qəzetinin yaydığı məlumata görə, Nepalın baş naziri Puşpa Kamal Dahal ölkəsinə səfər edən Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb.
Görüşdən sonra iki ölkə arasında mədəniyyət, turizm, media, təhsil, idman, elm və tədqiqat sahələrində əməkdaşlığa dair 8 müqavilə imzalanıb. Müqavilələrdən 6-sı hökumətlər, 2-si isə özəl sektor arasında bağlanıb.
Qətər Ticarət Palatası ilə Nepal Ticarət və Sənaye Palatası arasında Birgə Biznes Şurasının yaradılması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Qətərdə işləyən Nepal vətəndaşlarının vəziyyətini yaxşılaşdıracaq yeni əmək müqaviləsi imzalanmayıb. Katmandu rəhbərliyi Qətərdə işləyən Nepal vətəndaşlarının problemlərini həll etmək və sığorta şərtlərini yaxşılaşdırmaq üçün Doha administrasiyası ilə müqavilə imzalamağı planlaşdırırdı.
Qətər 400 mindən çox nepallının çalışdığı bir ölkə olaraq, Nepal üçün Yaxın Şərqdəki ən əhəmiyyətli əmək bazarlarından biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə