Avropaya səs salan Lənkərandakı Dostluq parkında növbəti ağacəkmə aksiyası - FOTOLAR

2024–cü il “Yaşıl dünya naminə həmrəylik ili”dir

Çexiya və Azərbaycan xalqları arasında dostluq münasibətləri ölkəmiz öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra daha da möhkəmlənib. Eyni zamanda səfirliklər vasitəsilə geniş diplomatik əlaqələr yaranıb. Azərbaycan Çexiya üçün dünyada bənzəri olmayan əsrarəngiz təbiətə malik bir coğrafi məkandır. Elə buna görə də Çexiyanın dünya şöhrəti qazanmış ekoloq-alimləri dəfələrlə ölkəmizdə olmuş, flora və fauna cəhətdən zəngin təbiətimizi özlərinə elmi-tədqiqat obyekti seçmişlər.
44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çexiyalı dostlarımız böyük qələbənin sevincini bizimlə bölüşmüş, Qarabağda bitən və təbiətimizin simvolu olan Xarı bülbülü iki xalqın dostluq rəmzi kimi öz ölkələrinə aparmışlar.

Çexiyalı alimlər "Qırmızı kitab”a düşən və yalnız qədim Hirkan meşələrində bitən Dəmirağacının sorağına dəfələrlə Cənub bölgəsinə gəlmiş, Lənkəranda, Astarada, Masallıda, Yardımlıda və Lerikdə təbiətin ecazkar gözəllikləri ilə tanış olmuşlar. Bu bölgənin təbii sərvətləri, dəmirağaclarının məskəni sayılan Hirkan meşələri, Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, Xəzər dənizinin təbii sərvətləri, xüsusilə canlı aləmi barədə təfərrüatı ilə qonaqlara məlumat verilmiş və onlar özləri də deyilənləri əyani şəkildə görmüş, elmi-tədqiqatlarını zənginləşdirmişlər. Öz təəssüratlarını yerli ekoloqlarla bölüşən dünya şöhrətli Çexiyalı alim, akademik Yan Buxar demişdir: "Sizin ölkənizdə dövlət səviyyəsində ekologiyaya böyük önəm verilir. Görünür, dövlətiniz insanlara qayğıkeşliyini tamamladığına görə təbiət sizdən zənginliyini də əsirgəmir”...

Ölkələrimiz arasında mövcud dostluq münasibətləri Bakı Dövlət Universiteti ilə Praqanın Karlovo Universitetinin müəllim-tələbə heyətlərinin təcrübə mübadilələrində də davam edir. Təbii ki, bütün bunlar xalqlarımızı getdikcə daha da bir-birinə yaxınlaşdırır, mövcud diplomatik əlaqələri möhkəmləndirir. Bu gün Dəmirağaclarından salınan Dostluq parkı da məhz bunun bariz nümunəsidir. Dostluğun rəmzi kimi salınan bu park yeni deyil. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində ilk dəfə Xalqlar dostluğu parkı salınıb...

Keçən il (2023) xalqlarımız arasında müstəqilliyimizdən başlanan diplomatik münasibətlərin 30 illiyi tamam olub. Bu münasibətlə Lənkəran Regional Meşə Təsərrüfat Mərkəzinin Haftoni Meşəbəyliyində ağacəkmə aksiyası keçirilib. Tədbirdə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedilaçek, Respublika Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Nazirliyin yerli qurumlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri və Çexiya səfirliyinin əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları Azərbaycan və Çexiya dostluq parkı üçün ayrılmış meşə sahəsində xüsusi qablarda yüksək aqrotexniki qaydada yetişdirilmiş 180 ədəd dəmirağacı əkmişlər.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Çexiyalı dostlara müraciətlə dedi: -Çexiyalı dostlarımızın iştirakı ilə salınan yeni dəmirağacı parkı xalqlarımızın daha bir dostluq rəmzi kimi yadımızda qalacaq. Sevinirik ki, bütün sahələrdə ölkələrimiz arasında əlaqələr getdikcə genişlənir. Ekoloji əlaqələrimiz də məhz bu dostluq münasibətlərinə söykənir. Çexiyalı ekoloq- alimlərimiz dünyanın heç yerində analoqu olmayan zəngin təbiətǝ, nadir ağac və bitki örtüyünə, heyvanat aləminə malik ölkəmizdə məhz öz elmi-tədqiqat işlərini aparırlar... Təbii sərvətlərinizlə daha yaxından tanış olmaq üçün onlara hər cür şərait yaradılıb. Diqqətə çatdırmaq istəyirəm ki, xalqlarımız arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş bu günkü tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edir (2023). Ulu öndər bütün varlığı ilə təbiətə bağlı idi. Bugünkü uğurlarımız da məhz onun təbiət sevgisindən irəli gəlir.

Haftoni meşəbəyliyində başlanan tədbir Hirkan Milli Parkında davam etdirilib. Burada Çexiya Respublikasının yeni turist marşurutunun nişanlamasının təməli qoyulub.

Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek öz çıxışında dedi: - Biz keçən ilin sentyabr ayında Hirkan Milli Parkında olmuşuq. Ölkəmizin mərkəzi televiziyası "Dünyanın təbiət mənzərəsi" layihəsi çərçivəsində Dəmirağac haqqında film çəkmək üçün bura gəlmişdi. Televiziya əməkdaşları bu nadir ağacla əlaqədar çoxlu məlumat topladılar. Bütün ağaclardan fərqli olaraq dəmirağacının möcüzələri həm televiziya əməkdaşlarında, həm də xarici ekoloqlarda heyrət doğurdu.

Sonra qonaqlar Xanbulançay dəryaçasına balıq buraxdılar... Bu ekoloji tədbirdə Lənkəran Dövlət Universitetinin müəllim və tələbələri də iştirak etdilər.

Məlum olduğu kimi Azərbaycanda COP 29 və “ Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər davam edir. Hər yerdə geniş miqyaslı yaşıllaşdırma işləri görülür, Ağacəkmə aksiyalarında minlərlə ağac əkilir, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq edilir.

COP 29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərdə və ağacəkmə aksiyalarında əhalinin iştirakı getdikcə kütləvi hal alır.

19 aprel 2024 – cü il tarixində Azərbaycan – Çexiya dostluq parkında da bu coşğu hiss olunurdu. Xəbər verdiyimiz kimi bu park iki xalqın dostluq rəmzi kimi Lənkəran rayonunun Haftoni qəsəbəsindəki Haftoni meşəbəyliyinin 15 saylı dolayında salınıb. 1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Lənkəran ŞİH – nin təşkilati dəstəyi və Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının birgə iştirakı ilə Dostluq parkında baş tutan növbəti ağacəkmə aksiyasında 1 Saylı Meşə Təsərrüfat Mərkəzinin kollektivi, Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.

Ağacəkmə aksiyasına həsr olunmuş tədbiri 1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov açaraq qonaqları salamladı, COP 29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu növbəti tədbirə qatıldıqlarına görə onlara minnətdarlığını bildirdi.

Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek öz çıxışında qeyd etdi ki, Bakıda keçiriləcək COP 29 beynəlxalq tədbir Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzunu göstərir. Bu gün biz COP 29 sammiti və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində xalqlarımızın dostluq və qardaşlıq simvoluna çevrilmiş Dəmirağacı parkında keçirilən növbəti tədbirdə iştirak edirik. Təbii ki, bu parkın gözəl gələcəyi var. Qarşıdakı beynəlxalq tədbirdə Çex ekoloq – alimləri də iştirak edəcəklər. Artıq Azərbaycan bizim üçün doğma coğrafi məkana çevrilib. Əlaqələrimiz və əməkdaşlığımız ildən ilə möhkəmlənir. Aksiyaya gəldikdə isə deməliyəm ki, tədbir yüksək səviyyədə təşkil edilmişdi və bütün iştirakçılarda xoş təəssürat yaratdı. Xüsusilə Lənkəranlıların bu tədbirə böyük ruh yüksəkliyi ilə qatılması və Dostluq parkında coşqun həvəslə işləməsi məni heyrətləndirdi.

Açığını deyim ki, mən heç yerdə belə mütəşəkkillik görməmişdim. Bu tədbirdə hər şeydən öncə Azərbaycan vətəndaşının öz təbiətinə doğma övladlıq münasibətini gördüm. Təbii ki, bu da regionda aparılan məqsədyönlü ekoloji maarifləndirmənin məntiqi nəticəsidir. Yuxarıda qeyd etdiyim kimi ağacəkmə askiyasının yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılmışdı. Məhz buna görə də, Ekologiya və Təbii Sərvətlər Naziri Cənab Muxtar Babayevə və Lənkəran ŞİH – nin başçısı Cənab Taleh Qaraşova təşəkkürümüzü bildirməyi özümüzə borc bilirik.

Aksiya zamanı 100 ədəd dəmirağac cinsli tinqlər əkildi. Yəqin ki, bu dostluq parkı ölkəmizə gələn turistlərin, rəsmi qonaqların, o cümlədən Çexiyalı dostlarımızın ziyarət yerlərindən birinə çevriləcək. Onların çox sevdikləri dəmirağaclar da təbii ki, boy artımı verəcək və parkın dəyərli təbii sərvəti kimi gələnlərin heyrətinə səbəb olacaq. Eyni zamanda Çexiyalı dostlarımızın xahişi ilə onlara dibçəklərdə əkilmiş dəmirağac tinqləri hədiyyə edildi. Qonaqlarımız ondan əvvəl isə Şuşada bitən Xarıbülbülü dostluq rəmzi kimi öz ölkələrində yetişdirmək üçün Çexiyaya aparmışdılar. Yəqin ki, bu da Çexiya torpağında Azərbaycanın şərəfinə yeni dostluq parkının salınmasından xəbər verir.

Aksiyanın fəal iştirakçılarına Çexiya səfirliyinin mükafatları təqdim olundu. 1 saylı ETSİ – nin əməkdaşı yazıçı – ekoloq Bəxtiyar Hüseynov COP 29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən elmi və maarifləndirici tədbirlərdə fəal iştirakına və xalqlarımız arasında getdikcə genişlənən dostluq münasibətlərinin təbliğinə görə səfirliyin fəxri diplomuna layiq görüldü. Səfirliyinin əməkdaşı Ofeliya Rzayevaya isə 1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi tərəfindən fəxri fərman təqdim olunudu.

Sonra Azərbaycan – Çexiya Dostluq Parkının ərazisinə gəzinti təşkil olundu və iştirakçılara əvvəlki aksiyada əkilən ağaclar barədə məlumat verildi. Axırda qonaqlar Hirkan Milli Parkının ərazisi ilə tanış oldular və ecazkar Cənub təbiəti həmişəki kimi onlarda xoş təəssürat yaratdı.

Sonda qonaqlara Azərbaycan mətbəxinin ləziz yeməkləri təklif olundu. Təbiətdə olduğu kimi süfrədə də bolluq, zənginlik özünü göstərirdi. Tanınmış çay ustası, nüfuzlu sahibkar Araz Yaqubovun qonaqlara Azərbaycan çayının şöhrəti, keçmişi və bu günü haqqında verdiyi məlumatlar qonaqların daha çox marağına səbəb oldu.

Çexiya ilə Azərbaycan xalqları arasında mövcud diplomatik əlaqələr və əməkdaşlıq göstərir ki, iki xalqlar arasındakı dostluğun ömrü Lənkərandakı yeni Dostluq parkında əkilmiş dəmirağacları kimi uzunömürlü, möhkəm, əyilməz və dözümlü olacaqdır...

Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı–ekoloq

Bütün xəbərlər Facebook səhifəmizdə