Ağsaqqalını qiymətləndirməyən və ona qulaq asmayan xalq heç vaxt uğur qazana bilməz - (Portret cizgiləri)

Sovet Şükürov- 85

Ağıllı adamla dost olsan əgər,
Elmi, mərifəti sənə də keçər.
Nizami Gəncəvi

Sovet Şükürov: “Xalqımız, ordumuz, Ali Baş Komandanımızın rəhbərliyilə onların, gavurların Şuşada getdikləri yallını öz başlarına vurdular”

Həyatda elə insanlar var ki, onlarla saatlarla söhbət eləyəndə, onların maraqlı söhbətlərinə qulaq asanda insanın yaşamağa həvəsi çox artır və həyatın necə gözəl olduğunu başa düşür. Həmin insanlara müdriklər, əsl ağsaqqallar deyirlər. Mən bu yazımda həmin müdrik insanlardan biri, əsl ağsaqqalla sizi daha yaxından tanış etmək istəyirəm əziz oxucular. Bu insan Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Sumqayıt Şurasının sədri Sovet Qardaşxan oğlu Şükürovdur.

İlk öncə onu vurğulayım ki, Sovet müəllim həddindən artıq savadlı, bilikli, yüksək natiqlik qabiliyyətinə və təşkilatçılığa malik olan insandır. Onunla bir dəfə söhbət eləyən insan heç vaxt Sovet müəllimi yaddan çıxarmır. Dahi Konfutsi deyib ki, “Müdriklik və böyüklük adamın daxilindən başlayır”. Bax, bu sözləri bütövlükdə Sovet müəllimə şamil etmək olar.

- Salam Sovet müəllim. Biz sizinlə bu yazını yanvar ayının 1-də sizin 85 illik yubileyiniz günü yazmağı planlaşdırmışdıq. Amma həmin vaxtı Prezident seçkiləri ərəfəsi idi və sizin də bununla bağlı işləriniz çox olduğundan saxladıq sonraya. Prezident seçkiləri də çox uğurla keçdi və cənab İlham Əliyev xalqın istəyilə yenidən prezident seçildi. Siz də, mən də buna çox sevindik. Axır ki, macal tapıb, indi sizinlə müsahibə aparıram. İlk öncə özünüz haqqında oxuculara qısa məlumat verin.
- Əvvəla sizə çox təşəkkür eləyirəm ki, qiymətli vaxtınızı ayırıb, bizim təşkilata gəlib, təşkilatımız haqqında söhbət aparırsınız. Və bizim az da olsa gördüyümüz işlərlə maraqlanırsınız. Mən altmış ilə yaxındır ki, Sumqayıtda yaşayıram. Bu şəhərin və Abşeron rayonunun müxtəlif sahələrində işləmişəm. İşimin mahiyyəti də insanlara xidmət olub. Özü də insanlara xidmət eləyən sahələr ağır sahələrdir. Ona görə də insanlarla işləyəndə gərək çox diqqətcil, səmimi olasan. İnsanların gözünün içinə düz baxasan. Çünki orada əməlinlə işin gərək düz gələ. Mən də çalışmışam ki, işlədiyim bu müddət ərzində səmimi olum və onların xidmətində durum. Onların içərisində də müxtəlif kateqoriyalı insanlar olur. Ona görə də çalışmışam ki, onların mənə müraciətini heç vaxt boş buraxmayım. Keçdiyim əmək yolunu vərəqləyəndə özümdə bir yüngüllük hiss edirəm ki, şükürlər olsun mənim əmək yolumda belə büdrəmələr olmayıb. Bu gün də insanların üzünə düz baxıram. Bu gün də işlədiyim bu sahədə insanlarla səmimiyəm. İnsanların qardaşı, dostu, yoldaşı, ağsaqqalıyam. Hələ ki, işlərimizi günün tələbinə uyğun qura bilirik.
Çinlilər deyirlər ki, “Həyatın məqsədi özünü ifadə etmək, təsdiq etmək və yaşamaqdır. Və öz-özünə heç nə baş vermir. Hərəkətdə və fəliyyətdə olmaq lazımdır”.

- Siz uzun illər rəhbər vəzifələrdə işləmisiniz. Rəhbər işləməyin çətinlikləri hansılardır və bu gün rəhbər işləyən cavanlara hansı məsləhətləri vermək istəyirsiniz?
- Əvvəla deyim ki, rəhbər vəzifədə işləmək asan bir məsələ deyil. Çünki rəhbər vəzifədə işləyən insanları minlərlə insanların arasından seçirlər. Onların tərcümeyi-halını öyrənirlər. Çox vaxt onun cəmiyyətdə tutduğu mövqeyə baxırlar və sonra onu rəhbər vəzifəyə təyin eləyirlər. Rəhbər vəzifədə işlədiyim illərdə çox çətinliklərim olub. Çalışmızşam ki, mənə müraciət edən məndən narazı getməsin. Axı həmin adam məni ümid yeri bilib mənə müraciət eləyib, mən də onun ümidini doğrultmalıyam. Ona görə də bütün gücümü, bacarığımı sərf eləyib, doğrultmuşam. Biz artıq yaşlaşmışıq. İndi bizim yerimizdə cavanlardır. Onlara tövsiyyəm budur ki, insanlarla səmimi rəftar eləsinlər. Onlarla yaxşı təmasda olsunlar. Onların arzu və təkliflərini saf-çürük eləyib, onun yerinə yetirilməsi üçün öz vəzifə borcundan istifadə eləsinlər. Əgər həmin adamların problemini o rəhbərin həll etməsi daxilində deyilsə, yuxarı təşkilatlar qarşısında məsələ qaldırıb, onları reallaşdırsınlar. Rəhbərdən narazı olmaq, ailə başçısından narazı olmaq kimidir. Rəhbər Vətəninə, xalqına xidmət eləyəndə daha çox sevilir. Nəinki özünə və ətrafında olan yaxınlarına.

- Siz təpədən-dırmağa qədər vətənpərvər insansınız. Hələ Sovetlərin vaxtından sizdə Vətən, yurd sevgisi çox olub. Bu, sizin övladlarınıza da sirayət eləyib. Böyük oğlunuz Pərviz Şükürov birinci Qarabağ müharibəsi vaxtı, torpaqlarımızı erməni gavurlarından xilas eləyəndə şəhid olub. Siz şəhid atasısınız. Biz də, hər bir azərbaycanlı şəhidlərimizlə, qazilərimizlə və onların valideynləri ilə fəxr eləyirik və cənnətməkan Qarabağımızın qaytarılmasına görə onlara çox borcluyuq. Siz bu haqda nə deyə bilərsiniz?
- Vətənpərvərlik gərək gendən, kökdən gəlsin. Mənim doğulub boya başa-çatdığım Laçın rayonunda, dədə-babadan ibadət yerimiz olan Cicimli kəndində biz həmişə istər Sovetlər dövründə, istərsə də müstəqillik dövründə dövlətimizə, xalqımıza sədaqətli olmuşuq. Çünki bizim dövlətimizdən, xalqımızdan başqa heç bir kömək yerimiz olmayıb. Mənim də üç övladım bu tərbiyədə, bu ruhda böyüyüblər. Nəvələrimi də bu ruhda böyütmüşük. Dediyiniz kimi böyük oğlum Pərviz ali hərbi məktəbi bitirmişdi. O, ali məktəbdə yaxşı oxuduğuna görə onu qardaş Türkiyə respublikasına kursa göndərmişdilər. Qayıdandan sonra ona Müdafiə Nazirliyinin əmrilə leytenat rütbəsi verilib, N saylı hərbi hissəyə rota komandiri göndərdilər. Sözsüz ki, birinci Qarabağ müharibəsi çox çətin müharibə idi. Ona görə ki, əsgərlərimizin əlində yaxşı, müasir silahlarımız yox idi. Ordu kifayət qədər püxtələşməmişdi, formalaşmamışdı. Həmin vaxtı da mütəxəssilərə böyük ehtiyac vardı. Mənim oğlum da Ağdam-Füzuli bölgəsində xidmət edirdi. Son nəfəsinə qədər, 1993-cü ilin oktyabr ayına qədər düşmənlə qeyri-bərabər döyüşlərdə vuruşdu və həlak oldu. Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə ona ölümündən sonra Azərbaycan bayrağı ordeni verildi. O biri oğlu Samir Şükürov da uzun illər Sumqayıt Polis sitemində işləyib. O da kapitan rütbəsində təqaüdə çıxıb. Qızım Pərvanə xanım Sumqayıt Kommunal Müəssisəsi sahəsində çalışır. Mən də övladlarımı xalqıma xidmət sahəsində ruhlandırmışam və onlar da həmişə xalımıza təmənnasız xidmət ediblər. Sözsüz ki, onlardan olan uşaqlar da bizim yolumuzu davam etdirirlər. Arzu edirəm ki, bütün övladlarımız, nəvələrimiz narkotik vasitələrdən, pis əməllərdən, spirtli içkilərdən uzaq olsunlar. Oğurluq deyilən yaramaz məsələyə həmişə nifrət eləsinlər. Savadlı olsunlar ki, dünya cavanları arasında öz savadları, bacarıqları ilə seçilsinlər.

- Siz həyatınızın uzun illərini Sumqayıta və Abşerona həsr eləyən bir insansınız. Həmişə də Sumqayıtda yaşayıbsınız. Elə bil bu şəhərlə nəfəs alırsınız. Sumqayıtın keçmişi və bu günü haqqında nə deyə bilərsiniz?
- Altımış ilə yaxındır ki, Sumqayıtda yaşayıram və burada çoxlu birinci katiblər, İcra Hakimiyyəti başçıları, İcraiyyə Komitələrinin sədrlərini görmüşəm. Onlardan yaxşı işləyənləri də olub və öz işini yaxşı bilməyənlər də olub. Allah dünyalarını dəyişənlərə rəhmət eləsin və sağ qalanlara uzun ömür arzu edirəm. Mən Abşeron rayonunda işləyən vaxtı beş birinci katib və altı İcraiyyə Komitəsinin sədri dəyişmişdi. Heç vaxtı biz Xırdalanda bir küçəni təmir eləyib, başa çatdıra bilmirdik. Amma doqquz, on il bundan qabaq Abşeronda gedən quruculuq işləri məni qıcıqlandırırdı. Və məndə paxıllıq yaranırdı ki, Abşeron kimi bir yer günü-gündən abadlaşır, gözəlləşir və müasir bir yer olur, kəndləri abadlaşır, amma Sumqayıt yerində sayır. Özü də Sumqayıt şəhərinin rəhbərləri hər gün Bakıdan Sumqayıta işə gələndə və işdən Bakıya qayıdanda Abşerondan keçməklə bütün bunları görür və bundan heç bir nəticə çıxarmırdılar. Onlar Sumqayıtda həmin vaxtı yalnız kosmetik işlər görürdülər. Həmin vaxtı Sumqayıtda böyük bir sönülük davam eləyirdi. Allah prezidentimiz cənab İlham Əliyevə ömür versin. Bax, həmin vaxtı cənab Zakir Fərəcovu Abşeron rayonundan Sumqayıta gətirməklə, bütün sumqayıtlıların arzusunu reallaşdırdı. Beləliklə, Sumqayıt öz sahibini tapdı.

- Elə mən sizə bu haqda sual vermək istəyirdim. 2015-ci ildən cənab Zakir Fərəcov bu şəhərə rəhbərlik etdiyi bu müddət sizin gözləriniz qarşısında olub. Və bu işlərin inkişafında sizin də xidmətləriniz çox olub. Cəmi səkkiz ildə Sumqayıtda intibah yaratmaq bu, möcüzədi. Bu haqda siz nə deyə bilərsiniz?
- Yarım milyonluq sumqayıtlıların gözünün qarşısında Sumqayıtın inkişafı elə bir səviyyədədir ki, bunu sözlə izah eləmək mükün deyil. Bütün bu səkkil ildə Sumqayıtda nələr yaranmadı... Hansı tikililər ərsəyə gəldi... Bunları sadalamaq böyük bir kitabın mövzusudur. Elə təkcə on bir aya ərsəyə gələn Sumqayıt bulvarı, cənəb Prezidentimizin dediyi kimi böyük bir möcüzədir. Cənab Zakir Fərəcov Sumqayıta bağlı insan olduğuna görə cənab prezidentimiz İlham Əliyevin verdiyi tapşırıqları on qat artıq yerinə yetirir. Sumqayıtda yaşayan bütün insanları Zakir Fərəcov özünün ən əziz insanı, qohumu, doğması bilir və onlara lazım olan bütün şəraitləri yaradır. Hələ Sumqayıtda görüləsi işlər çoxdur. Allah ona imkan versin ki, bütün işləri görüb, başa çatdırsın.

-Siz Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Sumqayıt Şurasının sədri kim çox cavabdehli bir sahəyə rəhbərlik edirsiniz. Ümumiyyətlə, bu təşkilat respublikamız üçün çox böyük işlər görür və mən, bu təşkilatı ən vacib təşkilatlardan biri hesab edirəm. Çünki ömrünü müharibə, əmək və silahlı qüvvələrə sərf eləyən insanlar çox kövrək və diqqət tələb eləyən insanlar olurlar. Xahiş edirəm burada görülən işlər barəsində çoxminli oxucularımıza məlumat verin.
- Mən 2017-ci ildən bu təşkilata rəhbərlik edirəm. İctimai təşkilatlar içərisində bizim təşkilat respublikamızda baş idərədir. Həmişə cənab prezidentimiz İlham Əliyev bu təşkilata böyük qiymət verir. Çünki bu təşkilatda 1941-45-ci il müharibə veteranları, əlilləri var. Bu təşkilat özündə əmək veteranlarını, Qarabağ müharibəsi iştirakçılarını, qazilərini birləşdirib. Bu təşkilatda Sumqayıtı qurub-yaradan insanlar da çoxdur. Mən bu təşkilata rəhbərliyə gələnə qədər burada bir sönülkük vardı. Qanun-qayda zəif formada idi. O vaxtı bu təşkilatın Sumqayıtda kağız üzərində iyirmi min üzvü vardı. Mən onları saf-çürük elədim və məlum oldu ki, hətta dünyalarını dəyişən çoxlu adamlar da siyahıdadır. Və çoxlu insanlar buradan köçüb gedib, amma adları hələdə də siyahıdadır. Çoxlu yeni insanları bura qəbul elədik. Elə qısa vaxtda doxsan nəfər birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarını bu təşkilata üzv qəbul eləmişik. Yeddi yüz nəfərdən çox əmək veteranı qəbul eləmişik. Onların da hamısı sağlam ruhlu insanlardır. Hamısı da könülülü suraətdə bu təşkilata gəlib üzv olublar. Onların doğum günlərini feyzbuk səhiflərində işıqlandırırıq. Könüllərini xoş eləyirik. Dünyalarını dəyişənlərin ailəsinə baş çəkirik. Bu təşkilatın məramı Sumqayıtda görülən işlərin təbliğatı və cavanlarla iş aparmaqdır. Onların keçdiyi əmək yolunu, Vətənə xidmətlərini cavanlara aşılayırıq. Məramnanəmiz insanlarla sıx təmasda işləməkdir. Mən həmişə bizim veteranlara deyirəm ki, çalışın heç vaxt bekar qalmayın. Və hər gün axşam özünüzə iki sual verin: “ Bu gün mən nə etmişəm? Sabah planlarım nədən ibarət olacaq? Bax, həmin vaxtı sizin həyatınız yaxşılığa doğru çox dəyişəcək”.

-Siz Sumqayıt Şəhər Dostlar Klubu idarə heyyətinin üzvlərindən birisiniz. Bu təşkilat da artıq təkcə Sumqayıtda yox, respublikada tanınır və qlobal işlər görür. Bu haqda nə deyə bilərsiniz?
- Sumqayıt Dostlar Klubunun bütün üzvləri, başda sədr, yazıçı-publisist, ictimai xadim, hörmətli Hümbət Həsənoğlu olmaqla bizim təşkilatın yüksək şəxsiyyətli üzvləridir. Bu təşkilat respublikada yeganə bir klubdur ki, onun tərkibində həm qələm əhilləri, həm şairlər, yazıçılar, jurnalistlər, həm alimlər, Əməkdar mühəndislər, Əməkdar jurnalistlər, Əməkdar həkimlər, Əməkdar incəsənət xadimi, rejissor, çoxlu iş adamları, departament rəhbərləri, uzun illər rəhbər vəzifədə işləyənlər var. Həmin təşkilatın on səkkiz nəfər idarə heyyətinin üzvü var. O cümlədən də biri mənəm. Mən o təşkliata gedəndə ən yaşlısı mən oldum. Həmin klubun üzvləri bizim bu, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının məramnaməsi ilə tanış olandan sonra yekdilliklə bu təşkilata üzv oldular. Arzu edirəm ki, bizim Sumqayıt Dostlar Klubunun sədası ölkəmizin hər yerinə yayılsın. Arzu edirəm ki, respublikamızın hər yerində bu təşkilata uyğun klublar yaransın. Orada cənclərlə, ağsaqqallarla, veteranlarla bağlı işlər görsünlər. Necə ki, Sumqayıtdakı Dostlar Klubu bu şəhərdə belə müqəddəs işləri görür. Cavanlarda bədii ədəbiyyata, təhsilə böyük maraq yaradır. Hər il ən yaxşı bədii əsər oxuyan cavanları, yaxşı işləyən kitabxanaları mükafatlandırır. Çoxlu yazarların, ziyalıların doğum günlərini, yaradıcılığını keçirir. Hətta mənim 85 illik yubileyimi də Sumqayıt Dostlar Klubu çox böyük təntənə ilə keçirtdi. Sumqayıt şəhər İcra Hakimyyətinin başçısı cənab Zakir Fərəcov da mənim 85 illik yubileyimi Fəxri Fərmanla təbrik elədi.

- Keçən il ulu öndər Heydər Əliyevin 100 illik yubileyi oldu. Siz həmin təbliğat kompaniyasında Sumqayıt şəhərindən ən yaxşı iştirak edən dörd nəfərdən biri kimi “Heydər Əliyev-100” medalına layiq görüldünüz. Beş yüz min əhalisi olan Sumqayıt şəhərindən dörd nəfərdən biri olmaq əlbəttə, böyük fəxarətdir. Bu mükafat elə sizin 85 illik yubileyinizə də böyük mükafat oldu. Bu medal sizə təqdim olunanda hansı hissləri keçirdiniz?
- Əvvəla Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili oldu. Sumqayıtın İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov başda olmaqla Sumqayıtdakı bütün təşkilatlar bununla bağlı tədbirlər keçirtdilər. Bizim təşkilat da yeddi dəfə ayrı-ayrı yerlərdən böyük tədbirlər keçirtdik. Həmin tədbirdə Ulu Öndərlə işləmiş, onu yaxından görmüş, onunla söhbət etmiş insanlar çıxış eləyib, öz təəssüratlarını danışdılar. Bütün bunlar da video lentlərə çəkildi və mətbuatda işıqlandırıldı. Dahi rəhbərin Sumqayıtla bağlı keçirtdiyi bütün təbdirləri kitabxanalarda oxucularla, məktəblərdə müəllimlərlə, şagirdrdlərlə, tələbələrlə keçirdiyimiz tədbirlərdə ətraflı danışdıq. Hələ uzun illər biz, ümummilli lider Heydər Əliyev dühasından çox bəhrələnəcəyik. Sumqayıtın inkişafında, bugünkü uğurlara gəlib çatmasında dahi rəhbərin xidmətləri böyük olub. Bu gün cənab prezidentimiz İlham Əliyevin də Sumqayıta xüsusi qayğısı var. Bu qayğıdan biz veteranlar da bəhrələnirik. Bizim yolumuz Heydər Əliyev və İlham Əliyev yoludur.

- Cənab prezidentimiz İlham Əliyevin böyük təşkilatçlığı ilə artıq tam gücü ilə Qarabağda böyük quruculuq işləri gedir. Sizin doğulduğunuz Laçın rayonuna da çoxlu qaçqınlar, köçkünlər qayıdır. Bu haqda və ümumiyyətlə, bir ağsaqqal kimi xalqımıza hansı tövsiyələriniz, məsləhətləriniz var?
- Qarabağ torpaqlarının neçə yüz il işğal altında qalmasını haqqında mən lap qabağa getmək istəyirəm. Çar Rusiyası dövrünə. Azərbaycanın parçalanıb Şimala, Cənuba bölünməsi dövrünə. Bu, bizim üçün həmişə ağrı, yara olub. Xüsusilə də bu otuz il daha dəhşətli oldu. Ermənilər torpaqlarımızı işğal eləyib, bizə göz dağı verirdilər. Bunu hər bir azərbaycanlı özünə təhqir bilirdi. Xalqımızın, prezidentimizin, ordumuzun birliyi ilə 44 günə ermənilərin arxası yerə vuruldu. 2023-cü ilin sentyabr ayında 23 saatlıq lokal xarakterli antiterror döyüşlə ermənilər ağ bayraq qaldırmaqla tam təslim oldular və Qarabağ bütövlükdə gavurlardan azad olundu. Xalqımız, ordumuz, Ali Baş Komandanımızın rəhbərliyilə onların, gavurların Şuşada getdikləri yallını öz başlarına vurdular. Bu, bizim üçün böyük fəxdir, fəxarətdir. Biz azərbaycanlılar buna görə şəhidlərimizə, qazilərimizə əbədi borcluyuq. Bu gün orada abadlıq-quruculuq işləri getməsəydi, erməni deyəcəkdi ki, “ elə Qarabağı biz almışdıq də. Biz də iş görmürdük, siz də iş görmürsüz. Bunun nə fərqi oldu?” Amma bizim prezidentimiz o qədər uzaqgörəndi ki, bir məqsəd qoydu qarşımıza: “ Alınmış torpaqlar tezliklə bərpa olunub, orada tikinti-abadlıq işləri yüksək səviyyədə görülməlidir. Yollar, işıqlar çəkilməli, su məsələsi tam həll olunmalıdır. İnetrnet məsələsi həll olunmalı, evlər tikilməli, köhnələri təmir olunmalı və insalarımız dədə-baba yurdlarına qayıtmalıdırlar”.

Çox sevindirici haldır ki, artıq insanlarımız dədə-baba yurdlarına qayıdırlar. Laçının alınması və bu gün orada əhalinin yaşaması, 26 dekabrda Laçın günün keçirilməsi bu, bir tarixi işdir. Əgər cənab prezidentimiz indən belə heç bir iş görməsə də, özü üçün istirahət eləsə də onun gördüyü bütün bu işlər prezidentimizin baş tacıdır. Mən fərx eləyiyəm ki, Qarabağın bütün rayonlarında olduğu kimi mənim doğulduğum Laçın rayonunda da bütün qurucluq-abadlıq işləri yüksək səviyyədə gedir. İnsanlar həmin yerlərə köçüb, yenidən o dağlara, yaşıllıqlara böyük həvəslə baxırlar.

Bundan böyük xoşbəxtlik yoxdur həyatda. Arzu edirəm ki, ökləmiz daha da güclü, varlı olsun. İnsanlarımız firavan yaşasınlar. Xalqımız bir olsun. Qıraqdan bizə baxan yaman gözlər kor olsun. Bizə diş qıcıyanların dişləri sınsın. Mən qətiyyətlə inanıram ki, Qarabağ tezliklə bütövlükdə bərpa olunacaq və insanlarımız orada xoşbəxt yaşayacaqlar. İnsanın öz doğulduğu, boya-başa çatdığı elində yaşaması, elə böyük xoşbəxtlikdir, fəxarətdir.

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

01-04 -aprel - 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə