Yunanıstanda dövlət qulluqçuları hökumətin əmək siyasətinə etiraz edir
Yunanıstan dövlət sektorunda fəaliyyət göstərən əmək birlikləri hökumətin iş vaxtının uzadılmasını nəzərdə tutan qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirir. ADEDY adlı dövlət sektorunun ali həmkarlar ittifaqı bu aksiyanı parlamentdə qanun layihəsinin müzakirə ediləcəyi günlə üst-üstə salaraq elan edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, etiraz çərçivəsində metro və tramvaylar məhdud saatlarda fəaliyyət göstərəcək, avtobus və trolleybuslar isə müəyyən interval daxilində işləyəcək. Həmkarlar ittifaqı hökumətin “elastik iş qrafiki” adı altında 8 saatlıq iş gününü faktiki olaraq ləğv etdiyini bildirir və bunun işçilərin sosial müdafiəsini zəiflədəcəyini vurğulayır.
Birlik nümayəndələri qanun layihəsinin geri götürülməsini, 5 günlük 7 saatlıq iş rejiminin bərpasını, eləcə də maliyyə böhranı dövründə ləğv edilmiş 13-cü və 14-cü maaşların yenidən tətbiqini tələb edirlər.
Qeyd edək ki, bu aksiya Yunanıstanda sosial siyasət və əmək münasibətləri ətrafında müzakirələri yenidən gündəmə gətirib və hökumətin iqtisadi islahatlarının ədalətliliyi barədə ictimai debatları gücləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə